Hadisə

Bələdiyyə sədri Niyaz Niftiyev yenidən həbs edildi

Aprelin 16-da keçirilən əməliyyat zamanı saxlanılan Binəqədi Bələdiyyəsinin sədri Niyaz Niftiyev dünən azadlığa buraxılsa da bu gün yenidən həbs edilib.

Musavat.com xəbər verir ki, onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onunla birlikdə həbs edilən digər şəxs barəsində də həbs qətimkan tədbiri seçilib.

N.Niftiyev ittihamları qəbul etmir. O bildirir ki, verilən saxta arayışlarda onun imzası olmayıb. Niftiyev deyir ki, aprelin əvvəlindən sədr kimi işə başlayıb, amma arayışlar martın 31-də verilib və imzalanıb. Məlumata görə arayışlarda keçmiş bələdiyyə sədrinin imzaları olub. Sadəcə 3 arayışda N.Niftiyevin imzası olub.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğun rəsmi məlumatında bildirilirdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların  qəsəbə ərazisində guya meyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar satan zaman xidməti otaqlarında saxlanılıblar.

Niyaz Niftiyev və Sahib Abışovun martın 31-dən aprelin 14-nə qədər müxtəlif şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmək üçün 431 ədəd saxta arayışın hər birini 30 manata satmaqda suçlanırlar.

Onlara qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülmüşdü.

Qeyd edək ki, N.Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close