Siyasət

Tofiq Yaqublunun məhkəməsi yarıqapalı keçirildi – TƏKCƏ QIZI…

Bu gün, avqustun 5-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun işi üzrə məhkəmə prosesi başlayıb.

Məhkəmə prosesində vəkillər Nemət Kərimli, Aqil Məhərrəmov və Elçin Sadıqovun bir sıra vəsatətlər qaldırıblar. Tofiq Yaqublunun dəmir barmaqlıqlar arxasında deyil, vəkillərlə birgə oturması barədə vəsatət təmin edilməyib.

Nemət Kərimlinin verdiyi məlumata görə, prosesdə Tofiq Yaqublunun mobil telefonunda olan məlumatların, eləcə də hadisənin baş verməsi ərəfəsində qeydə alınan video-görüntülərin araşdırlması haqda vəsatətlər baxılmamış saxlanılıb.

Müsavat başqanı Arif Hacılı da daxil olmaqla, Nizami Rayon Məhkəməsinin qarşısına gəlmiş bir qrup müxalifət nümayəndəsi prosesə buraxılmayıb. Tofiq Yaqublu hakimdən Arif Hacılının iştirakına şərait yaratmağı tələb etsə də, buna məhəl qoyulmayıb. “Zərərçəkən” və hüquq-mühafizə orqanları nümayəndələri tərəfindən doldurulmuş məhkəmə zalına Tofiq Yaqublunun yaxınlarından yalnız onun qızı Nigar Həzi buraxılıb.

Prosesdə əvvəlcə fasilə elan etmiş hakim Mehdiyev daha sonra məhkəməni qeyri-müəyyən vaxtadək təxirə salıb.

***

T.Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, “8-ci kilometr bazarı”nın yaxınlığında T.Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi “VAZ-2107” ilə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə – martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: “”8-ci kilometr bazarı”nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close