İcra başçısı müxalifətçini Hərbi Komissarlığa \”sifariş edib\” – MASALLIDA
Müsavat Partiyası Masallı rayon təşkilatının sədr müavini Kərim Kərimli rayon rəhbərliyinin ona qarşı ənənəvi təzyiq üsullarını yenidən işə saldığını bəyan edib. Savash.org-a danışan Kərim Kərimli bildirib ki, o sonuncu bələdiyyə seçkilərinə iştirak edib və onun səsləri oğurlanıb. Bu azmış kimi seçkilərdən dərhal sonra ona qarşı qəbuledilməz təzyiq üsulları işə salınıb, bu dəfə isə Masallı rayon Hərbi Komissarlığının əli ilə. Bu kampaniyanın sifarişçisinin isə Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov olduğu bildirilir. Şikayətçi baş verənlərlə bağlı bunları deyir:
\”3 ay bundan öncə Masallı rayon Hərbi Komissarlığında axırıncı müddət üçün təkrar həkim komissiyasından keçdiyim halda, bu gün yenidən məni təkrar həkim komissiyasında müayinədən keçmək üçün çağırıblar. Hesab edirəm ki, bu məni \”zərərsizləşdirmək\” üçün düşünülmüş növbəti addımlardan biridir. Xatırladım ki, 2 il bundan öncə Masallı rayonu İcra Hakimiyyəti həmin vaxt icra nümayəndəsi işləyən, indi isə Qızılağac bələdiyyəsinə mənim səslərimi oğurlamaq hesabına \”seçilən\” Şamil Məmmədova tapşırıq vermişdi ki, məni narkomanlara şərlətdirsin. Amma Ş. Məmmədov həmin vaxt tapşırığı qeyri-peşəkar yerinə yetirdiyi üçün plan iflasa uğradı. Maraqlısı budur ki, indi də \”narkoman\” rolunda Masallı Hərbi Komissarlığı seçilib\”.
Savash.org