Manşet

Testə qıcanan tamahkar və ac dişlər: QƏBULDA YENƏ RÜŞVƏT, YENƏ TAPŞIRIQ?

Testə qıcanan tamahkar və ac dişlər: QƏBULDA YENƏ RÜŞVƏT, YENƏ TAPŞIRIQ?Ali və orta ixtisas məktəblərinə qəbul zamanı test üsulunun ləğvi məsələsi yenidən gündəmə gəlib. Təhsil naziri Mikayıl Cabbarov sonuncu müsahibəsində bunun vacibliyini dilə gətirməklə 1 illik Elçibəy hakimiyyətinin xalq tərəfindən məmnunluqla qarşılanan bu yeniliyinə yeni hücum kampaniyasına start vermiş oldu.

Savash.org xatırladır ki, test üsulunun ləğv edilməsi dəfələrlə müzakirə mövzusuna çevrilib. Lakin 24 illik test üsulu hələ ki, Azərbaycanın alı və orta ixtisas məktəblərinə qəbul olmağın alternativsiz yolu olaraq qalmaqdadır. Qəbulla bağlı rüşvətin kökünü tamamilə kəsmiş bu üsulun ləğvi ideyasının gündəmə daşınmasında hansı maraqların güdüldüyü sirr deyil.

Düzdür, test üsulu ideal qəbul mexanizmi deyil, bununla belə hazırkı şəraitdə testin alternativi də yoxdur. İstənilən alternativ rüşvətxorluq, yuxarıdan tapşırıq kimi ənənəvi “qəbul yollarına” yaşıl işıq yandırmaqdan başqa heç nəyə xidmət etməyəcək.

Testə qıcanan tamahkar və ac dişlər…
Zatən, hazırda elə bir şərait yaradılıbn ki, tələbə ali məktəbə rüşvətsiz daxil olsa da sonrakı illərdə bunun “qisası” həmin tələbədən artıqlaması ilə alınır. Bu baxımdan təkcə bir faktı Savash.org oxucularının diqqətinə çatdırmaq istərdik. Söhbət Dövlət Statistika Komitəsinin yaydığı müvafiq hesabatdan gedir. Həmin hesabata əsasən, 2015/2016-cı tədris ilində bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 60,4 faiz olub ki, onların da 86,5 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür.

Göründüyü kimi, hər il ödənişsiz təhsil kvotası bir qədər də azaldılır. Bu isə ödənişli təhsil alan yoxsul tələbələr hesabına hər il əlavə milyonlarla manat vəsaitin toplanması deməkdir. Görünən isə odur ki, artıq hökuməti həmin milyonlar da qane etmir, qəbul imtahanlarında əldə çıxan pulların bərpası məqsədilə test üsulunun ləğvinə çalışılır.

Qəbul imtahanları zamanı test üsulunun ləğvinin mümkünlüyü isə haqlı olaraq narahatlığa səbəb olub. Təhsil naziri Mikayıl Cabbarovun testin ləğvinin mümkünlüyündən danışmasından sonra sosial şəbəkələrdə bununla bağlı çoxlu sayda statuslar dərc edilib, müzakirələr aparılır. Yazılanların əksəriyyəti testin ləğv edilməsinin yolverilməz olması barədədir.

Savash.org xatırladır ki, təhsil naziri Mikayıl Cabbarov müsahibəsində test üsulunun mənfi tərəflərindən danışıb. Onun sözlərinə görə, hazırkı imtahanın forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun əldə olunması üçün bir sıra kompetensiyaları ölçmür və yaxud ölçmək qabiliyyətinə malik deyil. Nitq, ritorika, yazı vərdişlərini, hər hansı seçim variantları ilə məhdudlaşmayan düşüncə, tənqidi düşünmək tərzini özündə əks etdirən sualların olması daha yaxşı olardı.

Mikayıl Cabbarov: “Burada qorxulu bir şey yoxdur…”
Təhsil naziri vurğulayıb ki, testin daha bir çatışmazlığı məzunun gələcəyinin, taleyinin 3 saatlıq imtahanda həll olunmasıdır: “Və o imtahan ildə bir dəfə keçirilir. İmtahan verənlərin oxu vərdişləri, yazı, fikri ifadə edə bilmək vərdişləri ilə bağlı imtahan sisteminin tətbiqi istiqamətində TQDK sədri Məleykə Abbaszadə ilə faydalı müzakirələr gedir. Növbəti 2-3 ildə test imtahanının formasında dəyişiklik gözlənilməsə də, sonrakı dövrdə həm forması, həm də məzmunu dəyişilməlidir. 3-4 il ərzində ali təhsil müəssisəsini bitirən tələbənin bilikləri testlə ölçülə bilməz. Onların biliklərinin qiymətləndirilməsi üçün yeni alətlər lazımdır və hazırda yeni qiymətləndirmə standartları ilə bağlı fəaliyyət həyata keçirilir. Burada qorxulu şey yoxdur və həmin standartlar həyata keçirilməlidir. Sadəcə, belə bir qərar bir gün, ya bir il ərzində qəbul oluna bilməz”.

“Təhsil Nazirliyi hələ buraxılış imtahanlarını qüsursun keçirsin…”
Məsələ ilə bağlı fikirlərini bildirən 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edən və 15 noyabr 1992-ci ildə test üsulu ilə ilk tələbə qəbulunun keçirilməsini təmin edən Vurğun Əyyubun sözlərinə görə, təhsil naziri birmənalı şəkildə test sisteminin ləğvi məsələsindən danışmadı, hərçənd ki, bir-biri ilə ziddiyət təşkil edən dolaşıq fikirlər səsləndirdi, test sisteminin mənfi tərəflərinə toxundu:

“Bəzi məsələlərdə haqlıdır. Lakin söhbət ondan gedir ki, nazir də bir çox təhsil mütəxəssisləri kimi hər şeyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının üzərinə yükləmək istəyir. Test sistemində abituriyentin yazı vərdişlərini, nitq inkişafını qiymətləndirmək mümkün olmur.

Amma niyə mütləq bunu tələbə qəbulunda qiymətləndirməliyik ki? O zaman orta məktəbin buraxılış imtahanları nəyə gərəkdir. Test sistemi bilik verən bir sistem deyil. O, qazanılmış biliklərin ölçmə və dəyərləndirmə vasitəsidir. Hesab edirəm ki, test sistemi ideal bir sistem deyil, amma indiki Azərbaycan mühitində yerində olan və vacib bir sistemdir. Ümumiyyətlə, tələbə qəbulunu aparan bir orqanın Təhsil Nazirliyindən asılı olması yolverilməz bir haldır. Təhsil Nazirliyi buyurub orta məktəblərin buraxılış imtahanlarını obyektiv bir şəkildə keçirsin, yazı, nitq vərdişi olmayan abituriyentləri də ali məktəbə buraxmasınlar. Orta məktəblər öz funksiyasını demək olar ki, itirib və bunu etiraf edib düzəltmək əvəzinə, məsəslənin malalamağa heç bir ehtiyac yoxdur”.

V.Əyyub testin təkmilləşdirilməsi üçün təkliflərini hələ illər öncə irəli sürdüklərini deyib: “Biz 1992-ci ildə bu sistemi tətbiq edəndə sadəcə olaraq vaxt darlığından imtahanları bir mərhələdə keçirdik. Amma o zaman da elan etmişdik və fikrimiz də bu idi ki, tələbə qəbulu iki mərhələdə keçirilsin. Birinci mərhələdə abituriyentlərin ali məktəblərdə oxuduqları bütün fənlər üzrə imtahanları keçirilsin, onların kamal atestatı alıb-almayacaqları bəlli olsun və atestat alanlar üçün ikinci imtahan keçrilsin. Yəni birinci imtahanda bəlli bir bal həddi müəyyən edilsin, o bal həddini keçən abituriyentlər ali məktəblərə sənəd verə bilsinlər. İkinci imtahanda isə onların konkret fənlər üzrə bilikləri yoxlanılsın. Çox təəssüf ki, 20 ildən artıq müddət ərzində buna keçmədilər. Test sistemindən danışan və özünü təhsil mütəxəssisi hesab edən insanların çox böyük əksəriyyəti, həmçinin təhsildən yazan jurnalistlərimiz ümumiyyətlə, o sistemin mahiyyətini bilmirlər. Sadəcə olaraq şüarçılığa və sovet dövrünün nastolji hissinə qatılan adamların fikirlərinə yer verirlər. Bu təkliflər 20 ildir deyilir, amma eşidən yoxdur”.

“Heç bir Nazirliyi özbaşına qoymaq olmaz…”
V.Əyyub hesab edir ki, təhsil nazirinin dedikləri heç nəyi həll etmir, çünki tələbə qəbulunun necə aparılması təhsil nazirinin səlahiyyətində olan məsələ deyil: “Hesab edirəm ki, TQDK qalmalı, işini davam etdirməlidir və heç bir halda Təhsil Nazirliyindən asılı bir qurum olmamaldır. Abituriyentlərin biliklərinin qiymətləndirlməsi, sualların tərtibi və düzgün qoyuluşu istiqamətində addımlar atılmalıdır.

Azərbaycanda test sualları hazırlaya biləcək mütəxəssislər çox azdır. Ona görə də suallar tapmaca xarakterli olur, abituriyentlərin müxtəlif sahədə bilik və bacarıqlarını yoxlamaq istiqamətində suallar az tərtib olunur, bu da haqlı narazılıqlara gətirib çıxarır. Tələbə qəbulunda abituriyentin biliklərinin qiymətləndirilməsi tamamilə müstəqil bir orqana tapşırılmalıdır. İndi bəzi mütəxəssislər deyirlər ki, təhsil vahid yerdən idarə olunmalıdır. Bu, sadəcə olaraq demokratik düşüncəyə zidd olan, nastolji duyğularla yaşayan adamların fikirləri, bəzi hallarda təhsildə əvvəlki rüşvətxorluq hallarının qayıtmasını arzulayanların niyyətidir. Bilmək lazımdır ki, heç bir nazirliyi özbaşına qoymaq olmaz. Sistem elə qurulmalıdır ki, bir qurum digər bir qurumun işini qiymətləndirə bilsin”.

“İmtahanı müəllimlər götürsə yenə də rüşvət, yenə də…”
Professor, siyasi məsələlər üzrə ekspert Qabil Hüseynli isə bildirib ki, qəbul imtahanlarında test üsulunun ləğvi hələ uğurlu ola bilməz:
“Çünki test imtahanlarının ləğv edilməsi neqativ halların yayılmasına daha çox şərait yarada bilər. Amma ali məktəblərdə imtahanlar zamanı test üsulunun tətbiqi özünü doğrultmur. Ona görə də ya tələbənin yazılı formada cavab verməsi kimi üsuldan istifadə edilməlidir, ya da tələbə və imtahan götürən müəllim birbaşa qarşılıqlı ünsiyyətə getməlidilər. Yəni imtahanlar əvvəlki vaxtlardakı kimi olmalıdır. Amma həmin müəllim seçilərkən bilikləri, peşəkarlıq səviyyəsi, ən başlıcası isə dürüstlüyünə görə mütləq nəzərə alınmalıdır”.

Q.Hüseynli əlavə edib ki, indiki şəraitdə qəbul imtahanlarında test üsulunun tətbiqi özünü doğruldur: “Düzdür, test üsulunda bəzi çatışmazlıqlar var. Tələbələrdə əzbərçilik yaradır, geniş dünyagörüşünün formalaşdırılmasına mane olur. Amma müəllimlər imtahanı götürsə, onda neqativ halların qarşısını almaq çox çətin olacaq. Yenə də hazır siyahı, tapşırıq və s.”.

Orxan Həsənli
Savash.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close