Manşet

Putin – Lukaşenko gərginliyi açıq müstəvidə – Paraddan ilginc görüntülər

Son zamanlar Rusiya və Belarus liderləri arasında münasibətlərin gərginləşdiyi beynəlxalq siyasi dairələrdə heç kimə sirr deyildi. Bunun səbəbləri çoxdur və onların arasında ən başlıcası Belarus Prezidentinin Rusiyanın onun ölkəsini az qala öz əyalətinə çevirmək istəyinə müqavimət göstərməsidir.

Belə ki, Aleksandr Lukaşenko Belarusun suverenliyini sual altına alan Rusiya ilə ittifaq müqaviləsini qəbul etmək istəmir. Bunun nəticəsi olaraq, Rusiya əvvəlcə “kiçik qardaşına” satdığı neftin qiymətini qaldırmaqla iqtisadi, daha sonra isə Belarusda Lukaşenkoya müxalif olan qüvvələri aktivləşdirməklə siyasi təzyiqəəl atdı.

Aleksandr Lukaşenko isə Belarusun və şəxsən özünün küncə sıxışdırılmasında Kremlin və Vladimir Putinin hansı niyyətlər güddüyünü hamıdan yaxşı bilir. Buna qarşılıq olaraq Belarus liderinin atdığı addımlar, sərt bəyanatları, Avropa və ABŞ ilə yaxınlaşma jestləri isə öz növbəsində rəsmi Moskvanın narazılığına səbəb olub. Nəticədə tərəflər arasında açıq-aşkar narazılıq, az qala qarşıdurma halına çata biləcək gərginlik yaranıb. Və bu gərginlik Moskvada keçirilən Böyük Vətən Müharibəsindəki qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda da özünü biruzə verib.

“AzPolitika.info” xəbər verir ki, Rusiya və Belarus mətbuatında, eləcə də sosial şəbəkələrdə sözügedən parad zamanı V.Putinlə A.Lukaşenko arasındakı soyuq münasibətləri əks etdirən kadrlar ciddi müzakirələrə səbəb olub. Belə ki, əvvəlki paradlardan fərqli olaraq, A.Lukaşenko V.Putinlə ünsiyyətdən, hətta onunla yan-yana durmaqdan belə boyun qaçırıb. Rusiya KİV-lərinin məlumatına görə, Rusiya və Belarus liderləri hərbi paradı izləyərkən, tribunada yan-yana oturmaqdan imtina ediblər.

Bu səbəbdən tədbirin təşkilatçıları parada qatılan bütün prezidentləri bir-birinbdən aralı oturtmağa məcbur olublar və bunun səbəbi isə qətiyyən koronavirus yoluxması təhlükəsi deyil. Belə ki, prezidentlər tibbi maska taxmayıblar və onların hər birinin yanında, çox yaxın məsafədə iki müharibə vtereanı oturub. Bir sözlə, Lukaşenko ilə Putin arasındakı gərginlik səbəbindən prezidentlər paradı birlikdə, eyni lojada deyil, ayrı-ayrılıqda, müharibə veteranlarının əhatəsində izləməli olublar.

Putin-Lukaşenko gərginliyi naməlum əsgərin məzarı üzərinə gül qoyularkən də özünü göstərib. Bu zaman Lukaşenko üçün Putinin yanında yer nəzərdə tutlsa da, Belarus lideri Rusiya Prezidentinin yanında durmaqdan açıq-aşkar imtina edərək, ondan aralanıb və yerini başqa ölkə başçısına verib.

Daha bir maraqlı məqam Putin qonaqlarla salamlaşarkən baş verib. Bu dəfə Rusiya lideri Lukaşenkonun özü ilə Moskvaya gətirdiyi oğlunun əlini sıxmaqdan imtina edib. Müharibə veteranları və digər qonaqlarla bir sırada duran Lukaşenkonun oğlunun “Volodya əmi”nin üzünə baxmaqdan başqa çarəsi qalmayıb…

Hərbi paradla bağlı materiallarda daha sonra qeyd olunur ki, Moskvaya gələn Qırğızıstan lideri özü ilə gətirdiyi nümayəndə heyəti üzvləri arasında koronavirus aşkarlandığı üçün tədbirə qatılmayıb və karantinə götürülüb.

Həmçinin, Türkmənistan prezidentinin öz ad gününü, Xorvatiya prezidentinin isə təyyarəsinin xarab olduğunu bəhanə gətirərək, tədbirə qatılmamasından söz açılır.

Qeyd olunur ki, Azərbaycan Prezidenti pandemiya səbəbindən parada gələ bilməyəcəyini bildirdiyi halda, Fransa və Yaponiya liderləri rəsmi dəvət almadıqları üçün Moskvaya getmədiklərini deyiblər.

SSRİ-nin İkinci Dünya Müharibəsindəki əsas müttəfiqləri olan ABŞ və Böyük Britaniya isə parada Rusiyadakı səfirləri səviyyəsində qatılmağa üstünlük veriblər.

Bir sözlə, Rusiya və xüsusilə Qərb mətbuatında bu hərbi parad Belarus və Rusiya liderləri arasındakı gərginlik də nəzərə alınmaqla, rəsmi Moskvanın son dövrlərdə keçirdiyi ən gərəksiz və uğursuz tədbir sayılır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close