Gündəm

Koronavirusa yoluxan dustaqlarla bağlı son açıqlama

2 aydan artıqdır ki, koronavirus pandemiyası ilə əlaqədar vətəndaşların penitensiar müəssisələrə daxil olması, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılıb. 

Qeyd edək ki, bu görülmüş tədbirlərə baxmayaraq 3 gün öncə  13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar və əməkdaşlar arasında COVID-19 müayinələri aparılıb. Test nəticələri 33 məhkumda müsbət çıxdığından, onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib. 

Pentensiar Xidmətin  ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov açıqlamasında deyib ki, 13 saylı CÇM-də testləri pozitiv çıxan 33 nəfər məhkum İxtisaslaşdırılmış Müalicə Müəssisəsində ayrıca korpusa yerləşdirilib. Hazırda onların müalicəsi standartlara uyğun davam etdirilir. 

“Bunula yanaşı digər müəssisələrdə də əvvəlki qayda da COVID-19-la bağlı tədbirlər davam etdirilir. Hətta məhkumlar yeməkxanalarda da ara məsafəsi saxlamaqla növbəyə durub hazır yeməkləri qəbul edirlər. Məhkumların bu virusa yoluxmaması dövlətimizin daim diqqətində olduğu kimi Penitensiar Xidmətin rəhbərliyinin də diqqətindədir”. 

Koronavirusa yoluxan məhkumlar arasında vərəmli xəstələrin olub-olmamasına gəldikdə M. Sadıqov deyib: “Ümumiyyətlə, vərəmli xəstələr üçün ayrıca müalicə müəssisəmiz var, vərəmli xəstə aşkarlanarsa dərhal cəzaçəkmə müəssisəsindən ora köçürülür. Bu 33 nəfərin arasında əvvəldən vərəmli xəstələrin olub-olmamasını isə dəqiq bilmirəm, bunula bağlı dəqiq məlumatı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən məlumat ala bilərsiz”. 

Qeyd edək ki, 13 saylı CÇM-də məhkumlar arasında koronaviruslu xəstələrin aşkar olunması məhz həmin müəssisədə cəza çəkən Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın bəyanatından sonra açıqlandı. Həmin bəyanatı olduğu kimi təqdim edirik: “Bu yaxınlarda bu müəssisədə test keçirilib, iyirmi məhbusda testin nəticələri “pozitiv” olub və sonradan səkkiz məhbusda da testin nəticələri “pozitiv”  olub. Həmin məhbuslar Cəzaçəkmə müəssisəsindən çıxarılıblar.  

Lakin bu böyük təhlükəni aradan qaldırmayıb, çünki 13 saylı cəzaçəkmə müəssisəsinin şəraiti çox ağırdır, təkcə bunu demək lazımdır ki, 50 kv.m otaqda 60 məhbus saxlanılır.  Burada vərəm, spid, hepatit və s kimi xroniki xəstələr çoxdur.

Ona görə də müəssisədə yaranmış təhlükəli vəziyyət digər məhbus ailələri kimi məni də bacı kimi çox həyəcanlandırır və əzab verir”, deyə o bildirib.

Mehman Sadıqov isə məhkumlar arasında daim profilaktik tədbirləin aparıldığını, koronavirusla bağlı testlərin keçirildiyini deyib. Bu tədbirin isə C.Hacıyevin bacısının bəyanatına heç bir aidiyyatı olmadığını qeyd etdi: ”Cahangir Hacıyevin bacısı dəfələrlə müxtəlif açıqlamalarla çıxış edib. Onun həmin açıqlamaları ilə bağlı hər dəfə tədbir görülüb ki? Dünənə kimi yox idi, sonra pozitiv çıxdı açıqlama verdik ki, var”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close