Gündəm

İntiqam Əliyev hökmə tələsir: “Cəzamı verin, çıxım gedim…”

İntiqam Əliyev hökmə tələsir: “Cəzamı verin, çıxım gedim...”Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirildi.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbiri xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Hüquq Maarifçiliyi Cəmiyyətində mühasib vəzifəsində işləmiş Gülyanə Həbibova ifadə verdi.

Şahid dövlət ittihamçısının, vəkillərin və hakimin layihələrin nə cür tərtib olunması, pulların necə xərclənməsi ilə bağlı suallarını cavablandırdı.

Bundan sonra İntiqam Əliyevə söz verildi. Hüquq müdafiəçisi məhkəmə prosesinin uzadılmasından gileyləndi: “Nə qədər vəsatətlərimiz qalıb. Hamısını bir-bir təxirə salırsınız, gedirik, bir həftədən sonra gəlirik. Mənim müdafiəmi təşkil edən vəkillər Adil İsmayılov, Fariz Namazlı, Əlayif Həsənov və Anar Qasımlı qanunsuz olaraq müdafiəmdən uzaqlaşdırıldılar. Onlar yanıma gəldilər və baş verən özbaşınalıqlara görə etiraz etdilər. Müstəntiq də dedi ki, görərsiniz sabah nə olacaq. Və ertəsi gün vəkillər bu işdən uzaqlaşdırıldılar”.

Dövlət ittihamçısı vəkillər Adil İsmayılov, Fariz Namazlı, Əlayif Həsənov və Anar Qasımlının şahid qismində dindirilməsi ilə bağlı vəsatət qaldırdı.

Hüquq müdafiəçisi İ.Əliyevin vəsatətə münasibəti bu cür oldu: “Həmin şəxslərin dindirilməsində mənim əleyhimə heç nə yoxdur. Proses uzana-uzana gedir. Özümdən çox məhkəmə prosesinə gələnlərə görə narahatam. Prosesi tez yekunlaşdırın. Onsuz da hansı qərar çıxarılacağı bəllidir. Siz də öz işinizi görün, mən də gedim evimə-eşiyimə. Ev-eşik deyəndə təbii ki, dostlarımın yanına – Kürdəxanıya getməyi nəzərdə tuturam. O qədər də sadəlöhv deyiləm”.

Məhkəmə bu vəsatəti təmin etmədi.

Bundan sonra zərərçəkmiş Sadıq Bağırov imzaların İntiqam Əliyevə məxsus olub-olmamasını yoxlamaq üçün xətşünaslıq ekspertizasının təyin olunması ilə bağlı vəsatət qaldırdı. Məhkəmə hazırkı mərhələdə vəsatətin təmin olunmasını zəruri hesab etmədi.

Məhkəmə prosesi aprelin 14-ə kimi təxirə salındı.

İttihama görə, Hüquq Maarifçiliyi Cəmiyyətində mühasib işləyən Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın bank hesabına 119 min manat pul köçürülüb. Bacıların həmin vəsaiti bankdan çıxarıb İntiqam Əliyevə verdikləri iddia olunur. Qarşı tərəf isə bu iddianı rədd edir və bunu sübut edən hər hansı faktın olmadığını deyir.

İntiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close