Manşet

“Demişdi ki, Şuşa işğal olunsa başıma güllə vuracam” – İham Əliyev

“Kəlbəcər Azərbaycanın ən gözəl diyarlarından biridir. Kəlbəcərin füsunkar təbiəti, gözəl meşələri, dağları, çayları, tarixi abidələri Azərbaycan xalqının milli sərvətidir. Əfsuslar olsun, erməni vandalları tərəfindən Kəlbəcərdə və işğal edilmiş digər torpaqlarda yerləşən tarixi abidələrimizin mütləq əksəriyyəti, demək olar ki, hamısı dağıdılıb, yaxud da yarıdağılmış vəziyyətdədir. O cümlədən Kəlbəcər rayonunun ərazisində Azərbaycan xalqına məxsus qədim tarixi abidələr dağıdılıb”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Prezident İlham Əliyev bildirib ki, gün gələcək biz işğal edilmiş bütün torpaqlarda hazırda dağılmış vəziyyətdə olan bütün abidələri, bütün infrastrukturu bərpa edəcəyik: “Azərbaycan öz suverenliyini bərpa edəcəkdir və bunu deməyə əsas verən bir çox amillər var. O cümlədən bizim beynəlxalq mövqelərimizin möhkəm olması, ölkəmizin ərazi bütövlüyünün bütün dünya tərəfindən qəbul edilməsi və son illər ərzində bütün aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrində ölkəmizin ərazi bütövlüyünə birmənalı şəkildə dəstək ifadə edilir. O cümlədən bu yaxınlarda separatçılar tərəfindən keçirilmiş qondarma seçkilərin dünya birliyi tərəfindən tanınmaması və aparıcı beynəlxalq təşkilatların bu məsələ ilə bağlı yekdil fikri bir daha bizim mövqeyimizi gücləndirmişdir və separatçılara, onların havadarlarına, işğalçı Ermənistana vurulan növbəti zərbə olmuşdur. Bununla bərabər, əminəm ki, bizim artan iqtisadi potensialımız, hərbi gücümüz və bölgədə artan nüfuzumuz – bütün bu amillər Azərbaycan dövlətinin suverenliyinin tam bərpa olunmasına gətirib çıxaracaqdır. Hər bir Azərbaycan vətəndaşı öz işi ilə bu günü yaxınlaşdırmalıdır və bu istiqamətdə çox fəal iş aparılır”.

Dövlət başçısı əlavə edib ki, Kəlbəcərin işğal altına düşməsinin səbəbkarı xəyanətkar AXC-Müsavat hakimiyyətidir. 

“Məhz onların xəyanətkar və yarıtmaz fəaliyyəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşüb, vətəndaşlarımız həlak olub və Kəlbəcərdən olan bütün soydaşlarımız məcburi köçkün şəraitində yaşamağa məcbur olublar. Bu cinayət AXC-Müsavat hakimiyyətinin birinci cinayəti deyildi. Şuşanın və Laçının işğal altına düşməsində də AXC-Müsavat tandeminin çox böyük mənfi rolu olub. O vaxt onlar Azərbaycanda hakimiyyət davası aparırdılar. Onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Bu gün özünü radikal müxalifət adlandıran, əslində, indiki şəraitdə çox aciz durumda olan marginal qruplaşma nəyin bahasına olursa-olsun Azərbaycanda vəziyyəti pisləşdirmək istəyir. Təbii ki, onların buna nə gücü, nə də ağlı çatır. Ancaq onların niyyəti məhz budur: Azərbaycanı ləkələmək, ölkəmizin imicinə zərbə vurmaq, pandemiya dövründə apardığımız uğurlu siyasətə kölgə salmaq, xarici havadarlarının maraqlarını təmin etmək, satqın, xain təbəqə, “beşinci kolon” kimi xarici dairələrin əmrlərini yerinə yetirmək”, – deyə Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı bildirib ki, 1992-ci ildə Şuşanın və Laçının işğal olunması AXC-Müsavat cütlüyünün gənc müstəqil Azərbaycan dövlətinə qarşı etdiyi satqınlıq, xəyanət və cinayətdir: “Bir daha demək istəyirəm ki, o vaxt onların əsas məqsədi hakimiyyətə gəlmək idi. Hakimiyyət də kifayət qədər zəif idi, ona görə Şuşanın təhvil verilməsi, Laçının müdafiəsinin lazımi səviyyədə təşkil edilməməsi bilavasitə AXC-Müsavat hakimiyyətinin, o vaxt o partiyaların rəhbərliyinin və onların üzvlərinin cinayətidir. O vaxt guya ki, Şuşanın müdafiəsini təşkil edən bir ünsür, xain, satqın, başına papaq qoyan, ancaq Şuşanı qorxaq kimi tərk edib qaçan demişdi ki, əgər Şuşa işğal altına düşsə, başıma güllə vuracağam. Bu günə qədər müxtəlif dairələrdə fırlanır. Bax, onların əməli budur. Onlar Şuşanı təhvil veriblər ki, Azərbaycanda vəziyyət gərginləşsin, xalq ayağa qalxsın, hakimiyyət devrilsin və onlar hakimiyyətə gəlsinlər və belə də oldu. Bundan istifadə edərək, öz doğma torpaqlarını ermənilərə təhvil verərək AXC-Müsavat satqın cütlüyü 1992-ci ildə Şuşanın və Laçının işğalından sonra hakimiyyətə gəldi. Ancaq bir il ərzində ölkəmizi elə bərbad vəziyyətə qoydular ki, xalq ayağa qalxdı, onları süpürüb zibil yeşiyinə atdı və yeganə nicat yolunu Heydər Əliyevin simasında gördü. O vaxta qədər onlar Kəlbəcəri ermənilərə təhvil verməklə böyük cinayət törətmişdilər. Çünki Kəlbəcərin işğal altına düşməsi coğrafi baxımdan Dağlıq Qarabağla Ermənistan arasında bağlantı yaratdı və artıq bu, dəhliz deyildi, işğal altına düşmüş böyük bir ərazi idi. Bu, əlbəttə ki, ölkəmizə, gənc Azərbaycan dövlətinə vurulmuş böyük zərbə idi. Azərbaycan xalqı bunu unutmamalıdır, xalq düşmənlərini unutmamalıdır. Mən onları öz adları ilə çağırıram. Belə də olmalıdır. Çünki xalqa, dövlətə xəyanət edən xaindir. Xaricin maraqlarını burada təmin etmək istəyən, öz xalqına, öz xalqının, dövlətinin maraqlarına zərbə vurmaq istəyən düşməndir. Bunun başqa adı yoxdur. Hamı da bunu bilməlidir”.

Azərbaycan Prezidenti bildirib ki, yeni icra başçısı gənc kadr kimi, ilk növbədə, məcburi köçkünlərə böyük diqqət göstərməlidir: “Dövlət xətti ilə məcburi köçkünlərə çox böyük diqqət göstərilir. Fəaliyyətimizin bu istiqaməti 2003-cü ildə mənim Prezident kimi fəaliyyətə başladığım dövrdən əsas xətt kimi davam edir. Mən o vaxt demişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Ancaq biz buna dörd il ərzində nail ola bildik. 2007-ci ildə artıq Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmamışdı. Onu da bildirməliyəm ki, çadır şəhərciyi, o acı mənzərə də AXC-Müsavat hakimiyyətinin məhsulu idi. Ondan sonra biz köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi istiqamətində daha fəal işlər apardıq. Bu gün 300 mindən çox məcburi köçkün evlərlə, mənzillərlə təmin edilib. Təkcə keçən il 5 min köçkün ailəsi üçün mənzillər tikilibdir. Bu il isə bu rəqəm 7 minə və ola bilər 8 minə çatacaq. Ona görə dövlət öz üzərinə düşən bütün vəzifələri icra edir. Keçən il mənim Sərəncamımla məcburi köçkünlərin maddi təminatı da yaxşılaşdırılıb. Onlara verilən müavinətin həcmi 50 faiz artıb”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close