Idman

“Transfer siyahımızda yerli oyunçular var” – QURBAN QURBANOV

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Antalyadakı təlim-məşq toplanışı çərçivəsində “Akademiya Klinçeni” ilə 2:2 hesabı ilə heç-heçə etdikləri ilk yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. “Savaş” xəbər verir ki, o, əvvəlcə matç  haqda danışıb.

– İlk oyunumuz idi. Əlbəttə ki, bu gün futbolçularımızdan çox şey tələb edə bilmərik. Allaha şükürlər olsun, hər şey tam qaydasında oldu. Futbolçular yorğun olmalarına baxmayaraq hər iki komanda çox sürətli oyun göstərdi. Meydanda yaxşı mübarizə oldu. Təbii ki, belə matçlarda nəticəyə oynamaq da çox vacibdir. 1:2 hesabı ilə məğlub olurduq. Son dəqiqələr idi. Futbolçular qol vurmaq üçün çox istəkli idilər. Sonda 2:2 hesablı bərabərlik oldu. Əlbəttə ki, bu, hazırlığımızın hələ ilk hissəsidir. İkinci hissə qalıb, sonra isə çempionat başlayır. Hələ işimiz çoxdur.

– Transfer pəncərəsi bağlananadək sizi nə vaxt görsək, bu məsələ ilə bağlı sual verəcəyik. Yeni transfer gözlənilir?

–  Bəli, 1 futbolçu var idi, amma “yox” dedilər. Açığı, demək olar ki, hər şey həll olunmuşdu. Son anda “yox” cavabı gəldi. Həm klubla, həm də futbolçunun özü ilə razılıq əldə olunmuşdu. Ümumiyyətlə, bilmirəm ki, bu, futbolçuların öz düşüncələrdidir, yoxsa ailələri  imkan vermir, ölkədən çıxıb, Azərbaycana gəlmirlər. Dedilər ki, ailəsi icazə vermədi. İlk dəfə bu ölkəyə gələcəkdilər. Ona görə ehtiyat etdilər. 2 gün əvvəl mənfi cavab gəldi. Amma digər variantlar var. Ola bilər ki, yaxın günlərdə 1 futbolçu alaq. Başqa bir cavab gəlməsə, ehtimal var.

– Həmin oyunçu hansı mövqedə oynayırdı?

– Yarımmüdafiəçi idi.

– Komandaya bir neçə gənc futbolçu gətirmisiniz. Bu gün “Qarabağ”ın ikinci  qolunu da  həmin oyunçulardan biri vurdu. Ümumiyyətlə, gənc oyunçularla bağlı fikirləriniz necədir?Onların komandaya uyğunlaşma mərhələsi ilə bağlı fikirlərinizi bilmək istəyərdik.

– Biz bu gün onlara gənc futbolçu  gözü ilə baxırıq. Amma həmin futbolçular demək olar ki, ən azı 2 ildir komanda ilə hazırlıq proseslərində, Bakıdakı məşqlərimizdə iştirak edirlər. Tam bizim nəzarətimiz altındadırlar. Uyğunlaşma cəhətdən onlar üçün bir o qədər də problem olmayacaq. Sadəcə bu komandadan tələblər çoxdur. Əvvəllər də fikirlərimdə  qeyd etmişdim ki, birdən-birə 3-4 gənc futbolçunu heyətə buraxmaq risk olar. Bəli, ola bilər ki, 2-3 il sonra biz daha çox faydasını görək. Amma hər halda onları tələsmədən, yavaş-yavaş  hazırlayırıq. Yəni, potensialları var.

– Bayaq transferlə bağlı qeyd etdiniz. Almaq istədiyiniz oyunçuların siyahısında yerli futbolçu varmı və yaxud yayda belə bir şey gözlənilirmi?

– Nəzarətimizdə olan bir neçə oyunçu var. Ola bilər ki, may ayında belə bir addım ataq. Amma dediyim kimi, bizdən asılı olmayan şeylər var. Bir neçə yerli futbolçu var, hansı ki, daim nəzarətimizdədir. Vaxtı gələndə o addımı atacağıq.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close