Dünya

ABŞ zərbə pilotsuz təyyarəsi Şoyqunun təyyarəsini “tutmağa” cəhd edib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu günlərdə Serbiyaya səfər edərkən Kosovo səmasında onun təyyarəsini ABŞ-a aid zərbə pilotsuz təyyarəsi “tutmaq” istəyib. Virtualaz.org xəbər verir ki, bu haqda “İzvestiya” yazır.

Rusiyanın hərbi-diplomatik mənbələrindən bildirildiyinə görə, Şoyqunun təyyarəsi Avropa səmasında olarkən naməlum pilotsuz təyyarə ona yaxınlaşıb. İnsident zamanı nazirin təyyarəsi Kosovonun hava məkanında olub. Pilotsuz təyyarə Şoyqunun təyyarəsinə aviasiya ölçülərinə görə yaxınlaşıb, bu zaman iki təyyarə arasında məsafə 150 km. təşkil edib.

Serbiya Hərbi Hava Qüvvələri pilotsuz təyyarəni uzaqlaşdırmaq üçün havaya bir neçə MiQ-29 qırıcısını qaldırıb. Bildirilir ki, pilotsuz təyyarə Şoyqunun təyyarəsinin marşrutunu kəsən marşrutla hərəkət edirdi və bununla da Rusiya müdafiə nazirinin təyyarəsinə təhlükə yaradırdı. Qırıcıların havaya qaldırılmasından sonra pilotsuz aparat Serbiya ilə Kosovonun inzibati sərhədi boyu uçub, amma sərhədi keçməyib. Təxmin edilir ki, söhbət ABŞ-ın MQ-9 Reaper pilotsuz zərbə təyyarəsindən gedir.

Hərbi ekspert Viktor Muraxovskinin bildirdiyinə görə, belə pilotsuz təyyarələr əvvəllər Baltik dənizi və Ukrayna səmasında qeydə alınıb. Avropada RQ-9 təyyarələrinin əsas hissəsi ABŞ-a məxsusdur.

Ekspertlər qeyd edirlər ki, həmin pilotsuz təyyarə 400 kilometr radiusda radiotexniki kəşfiyyat apara, o cümlədən təyyarələrin rabitə sistemlərinin parametrlərini və idarəetməsini “ələ keçirə” bilir. Məlumdur ki, Rusiya müdafiə nazirinin təyyarəsinin göyərtəsindən həm adi, həm strateji nüvə qüvvələrini idarə etmək mümkündür. Bu baxımdan ABŞ dronunun ələ keçirə biləcəyi informasiyalar kəşfiyyat tərəfindən yüksək qiymətləndirilərdi.

Bundan əvvəl Rusiya KİV-ləri Serbiya qırıcılarının Şoyqunun təyyarəsini müşaiyət etdiyini xəbər vermişdi, ancaq bildirilir ki, söhbət fəxri eskortdan gedir. Şoyqu fevralın 17-də Belqrada səfər edib və Rusiya ilə Serbiya arasında hərbi əməkdaşlıq barədə danışıqlar aparıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close