Önəmli

Səfər Əbiyev dərhal istefa verməlidir: Orduda xaos və özbaşınalıq pis həddə…

Səfər Əbiyev dərhal istefa verməlidir: Orduda xaos və özbaşınalıq pis həddə...\”Təəssüflər olsun ki, əsgər ölümü faktları Azərbaycan silahlı qüvvələri üçün artıq bir ənənə halını alıb\”

Orduda baş vermiş son əsgər ölümü hadisəsi bütün milləti sarsıdıb, hamını hiddətləndirib. Təəssüflər olsun ki, əsgər ölümü faktları Azərbaycan silahlı qüvvələri üçün artıq bir ənənə halını alıb. Bu, yolverilməzdir! Bildirildiyi kimi, təkcə ötən 2012-ci ildə milli ordumuzun 100-ə yaxın əsgəri belə müəmmalı şəkildə dünyasını dəyişib. Rəsmən də bildirilir ki, bunlardan yalnız 10-15 nəfəri işğalçı erməni gülləsinə tuş gəlib. Belə çıxır ki, döyüş bölgəsi əsgərlərimiz üçün daha təhlükəsizdir – axı bunu necə izah etmək olar? Ölənlən əsgər balalarımızın, qardaşlarımızın qanı ilk növbədə ordu rəhbərliyinin boynundadır.
Valideynlər min cür əziyyətlə övladlarını böyüdüb, boya-başa çatdırırlar və Vətənə xidmət üçün yollayırlar, amma onlar xəyanət qurbanına çevrilir. Valideynlər övladlarını milli ordumuza əmanət edirlər, Vətənin keşiyində dayanmaq üçün ordu sıralarına yollayırlar, amma əvəzində məsul şəxslər bu əmanətə xəyanət edib, əsgərlərlə az qala bir əşya kimi davranırlar, onların xidmətindən sui-istifadə edirlər, onlara gəlir mənbəyi kimi baxırlar, bacardıqları qədər soyurlar, hətta yedikləri yeməyə də göz dikirlər.
Müdafiə nazirliyi ölkəmizi, Vətənimizi, millətimizi müdafiə etməlidir, amma indi belə çıxır ki, millətimiz öz övladlarını ondan müdafiə etməlidir. Öz əsgərini qoruya bilməyən ordu ölkəni necə qoruya bilər?
Elə bu səbəbdəndir ki, əsgər ölümləri ilə bağlı aksiyalar sosial sifariş kimi dəyərləndirilməlidir. Millətin gözü qarşısında əsgərlərimiz iş-gəncələrə məruz qalır, xəstələnir, yaralanır, hərbiçilər tərəfindən alçaldılır, döyülür, üstəlik bu ölüm faktları. Bu artıq dözülməz bir vəziyyət yaradıb və vətəndaşların öz balalarının müdafiəsinə qalxması təbiidir. Axı valideynlər övladlarını əsgərliyə ölmək üçün yollamırlar. Bu, cəmiyyətin hansısa bir təbəqəsinin deyil, bütövlükdə millətin problemidir, cəmiyyətin dərdidir. Hər ailənin balası, oğlan övladı əsgər getməlidir və ailələr balalarının taleyinə biganə qala bilməz. Bu rəzalətə “yox” deməyin, əsgər ölümünə “dur” deməyin vaxtıdır.
Bu səbəbdəndir ki, bir çox ekspertlər baş vermiş bu hadisələrə görə ölkə rəhbərliyinin millətdən üzr istəməsini və orduya görə bilavasitə cavabdehlik daşıyan müdafiə naziri Səfər Əbiyevin istefasını labüd sayır. Xüsusilə müdafi naziri Səfər Əbiyevin istefası gündəmin əsas tələblərindəndir. Milli ordumuzu bu hala salan nazir Səfər Əbiyev dərhal istefa verməlidir. Müdafiə nazirliyinin əsas öhdəliyi Vətənimizin ərazi bütövlüyünü qorumaq, ölkəmizi xarici təcavüzkarlıqdan müdafiə etməkdir ki, əfsus, bunun öhdəsindən gələ bilmir. Və ərazilərinin 20 faizinin 20 ildir işğal altında olan bir dövlətin Müdafiə nazirliyinin rəhbərliyinin adı illərdən bəri KİV-lərdə ən çirkin işlərdə hallanıb – büdcədən orduya ayrılan vəsaitin talan edilməsi, nazirliyin balansında olan ərazilərin satılması, yaxud orada tikinti biznesinin aparılması, ordu xərclərilə bağlı əsgərlərə hərbi geyim sifarişindən tutmuş, əsgərlərin ərzaqla təmin edilməsinədək, maxinasiyalar, vəzifələrin, rütbələrin pulla satılması, əsgərlərdən rüşvət alınması və s. Bunların çoxunu da hamı görür, bilir. Axı bu əsgərlər bu millətin balalarıdır, ən azından bu ittihamların rüşvət tərəfini gerçəkləşdirən elə adi valideynlər olur. Amma bütün bunlardan da faciəvi olanı əsgərlərimizin acınacaqlı, dözülməz halıdır. Əsgərlərlə qeyri-insani davranış və əsgər ölümü faktları – bax, bu artıq açıq-aşkar hərbi strukturların fəaliyyətində ciddi nöqsanların olduğunun bariz göstəricisidir. Bütün bunların hamısına görə isə ilk növbədə bu sahəyə rəhbərlik edən nazir cavabdehlik daşıyır. Zənnimcə, ərazisi işğal altında olan bir ölkənin müdafiə nazirinin adı belə çirkin işlərdə hallanmamalıdır. Adı hallanan birisinə isə orada yer yoxdur! Milli ordumuza, silahlı qüvvələrimizə bu baxımdan təmiz, saf, eyni zamanda döyüş bacarığı olan, müharibədən keçmiş, savadlı, etibarlı, ən əsası, Vətəni uğrunda canından keçməyə hazır olan bir şəxs dayanmalıdır. Başı öz şəxsi biznesilə, öz şəxsi mənfəətilə qarışmış birisindən orduya rəhbər olmaz.
Səfər Əbiyev dərhal istefa verməlidir: Orduda xaos və özbaşınalıq pis həddə...Dünya Muradova

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close