Gündəm

Vəkil İntiqam Əliyevə ağır cəza – 7 il yarım!

Vəkil İntiqam Əliyevə ağır cəza - 7 il yarım!Hüquq müdafiəçisinə 7 il 6 ay iş verildi; İ. Əliyev: “Hər bir qaranlıq gecənin işıqlı səhəri var, zamanı gələndə…”

Aprelin 22-də Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin son məhkəmə prosesi keçirildi. Əvvəlki proseslərdə olduğu kimi, bu dəfə də çoxlu sayda insan hüquq müdafiəçisinə dəstək olmaq üçün məhkəmə binasının önünə toplaşmışdı.

Rasim Sadıqovun sədrliyi ilə keçən proses 14:00-da təqsirləndirilən şəxsin son söz deməsi ilə başladı. İ.Əliyev geniş çıxışında həbsinin səbəblərindən danışdı: “Dörd aya yaxın davam edən məhkəmə prosesi həbsimin hüquqi deyil, siyasi motivlərlə – vəkillik və ictimai fəaliyyətimlə bağlı olduğunu bir daha sübuta yetirdi. Avropa İnsan Haqları Məhkəməsinə 200-dən çox şikayət göndərmişəm, onların əksəriyyəti siyasi hüquqların pozuntusu ilə bağlıdır. Bu şikayətlərdən 40-a yaxını uğurlu sonluqla bitib. 2010-cu ilin parlament seçkilərində yol verilən pozuntularla bağlı Avropa Məhkəməsində Azərbaycana qarşı qaldırılan şikayətlərin böyük bir hissəsi mənim payıma düşür.

Hazırda həmin şikayətlərdən 30-dan çoxu kommunikasiya və ya qərarların verilməsi mərhələsindədir. Həmin işlərdə təmsil etdiyim şəxslər əsasən ölkənin aparıcı müxalifət partiyalarının liderləri, ictimai xadimlər, vətəndaş cəmiyyəti fəallarıdır. Seçkilərdə xeyrinə saxtakarlıq edilən hakim partiyanın nümayəndələrindən hazırda ölkə parlamentində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında, o cümlədən Avropa Şurası və ATƏT-in Parlament Assambleyalarında təmsil olunan xeyli şəxs var.

Bu fəaliyyətim hökumətdə çox qıcıq doğururdu və bunun mən və təşkilatımız üçün arzuolunmaz nəticələrə səbəb ola biləcəyi dəfələrlə diqqətimə çatdırılmışdı. Ədliyyə Nazirliyinin mənə və rəhbərlik etdiyim quruma qarşı qərəzli mövqeyinin həm də mənim bu quruma qarşı həm ölkədaxili məhkəmələrdə, həm də Avropa Məhkəməsində qaldırdığım çoxsaylı məhkəmə işlərinin, hazırladığım hesabatların, mediada və yerli və beynəlxalq tədbirlərdə tənqidi çıxışlarımın az rolu yoxdur. Həbsimin səbəblərindən biri də ictimai fəaliyyətimlə bağlıdır.

İndi əminliklə demək olar ki, ölkədə müstəqil vətəndaş cəmiyyəti yoxdur, o, məhv edilib, hər an həbs olunmaq təhlükəsi ilə üz-üzə qalaraq mübarizəni davam etdirən dissidentlər var. Belə situasiyada siyasi məhbus probleminin həlli də çox dumanlı görünür. Təkcə ona görə yox ki, bu problemin həllində prinsipial mövqeyi ilə seçilən fəallar ya həbsdədir, ya da həbs olunmaq təhlükəsi altında.

Qondarma işçi qrupları, daha çox hökumətin vəkilləri rolunda çıxış edən məruzəçilər uzun illərdir alver predmetinə çevrilən əfvlər bu problemi həll edə bilməz. Bu gün bir iradə əsasında boşalan siyahılar, sabah elə həmin iradə əsasında hürr istəyən övladlarımız, yaxınlarımız, dostlarımızın hesabına yenidən dolacaq; bu cür azadlığın yükü çox ağır gəlir adama. Dövlət ittihamçısı mənə 10 il həbs cəzası istədi.

”Yaxşı qurtardım\” deyə reaksiya verdim. Yetərincə ciddi idim. Bu ölkədə fərqli düşüncəyə sahib olmaq, tənqidçi medianın, jurnalistlərin, müxalif, siyasilərin və gənc fəalların, polis idarələri, həbsxanalarda işgəncələrə məruz qalanların hüquqlarını yerli məhkəmələrdə müdafiə etmək, pozuntuları beynəlxalq məhkəmələrin müzakirəsinə çıxarmaq, gül bayramına 50-60 milyon xərclənməsinə, milyardlarla vəsaitin bahalı layihələrə – musiqi və idman yarışlarına xərclənməsinə etiraz etmək, hökumətin siyasətini tənqid edən yazılar yazmaq, araşdırmalar aparmaq, hesabatlar hazırlamaq və yaymaq, siyasi məhbusların siyahısını hazırlamaq, onların azadlığa buraxılmasını tələb etmək, bu problemi ölkə daxilində və beynəlxalq tədbirlərdə qaldırmaq cinayət sayılır.

Mən bu və buna oxşar çoxsaylı digər cinayətləri törətdiyimi və bununla da dövlətin maraqlarına və nüfuzuna ağır zərbə vurduğumu, düşmənlərimizin dəyirmanına çoxlu su tökdüyümü etiraf edirəm. Bu anlamda prokurorun mənə 10 il iş istəməsi o qədər də ağır cəza deyil. Müstəntiq qızıma mənim Qarabağ problemi ilə məşğul olmamağım barədə sual verib. Qarabağ probleminin həlli ilk növbədə hər iki ölkədə demokratiyadan, insan hüquqlarının təmin olunmasından, hakimiyyətlərin azad seçki yolu ilə formalaşdırılmasından, toplumun taleyüklü məsələlərlə bağlı qərarların qəbulunda iştirakından keçir.

Biz də həm ölkə daxilində, həm də beynəlxalq tədbirlərdə bu problemləri qaldırdıq və buna görə indi həbsdəyik. Amma nə bu əməlləri törətdiyimə, nə də həbsimə görə azacıq da olsa peşmançılıq hissi keçirirəm. Həbsdə də, həbsdən çıxandan sonra da bu fəaliyyətlərimi davam etdirmək niyyətindəyəm. Həbsdə olan dostlarımla, əqidə yoldaşlarımla məhbusluq həyatını bölüşməkdən şərəf duyuram. Həbslər bizim azadlığımızı əlimizdən ala bilər, azadlıq istəyimizi yox. Azad insan hər yerdə azaddır.

Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadıqlı, indi həbsxanada olan dəyərli dostlarım, azadlıqda olanda söylədiklərini, yazdıqlarını həbsxanada da deyir və yazırlar. Leyla Yunusun təkcə həbsinin özü hakimiyyətə meydan oxumaqdır. Hər bir qaranlıq gecənin işıqlı səhəri var. Baramanın içində zülmət qaranlıq olur. Adama elə gəlir ki, o zülmətdən çıxış yolu yoxdur. Amma əslində o qaranlığın, zülmətin içində də tırtılın kəpənəyə çevrilməsi prosesi gedir. Zamanı gələndə mütləq qaranlıq işığa, durğunluq azadlığa çevriləcək, kəpənək üzə çıxacaq. Sonda azadlıqları hesabına bu ölkədə azadlıqda olan, amma həyatlarını, azadlıqlarını risk altına ataraq həm bizim azadlığa çıxmağımız, həm də övladlarımızın ədalətli cəmiyyətdə yaşamaları uğrunda mübarizə aparan hər kəsə sonsuz təşəkkürlər.

Biz nə qədər çətin şəraitdə fəaliyyət göstərdiyinizi bilirik və sizlərlə qürur duyuruq. Bizə dəstək verən hökumətlərə, beynəlxalq qurumlara, xaricdəki həmkarlarımıza, əllə sayılacaq qədər qalan media orqanları və adi insanlara minnətdarlığımızı bildiririk. Dəyərli vəkillərimə dəstəklərinə görə xüsusi minnətdarlığımı bildirirəm. Məhkəməyə də təşəkkür etməyim lazımdır. Prokuror 10 il iş istədi. Xalq arasında “Allah əvəzini versin” ifadəsi var. Nə qədər iş versəniz, bu ifadəni işlətməyəcəm. Sizə ədalətli cəmiyyətdə yaşamağı arzulayıram. İnsanları siyasi fəaliyyətinə görə tutmaq ləyaqətsizlik sayılır\”.

İ.Əliyevin çıxışından sonra məhkəmə qərar qəbul etmək üçün müşavirəyə yollandı. 17:00-da müşavirədən qayıdan məhkəmə hökmü elan etdi. Hökmdə təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamların sübuta yetirildiyi qeyd olunurdu. Hökmdə İ.Əliyevin Qarabağ müharibəsində işgəncələrə məruz qalan şəxslərin işini Avropa Məhkəməsinə göndərməməsi, torpaqlarımızın azad olunması istiqamətində işlər görməməsi kimi hissələr də var idi. Hakim bunları elan etdikcə, zalda gülüş və etiraz səsləri ucalırdı. Zaldakı səsə görə Rasim Sadıqov proses iştirakçılarını təhqir etdi: “Əgər bu millətdənsinizsə, sakit olun”. Hakimin sözləri zalda narazılıq yaratdı. İntiqam Əliyev öz etirazını bildirdi. Daha sonra hakim İntiqam Əliyevin 7 il 6 ay azadlıqdan məhrum edildiyi elan etdi. Onun 3 il müddətində dövlət orqanlarında vəzifə tutmaq səlahiyyətdən məhrum edildiyi əks olunmuşdu.

Hökmdən sonra zaldakı iştirakçılar “Azadlıq!”, “Ən böyük İntiqam Əliyev, başqa böyük yox!” kimi şüarlar səsləndirdilər.

İntiqam Əliyev keçən il avqustun 8-də həbs olunub. O, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham olunur. Dövlət ittihamçısı İntiqam Əliyevin 10 il azadlıqdan məhrum edilməsini tələb etmişdi.
Yerli və beynəlxalq hüquq müdafiəçiləri İntiqam Əliyevin həbsini siyasi sifariş hesab edir.
Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» İntiqam Əliyevi «vicdan məhbusu» elan edib.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close