Idman

Elxan Məmmədovdan Rəşad Sadıqova GÖZLƏNİLMƏZ TƏKLİF!

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov sürpriz addım atıb.

Federasiyadan Sportinfo.az-a daxil olan məlumata görə, o, görüşmək məqsədilə Rəşad Sadıqova müraciət edib.

«Qarabağ»ın kapitanın onunla görüşə razılıq verdiyi bildirilir. Tərəflərin yaxın günlərdə bir araya gəlməsi planlaşdırılır.

E.Məmmədovun U-21 yığmasının keçmiş çalışdırıcısı ilə söhbət etməyə nədən cəhd/maraq göstərməsi açıqlanmır. Amma təxmin etmək olar ki, AFFA-nın rəhbəri Ağdam klubunun lideri ilə arasındakı «soyuq buzlar»ı əritməyə çalışır. Sadıqov ciddi səbəb və əsas göstərilmədən millidəki işindən uzaqlaşdırılandan sonra onların münasibəti qaydasında deyildi.

Artıq federasiyada iki vəzifə daşıyan E.Məmmədov istər İTV-dəki çıxışında, istərsə də ondan sonrakı müsahibələrində Qurban Qurbanov və digərlərinin «bostanına daş atmışdı».

Hamının yalan danışdığını, iftira atdığını bildiyi federasiyanın baş idarəçisinə Rəşad Sadıqovun cavabı gecikməmişdi. O. bir neçə açıqlama verərək, Məmmədovun yalanlarını üzünə çırpmış, belə demək mümkünsə, əməlli-başlı pərt eləmişdi.

Sadıqov son olaraq «CBC Sport»un efirində AFFA-nın U-23 millisi yaratmaq ideyasını tənqid etmiş, bu fikri ortaya atanların məntiqsiz davrandığını faktlarla sübuta yetirmişdi.

İndi isə onun adı əsas millinin baş məşqçisi postuna əsas namizədlərdən biri kimi hallanır. İctimaiyyət olsun, mətbuat olsun, ümumiyyətlə, futbola yaxından və uzaqdan bağlı dairələrin mütləq əksəriyyəti Sadıqovun vakant posta gətirilməsini dəstəkləyir.

Nikola Yurçeviçdən sonra yığmanı çalışdırmağa ən real və ən layiqli yerli məşqçi olaraq onu görürlər. Çünki Qurban Qurbanovun 1 illik aradan sonra millinin sükanı arxasına əyləşməyəcəyi bəllidir. Bunu özü də istəmir. Elə AFFA-nın da ona təklif göəndərməyə nə üzü qalıb, nə də niyyəti var.

AFFA prezidenti Rövnəq Abdullayevin yeni baş məşqçi məsələsində mövqeyi birmənalıdır. O, xüsusi tapşırıq verib. Federasiyanın başçısı seçim zamanı səhvə yol verməyin artıq bağışlanmaz olacağını bildirib.

«Nikola Yurçeviç ümidlərimizi doğrultmadı. O, bura gələndə başqa vədlər vermişdi, gedəndə isə problemləri sadaladı, özünü sığortalamağa çalışdı.

Bunları biz də bilirik, biz də görürük. Milliyə indi işküzar və bacarıqlı məşqçi lazımdır. Onları yalnız ölkə xaricində axtarmayın. Azərbaycanın özündə də yaxşı mütəxəssislər var.

Bu məşqçilərin də adlarını namizədlər siyahısına salın. Hələ vaxt var, tələsmək lazım deyil. Namzədləri hərtərəfli götür-qoy etməliyik, adlara fikir verməməliyik» – o, AFFA rəsmilərinə belə deyib..

Güman etmək olar ki, Elxan Məmmədovla Rəşad Sadıqovun görüşündə yaxın keçmişlə bağlı bəzi qaranlıq mövzulara toxunulacaq, eyni zamanda, cari məsələlər müzakirə olunacaq. İcraçı vitse-prezidentin ona millilərin birində iş təklifi edəcəyi istisna deyil.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close