Manşet

DTX-nın Neftçala əməliyyatından çıxan nəticələr: “Fövqəlnazir” ətrafında həlqə daralır

DTX-nin Neftçalada keçirdiyi əməliyyat barədə müxtəlif məlumatlar yayıldı. Bəzi iddialara görə, əməliyyat nəticəsində rayonun icra başçısı İsmayıl Vəliyev artıq həbs olunub. Onun rüşvətxorluqda ittiham edildiyi vurğulanır.

O da bildirilir ki, icra başçısı seçkiləri xalq şairi Sabir Rüstəmxanlının xeyrinə saxtalaşdırması müqabilində rüşvət aldığı əsnada həbsə məruz qalb. Şairin yalanladığı bu iddia həqiqətən də inandırıcı görünmür. Ən azı ona görə ki, əməliyyat parlament seçkilərindən 11 gün sonra həyata keçirildi. Bu cür məsələrdə rüşvətlər isə adətən əvvəldən alınır.

Əməliyyatın əsas motivi bilinməsə də, bunun rüşvətxorluq və koorupsiya əməllərilə bağlı olduğu şübhəsizdir. DTX-nın əməliyyatla bağlı yaydığı rəsmi xəbər də bu ehtimalı gücləndirir. Olduqca lakonik olmasına baxmayaraq, xəbərdə “cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərindən” bəhs olunaraq deyilir:

Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir”.

Göründüyü kimi xəbərdə konkret ad çəkilməsə də, əməliyyatln İcra Hakimiyyətinin vəzifəli şəxslərini əhatə etdiyi vurğulanır. Məlumatdan az sonra prezidentin Neftçala icra başçısını işdən azad etməsi də əsl ünvanın kim olduğuna işarədir. Belə görünür ki, İsmayıl Vəliyev həyatının həqiqətən də dünyaya barmaqlıqlar arxasından baxmaq dövrünə qədəm qoyub. 

İlk baxışdan İsmayıl Vəliyev Neftçalanın icra başçısı kimi orta səviyəli məmur kimi görünsə də, onun ciddi dayaqlara malik olduğu vurğulanır. Bildirildiyinə görə, İsmayıl Vəliyev Azərbaycan Respublikasının sabiq baş prokuroru İsmət Qayıbovun bacısı oğludur. 15 ildir ki, icra başçısı işləyən bu adam həm də “fövqəlnazir” Kəmaləddin Heydərovun yaxın adamı kimi tanınır. İsmayıl Vəliyevin qısa bioqrafiyasına nəzər salanda da bu yaxınlıq aydın görünür.

Məlumatların analizindən aydın olur ki, o, ən azı 1995-ci ildən etibarən Kəmaləddin Heydərovun himayəsi altında fəaliyyət göstərib. 28 mart 1995-ci il tarixdən 24 may 1995-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Gömrük nəzarətinin təşkili idarəsinin rəis müavini, 24 may 1995-ci il tarixdən 29 may 1996-cı il tarixədək həmin idarədə rəisin birinci müavini, 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi, 21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib.

2005-ci ildən sonra isə İsmayıl Vəliyevin karyerasının icra başçısı dönəmi başlayıb. Əvvəl Qobustan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən bu adama 26 aprel 2011-ci il tarixindən etibarən Neftçalanın taleyi tapşırılıb. Prezidentin rayonlardakı ən səlahiyyətli nümayəndəsinin son 15 ildə necə işlədiyi DTX-nın keçirdiyi əməliyyat nəticəsində ortaya çıxdı.

İsmayıl Vəliyevin iş karyerasının ilk 10 ilinə nəzər salanda onun tamamilə Kəmaləddin Heydərovun himayəsində at oynatdığı məlum olur. Nədən ki, Kəmaləddin Heydərov da 1995-ci ildə Dövlət Gömrük Komitəsinə sədr təyin edilib və 2006-cı ildə bu vəzifəsindən alınaraq, fövqəlnazir postuna layiq görülüb. Statistik məlumatlar onu göstərir ki, Kəmaləddin Heydərov Baş gömrükçü təyin olunduğu gündən cəmi 2 ay sonra İsmayıl Vəliyevi özünün ən yaxın postlarından birinə gətirib. Maraqlıdır ki, İsmayıl Vəliyevin gömrük orqanlarında yüksəlişi kosmik sürətli olub. O, yenə cəmi 2 aydan sonra ilk vəzifəsi olan Gömrük nəzarətinin təşkili idarəsinin rəis müavinliyindən bir mərtəbə yuxarıya – idarənin I müavinliyinə sıçrayıb. Burada 1 il lövbər salandan sonra Sumqayıt Gömrükxanasının rəisi, daha iki il keçdikdən sonra isə 21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri vəzifəsinə yüksəlib. Gömrük orqanlarından ayrılması isə Kəmaləddin Heydərovdan cəmi 10 ay əvvəl baş verib. O, Qobustanın, Kəmaləddin Heydərov isə FHN-nə başçı vəzifəsinə göndərilib.

Gömrükdə yolları ayrılsa da, Kəmaləddin Heydərov-İsmayıl Vəliyev müttəfiqliyi bitməyib. Bildirildiyinə görə, onun oğlu Məhərrəm İsmayıl oğlu Vəliyev bu gün də FHN-nin  Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin yüksəkvəzifəli əməkdaşıdır.

Bütün bu faktlar əslində Neftçaladakı əməliyyatın təkcə İsmayıl Vəliyevlə tamamlanmayacağını, Kəmaləddin Heydərovun da ətrafındakı həlqənin daraldığını göstərir. Nəzərə alsaq ki, Kəmaləddin Heydərov “fövqəlnazir imici” və Rusiya Müdafiə naziri Şoyqunun dostu olmasıyla tanınır, DTX-nın keçirdiyi bu əməliyyatın nə dərəcədə böyük əhəmiyyət daşıdığı ortaya çıxır.

Ümumiyyətlə, mövcud hakimiyyətin 27 illik tarixi boyunca Fərhad Əliyev və Əli İnsanov hadisələrindən sonra, xüsusilə son 15 il ərzində prezidentin nomenkalturasında olan heç bir məmur cinayət işinə cəlb edilməyib, o ki qaldı həbs edilə. DTX sədri Əli Nağıyevə qədər korrupsiyaya qarşı mübarizə çərçivəsində hansısa məktəbin təsərrüfat müdiri, müəllimi və ya xadiməçisi, uzaqbaşı direktoru qandallanırdı. İndisə Əli Nağıyevin rəhbərliyi altında hətta “fövqəlnazir”lərin başının üstünü qara buludların aldığını görürük.

Əslində bu, gözlənilməz də deyildi. DTX-nın yeni sədri bu posta gətiriləndə bir çox analitiklər və keçmiş çekistlər korrupsiyaya qarşı mübarizəyə start veriləcəyini proqnozlaşdırırdılar. Çünki Əli Nağıyev uzun illər bu qurumun iqtisadi cinayətlərə qarşı mübarizə şöbəsinə rəhbərlik etmiş, daha sonra isə nazirin I müavini vəzifəsinə yüksəlmişdi. Keçmiş MTN-nin korrupsioner rəhbərliyi də məhz onu işdən uzaqlaşdırdıqdan sonra iş adamlarına divan tutmağa başlamışdılar. Əli Nağıyevin yenidən həmin quruma, həm də ən yüksək vəzifəyə gətirilməsi təhlükəsizlik xidmətinin hansı sahəyə öncəlik verəcəyinin göstəricisi idi. DTX-nın qısa müddət ərzində Ağstafa və Yevlaxda başlayıb Neftçalada davam etdirdiyi əməliyyatlar bu proqnozları doğrultdu.

Sözsüz ki, Əli Nağıyev bu əməliyyatları Azərbaycanın ali rəhbərliyinin razılığı olmadan həyata keçirə bilməzdi. Belə görünür ki, bu şəxs DTX-ya rəhbər gətirilməsindən sonra hətta ali rəhbərliyin özü tərəfindən vəzifəyə təyin olunan konitingentə nəzarət də ona həvalə edilib. Bu isə öz növbəsində Ə.Nağıyevin qısa zaman kəsiyində ölkə rəhbəri qarşısında yüksək inam və etimad qazandığından və bütün siyasi elitanın bu adama tapşırılmasından xəbər verir.

 Prezident tərəfindən rüşvətxorluğa qarşı səsləndirilən bəyanatların son zamanlar daha da intensivləşməsi, eləcə də yüksək çinli məmurların həbs edilməsinə razılığın verilməsi bir daha sübut edir ki, artıq ölkə başçısının tapşırıqlarını lazımi səviyyədə icra edə bilən bir qurum formalaşır və bu quruma, sabiq təhlükəsizlik əməkdaşlarının dediyi kimi, peşəkar şəxs rəhbərlik edir.

Heydər Oğuz

Ovqat.com

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close