Manşet

Nərminin qatili “onu mən öldürməmişəm” dedi: “BU BİR SSENARİ İDİ…” – VİDEO

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanov məhkəmədə “işgəncə gördüyünü və işgəncələrə görə cinayəti etiraf etdiyini söyləyib”.

Savash.org-un məlumatına görə, bu sözləri onun vəkili Əlibaba Rzayev cümə axşamı günü keçirilmiş apellyasiya məhkəməsindən sonra deyib.

Baş Prokurorluq “işgəncə və işgəncə yolu ilə etirafla” bağlı iddiaları qəti təkzib edib.

10 yaşlı Nərmin Quliyeva keçən il noyabrın 21-də itkin düşüb və 45 gün sonra onun yandırılmış cəsədi tapılıb.

Bundan sonra, 47 yaşlı kənd sakini İlkin Süleymanov cinayətdə təqsirləndirilən şəxs qismində müəyyənləşdirilib, barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Baş Prokurorluq bildirb ki, İlkin Süleymanov “törətdiyi əməli tam etiraf edib”.

Məhkəmədə nə baş verib?

Əlibaba Rzayev BBC News Azərbaycancaya bildirib ki, cümə axşamı günü Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Apellyasiya Məhkəməsinin hakimləri tərəfindən müvəkkilinin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Qərara əsasən, vəsatət təmin edilməyib və onun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Əlibaba Rzayev deyir ki, İlkin Süleymanov cinayəti törətmədiyini, işgəncələrdən sonra “özündən ssenari qurduğunu və buna uyğun ifadə verdiyini” bildirib.

“Müvəkkilim deyir ki, mən cinayət törətməmişəm, belə bir ssenari qurdum, amma əslində dediklərim doğru deyil. İlkin Süleymanov özü də anlaya bilmir ki, onu hansı səbəbdən cinayətdə ittiham edirlər”.

Vəkil bildirib ki, müvəkkilinin təqsirləndirilməsində “meyiti birinci aşkar etməsi və polisə birinci çağırılmasının rol oynadığı” güman edilir, çünki onun “üzərinə aparan başqa şübhələr olmayıb”.

“İlkin Süleymanovun ailə ilə, qızın valideynləri ilə heç bir münaqişəsi və ədavəti olmayıb. Kənd adamları da bir-birini yaxşı tanıyırlar, bir-biri ilə yaxşı münasibətləri var. Belə bir əsas yoxdur ki, o ailəyə qarşı belə ağır cinayət hadisəsi törətsin”, o bildirib.

İlkin Süleymanovun qardaşı Adil Süleymanov deyir ki, İlkin Süleymanovun “qolunda, ayağında və bədəninin müxtəlif yerlərində işgəncə izləri var” və o, izləri məhkəmədə həm məhkəmə sədrinə, həm də prokurora göstərib.

“Qardaşım deyib ki, ona çox ağır işgəncələr, hətta bədəninə elektrik veriblər, bildirib ki, “işgəncələrə dözə bilmədiyim üçün cinayəti boynuma aldım. Söyləyib ki, məcburiyyətdən bilmədim nə edim, başladım suallara necə gəldi cavab verməyə, özümdən bir şeylər quraşdırmağa. Vəkilin dediyinə görə, İlkinin vəziyyəti yaxşı deyil”.

Baş Prokurorluq təqsirləndirilən İlkin Süleymanovun “istintaq zamanı işgəncə verməklə etirafedici məzmunlu ifadə verməyə məcbur edilməsi” ilə bağlı iddiaları “əsassız” hesab edir və qəti təkzib edir.

Qurumun məlumatında deyilir ki, İlkin Süleymanov şübhəli və təqsirləndirilən şəxs qismində, eləcə də istintaq zamanı dindirilərkən müdafiəçisi və hal şahidlərinin iştirakı təmin edilib.

Baş Prokurorluq İlkin Süleymanovun məhkəmə-tibbi ekspertləriza zamanı bədənində “xəsarət və ya xəsarət izinin aşkar edilmədiyini” bildirib.

Məlumatda həmçinin, İlkin Süleymanovun təcridxanada və ya sonrakı dövrdə “hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması barədə şikayət etmədiyi” bildirilib.

Adil Süleymanov qardaşı ilə “əlaqə saxlaya bilmədiklərini” deyib.

Əlibaba Rzayev İlkin Süleymanovun “telefon zəngi hüquqununa təşəbbüs göstərmədiyini, ona hüquqlarının izah olunduğunu bildirib”.

İlkin Süleymanov barəsində “qanunsuz azadlıqdan məhrum etmə” və “təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə” maddələri ilə cinayət işi başlanıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close