Manşet

Sərkisyan “İsgəndər”lər, kompromislər və rayonların boşaldılması haqda

reklam...

Sərkisyan “İsgəndər”lər, kompromislər və rayonların boşaldılması haqda
Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyovun Ermənistan prezidenti Serj Sərkisyanla götürdüyü müsahibənin fraqmentləri yayılıb.

Virtualaz.org xəbər verir ki, Sərkisyan Kiselyovla söhbətində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün kompromislərin mümkünlüyündən, “İsgəndər” raketlərinin Ermənistanda yerləşdirilməsindən və digər mövzulardan da danışıb.

Sərkisyanın sözlərinə görə, “İsgəndər” raket komplekslərinin Ermənistanda yerləşdirilməsi regionda hərbi balansın saxlanılmasına xidmət edən amildir. “Hesab edirəm ki, bu, məcburi addım idi, hansısa formada regionda hərbi situasiyanı balanslaşdırmaq məqsədi daşıyırdı. Sirr deyil ki, Azərbaycan son bir neçə ildə müntəzəm olaraq ən yeni silahlar alıb. Bizim Azərbaycan kimi imkanımız yoxdur, mən maliyyə imkanlarını nəzərdə tuturam. Lakin biz həmişə “antizəhər” tapmağa, situasiyanı balanslaşdırmağa çalışmışıq”-Sərkisyan deyib.

Sərkisyanın sözlərin görə, Ermənistanla Rusiya arasında regionda balansı saxlamaq barədə müqavilə var. “Görünür Rusiya bundan çıxış edərək bizim xahişimizə müsbət cavab verdi və hərbi baxımdan bu möhtəşəm sistemi bizə təqdim etdi. Əlbətdə, insani baxımdan yaxşı olardı ki, belə sistem olmasın, ancaq sən məcbur olanda belə addıma gedirsən”-Ermənistan prezidenti əlavə edib.

Sərkisyanın bildirdiyinə görə, o, Azərbaycanla “istənilən səviyyədə” görüşə və təmas xəttində insidentlərin araşdırılmasına dair mexanizmi “istənilən vaxt” imzalamağa hazırdır. Lakin bir şərtlə ki, belə təmaslar Qarabağ probleminin nizamlanmasına kömək etsin.

“Biz heç vaxt hansısa görüşdən imtina etməmişik. İstər prezidentlər səviyyəsində olsun, istər xarici işlər nazirləri. Lakin həmişə bunun tərəfdarı olmuşuq ki, belə görüşlər fayda versin. Yoxsa belə görüşlərdən nə fayda?”-o bildirib.

Sərkisyanın sözlərinə görə, Qarabağ probleminin nizamlanması ancaq kompromislər və Minsk Qrupunun işləyib hazırladığı üç prinsip əsasında həll edilməlidir. “Əlbətdə, həll yolu var və biz başa düşürük ki, bu, kompromislərə əsaslanmalıdır. Bu, elə hal deyil ki, Ermənistan, Azərbaycan, yaxud Dağlıq Qarabağ qalib gəlsin”-Ermənistan prezidenti əlavə edib.

Sərkisyan İrəvanın ancaq Minsk Qrupu həmsədrlərinin bəyan etdiyi üç prinsip-ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi və güc tətbiqindən imtina əsasında danışıqlara qayıtmağa hazır olduğunu deyib. “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ancaq hesab edir ki, Dağlıq Qarabağ probleminin həllində xalqların öz müqəddəratını təyin etməsi hüququ da nəzərə alınmalıdır”-Sərkisyan belə deyib və beynəlxalq hüququn baza prinsiplərini öz bildiyi kimi interpretasiya edərək bu iki hüququn bir-birini inkar etmədiyini deyib.

Sərkisyanın sözlərinə görə, danışıqlarda dəfələrlə münaqişənin nizamlanmasının baza prinsipləri üzrə razılaşmaya yaxınlaşmaq mümkün olub. Bu plana görə erməni tərəfi hazırda “təhlükəsizlik zonası” kimi saxlanılan əraziləri tərk edir, ancaq elə birinci bənddə yazılıb ki, Dağlıq Qarabağın yekun hüquqi statusu referendumla həll edilməlidir. Sərkisyana görə bu plan ona görə baş tutmadı ki, hər dəfə Azərbaycan tərəfi yeni şərtlər irəli sürdü.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close