Manşet

YAP-ın müxalifət üzərinə “facebook yürüşü”: İqtidar rəqibini öz meydanında da udmaq istəyir

YAP-ın müxalifət üzərinə “facebook yürüşü”: İqtidar rəqibini öz meydanında da udmaq istəyir
2018-ci ilin payızında keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə hazırlıqlarla bağlı tərpənişlər hiss olunmaqdadır. Prosesə hazırlıqla bağlı hərəkətlənmə xüsusilə müxalifət düşərgəsində özünü qabarıq göstərir. Bu baxımdan protest elektoratının həll etməyə çalışdığı məsələlərin başında seçkilərdə bu düşərgənin fovorotinin kimliyini müəyyənləşdirmək dayanır.

Görünür, bu üzdən də indi müxalifət liderlərini hakimiyyət namizədilə mübarizədən daha çox müxalifət daxilindəki güclər nisbətini xeyrinə dəyişmək daha çox narahat edir. Fikrin təsdiqi kimi bu günlərdə müxalifyönlü Facebook səhifələrində AXCP sədri Əli Kərimli ilə REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədovu qarşı-qarşıya qoyan virtual seçkiləri xatırlamaq kifayətdir.

Savash.org xatırladır ki, sözügedən virtual seçki prosesi istər müxalif düşərgədə, istərsə də bütövlükdə siyasi dairələrdə böyük müzakirələrə yol açdı. Amma görünən odur ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) da siyasi mübarizənin virtual formasından bəhrələnmək niyyətinə düşüb. Belə ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2017-ci ilin yekunlarına və 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbirdə çıxış edən partiyanın icra katibi – sədr müavini, baş nazirin müavini Əli Əhmədov buna açıq işarələr vurub:

“Bu ilin oktyabr ayında prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası növbəti dəfə prezident İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcək. İlham Əliyevin cəmiyyətdə yüksək reytinqi onun qələbəsi üçün əsas yaradır. Gənclər də seçkilərin yüksək səviyyədə keçməsi üçün fədakarlıqlar etməlidir. Gənclər ictimai, sosial mesajların çatdırılmasında sosial şəbəkələrdən istifadə etməlidir. Gənclər onsuz da vaxtlarını sosial şəbəkələrdə keçirirlər. Ona görə də sosial şəbəkələrin imkanlarından səmərəli istifadə edilməlidir. Biz gənclərimizin sosial şəbəkələrdə fəallığının yüksək olmasını arzulayırıq\”.

Göründüyü kimi, hakimiyyət partiyası müxalifətin özünü rəqibindən əhəmiyyətli şəkildə güclü saydığı sosial şəbəkələrdə də onu məğlub etmək üçün səfərbər olub. Hər halda Əli Əhmədovun məlum açıqlamasını siyasi rəqibi öz meydanında (oxu: facebook-da) da darmadağın etməyə hesablanıb.

Orxan
Savash.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close