ManşetSiyasət

“KÖHNƏ QVARDİYA”YA CAVAB ATƏŞİ: Bir neçə dairədə nəticələr ləğv olunacaq

Fevralın 9-da baş tutan və saxtakarlıqları audio-video faktlarla təsdiq olunan növbədənkənar parlament seçkiləri nəticələrinin ləğvi gündəmin əsas müzakirə mövzularındandır.

Savash.org bildirir ki, Mərkəzi Seçki Komissiyası (MSK) ilkin nəticələri elan etsə də bu nəticələrin hüqüqi qüvvəyə minməsi anlamına gəlmir. Hazırda MSK təqdim olunmuş saxtakarlıq faktlarını araşdırdığını bəyan edib, bunun nəticəsi olaraq hansısa dairələrdə nəticələrin ləğvi mümkündür. Ümumiyyətlə isə nəticələr Konstitutsiya Məhkəməsi tərəfindən qəbul edilməyənə qədər heç bir hüquqi qüvvəyə malik deyil.

Tamamilə mümkündür ki, hakimiyyət nəticələri açıq şübhə doğuran bəzi dairələrdə yeni seçkilər təyin etməklə üzləşdiyi arzuolunmaz sitiuasiyadan çıxmağa çalışsın. ATƏT  DTİHB, AŞPA və ATƏT PA birgə müşahidə missiyası 9 fevral seçkilərinin nəticələrini şübhə altına salan məlum bəyanatı, eləcə də ABŞ Dövlət Departamentinin narazılıq dolu açıqlaması Azərbaycan hakimiyyətini indiki halda ona heç lazım olamayan beynəlxalq təzyiqlərlə üz-üzə qoyub.

Real müxalifətin qatılmadığı və hakimiyyət üçün qismən rahat hesab edilən seçkilərdə kütləvi saxtakarlıq faktları rəsmi Bakının olan-qalan arqumentlərini də əlindən alır. Buraxılmış parlament üzvlərinin böyük hissəsinin yenidən mandat qazanması isə haqlı olaraq belə bir sualı aktuallaşdırır: O zaman növbədənkənar parlament seçkilərinə hansı ehtiyac vardı?

Təbii ki, bu sualın cavabı hakimiyyət daxilindəki köhnələrlə təzələrin mübarizəsi fonunda verilə bilər. Təzələr ciddi-cəhdlə yenilənmə istəyirdi, bu istəklərində səmimi idilər. Amma görünən odur ki, bacarmadılar. “Köhnə qvardiya” nəinki qalib gəldi, əksinə lazım olmadığı hallarda belə kütləvi saxtakarlıq faktları ilə hakimiyyətin islahatçı imicini ciddi şəkildə zədələdi.

İndi növbə yeni komandanındır, onların cavabı nə olacaq? Hansısa tutarlı cavab haqqı itirilib, indi buna faktiki olaraq zaman da qalmayıb. Bununla belə hansısa formada cavab olacaq. Bu cavab isə nəticələri aşkar şübhələr doğuran bir neçə fairədə nəticələrin ləğvi ola bilər. Böyük ehtimalla buna şahid olacağıq.

Savash.org xatırladır ki, Azərbaycanda belə bir təcrübə var. Məsələn, 2015-ci il parlament seçkilərində Ağdaş seçki dairəsinin nəticələri ləğv olundu. 2016-cı ildə təkrar seçki keçirildi. Amma indi mövcud vəziyyət 2015-ci ildə yalnız bir dairədə həyata keçirilən təcrübənin bir neçə dairəyə şamil edilməsini tələb edir.

Bizə isə gözləmək qalır…

Zülfüqar SAVAŞ

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close