Önəmli

“Yəni mən o günə qalmışam ki, 100 min tapıb maaş verməyim?”

“Yəni mən o günə qalmışam ki, 100 min tapıb maaş verməyim?”
Hafiz Məmmədov “Yeni Müsavat”ın yazdıqlarını təsdiqlədi; iş adamı Anar Məmmədova mesaj göndərdi

“Baghlan Group”un prezidenti, “Hafka” kimi tanının iş adamı Hafiz Məmmədov “Palmali” şirkətinin prezidenti Mübariz Mənsimovun ona borcu olması ilə bağlı bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamaya aydınlıq gətirib. Xatırladaq ki, “Yeni Müsavat” hələ bir müddət öncə bu qalmaqala aydınlıq gətirərək “Hafka”nın M.Mənsimovdan təyyarə alması üçün beh verdiyini, indi isə o pulu geri istədiyini yazmışdı. H.Məmmədov “Qafqazinfo”ya açıqlamasında bu məlumatı təsdiqləyib.

H.Məmmədov bildirib ki, onun Mübariz Mənsimovun ödəməli olduğu pulla bağlı verdiyi açıqlamaya qarşı tərəfdən adekvat reaksiya verilməyib. Onun sözlərinə görə, M. Mənsimovdan təyyarə almalı idi və bunun üçün əvvəlcədən 8 milyon ödəyib: “Daha doğrusu, mən təyyarə istəyirdim, o da satırdı. Bunun üçün 2009-cu ildə onlara 8 milyon pul ödədim. Təyyarənin qiyməti 24 milyon idi, söhbət avrodan gedir. Mən yerdə qalan 16 milyonla Mübariz Mənsimovun İsveçrə bankındakı borcunu bağlamalı idim. Bu söhbət təxminən 6 il əvvəl olub. Səkkiz milyon ödədikdən sonra bəzi problemlər baş verdi. Mən biznes adamı olaraq problemlərimin yarandığını gördüm. Sonra biz razılaşdıq ki, onlar mənim ödədiyim pulu geri qaytarsınlar. Əvəzində isə mən təyyarəni geri verdim.

Bir müddət sonra ”Palmali\”dən ödədiyim pulun tən yarısı ödəndi, yəni 8 milyondan 4 milyonu. Həmin vaxtdan indiyə kimi günü-günə satmaqla pulumun qalan hissəsini ödəməkdən imtina edirlər. Təyyarəni isə səhv etmirəmsə, 2013-cü ilin iyununda başqa bir şirkətə satıb İsveçrə bankına olan borclarını ödəyiblər. Mənim pulumun qalanını isə geri qaytarmırlar. Aramızda bununla bağlı yüzlərə məktublaşma həyata keçirilib. Orada söz veriblər ki, borclarını ödəyəcəklər. Halbuki mən bu pulu onlardan istəməməli idim. Onlar mənim vəziyyətimi görüb özləri gətirib ödəməli idilər.

Gör, durum nə yerə çatıb ki, onların ödəməli olduğu pulu çıxıb mətbuat vasitəsilə istəyirəm. Mübariz Mənsimov da, onun qardaşları da Azərbaycan üçün dəyərli insanlardır. Lakin mən də bu pulu cibimə qoymaq üçün istəmirəm. Azərbaycan üçün çox əhəmiyyətli olan bir sahəyə qoyduğumuz yatırımla bağlı ödəniş etməliyəm. Bu gün axırıncı günümdür, saat 6-ya kimi vaxtımız var. Yenə də ümid edirəm ki, Mübariz Mənsimov bir oliqarx olaraq bu pulu qaytaracaq. Əslində bu, oliqarxa yaraşan hərəkət deyil. Hər kəs biznes etikası və qaydalarına uyğun davranmalıdır\”.

İş adamı həmçinin dəfələrə mətbuatda maddi durumunun kritik olması ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:

“Bu dəqiqə dünyada ən zəhləm gedən söz ”darıxma, yaxşı olacaq\”dır. Belə sözləri demək olar ki, hər gün eşidirəm. Həm “Bakı Taxi”, həm də “Trans Qeyt”in operatoru mənim şirkətimdir. Bayaq dediyim kimi, həyatda belə dərs almamışdım, hamını tanıdım. Yanımda olan insanlar da çox oldu. Xüsusilə “PaşaBank”, “Mərkəzi Bank” və “Kapitalbank”a minnətdarlığımı bildirirəm. Onlar məni vəziyyətdən çıxardılar. Demək olar ki, bir çox borclarımı bağladılar. AFFA-nın “Bakı” klubuna ödədiyi vəsait isə “Paşa Bankın”ın bizə ayırdığı kredıtdir. Mən son 11 ildə Azərbaycan futboluna ürəyimi vermişəm, kiminsə 3-5 qəpiklik minnətini götürə bilmərəm\”.

H.Məmmədov “Lans” və “Bakı” klubunun Anar Məmmədov tərəfindən əlindən alınması ilə bağlı mətbuatda yazılanlara da münasibət bildirib: “Guya ”Bakı\” klubunu əlimdən aldılar, hansısa evimi girov götürdülər. Bütün bunların mənası yoxdur. Yəni mən o günə qalmışam ki, 100 min tapıb “Bakı”nın işçilərinin maaşını verməyim? Qəti olaraq bildirmək istəyirəm ki, mən nə “Lans”ı, nə “Bakı” klubunu heç kimə verən deyiləm. Nə etməli olduğumu yalnız bu ölkənin rəhbərliyi deyə bilər. Əgər məsləhət olsa, mənim dövlətimin rəhbərliyində olan şəxslər deyərlər ki, bu addımı at, mən də ataram. Ancaq kiminsə gəlib mənim əlimdən klub alması, yerimə keçməsi həyatda mümkün deyil\”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close