Siyasət

Rusiyanın baş naziri Paşinyana “şərtlər xonçası” gətirib – Mişustinin müəmmalı sərəfinin gizlinləri

“Rusiya baş nazirinin İrəvana səfəri Ermənistana şərtlər qoymaqla bağlıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyanın baş naziri Mixail Mişustinin oktyabrın 5-də Ermənistana etdiyi müəmmalı səfərinin məqsədlərini dəyərləndirərkən politoloq Nəzakət Məmmədova deyib:

“Bu səfər gözlənilən idi. Bu ərəfədə Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə dəfələrlə zəng edib. Bilirik ki, Ermənistanda baş verən proseslər hər zaman Rusiyanın diqqət mərkəzindədir, o buradakı proseslərə biganə qala bilməz”.

Həmsöhbətimiz bildirdi ki, Azərbaycanın hərbi əməliyyatlara başlaması Rusiyanın bölgəmizdə yaratdığı status-kvonu yerlə yeksan edib:

“Artıq Moskvanın yaratdığı dondurulmuş münaqişə sistemi yoxdur. Moskva da onun iradəsindən kənar başlanan bu prosesdən narahatdır. Ona görə də Rusiyanın başlanan proseslə bağlı uzun müddət səssiz qalacağı gözlənilmir. Bu halda o öz təsir dairəsini daha da itirə bilər”.

Ekspertin fikrincə, Mişustinin bu səfəri ölkəsinin Azərbaycanın uğurlarından narahat olmağa başlamasından da qaynaqlana bilər:

“Rusiya Azərbaycanın müəyyən hərbi uğurlar əldə etməsilə Paşinyanı əzməsini və hakimiyyətinin laxlamasını istəyir. Yəni, burada Rusiya o vaxta qədər susacaq ki, Azərbaycanın irəliləməsi ona sərf etsin. Azərbaycanın irəliləməsi onun marağına cavab vermədikdə isə Moskva artıq müdaxilə edəcək. Mişustinin İrəvana olan müəmmalı səfəri də göstərir ki, artıq bu proses gedir”.

N. Məmmədovaya görə, Rusiya baş nazirinin səfər onu göstərir ki, Moskva artıq açıq şəkildə Ermənistandakı prosesləri idarə etməyə, Paşinyana təsir göstərməyə başlayıb:

“İndiki halda Rusiya yaranmış vəziyyətdən özü üçün yararlanmaq qərarına gəlib. Moskva əsasən istəyir ki, Paşinyan hakimiyyətdən uzaqlaşdırılsın. Bu alınmasa Kreml çalışacaq ki, Paşinyan Moskvanın dediklərinə razı salsın”.

Məmmədova bu mənada düşünür ki, Mişustinin səfərində başlıca məqsəd İrəvan qarşısında şərtlər qoymaqla bağlıdır:

“Paşinyan şərtləri qəbul edəcəksə, o zaman ola bilər, Moskva onun bir müddət hakimiyyətdə qalmasına dözəcək. Qəbul etməsə isə Rusiya kənara çəkiləcək və Azərbaycana dəstək olmaqla Paşinyanın hakimiyyətdən getməsini sürətləndirəcək.

Şərtlər isə Rusiyanın Ermənistandakı adamlarına toxunmamaq, Amerikanın buradakı laboratoriyasının bağlanması, Soros Fonduna bağlı nazirlərin vəzifədən uzaqlaşdırılması, işğalçı ölkədəki Amerika kəşfiyyatına bağlı insanların ölkədən çıxarılması, İran məsələsində İrəvanın daha loyal olması, Qərbə inteqrasiyadan birdəfəlik imtina kimi təkliflərdən ibarət ola bilər.

Bu dəqiqə Rusiya üçün vacib olan Ermənistandakı siyasi vəziyyəti tamamilə öz nəzarətinə almaqdan ibarətdir. Yaranmış vəziyyət isə Moskvaya bu barədə İrəvana şərtlər irəli sürməyə əsas verir”.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
Close