Tərtərdə maliyyə yoxlaması: İcra başçısı niyə təlaşlanıb?
Tərtər rayonunda dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair Hesablama Palatasının apardığı audit tədbirləri yekunlaşmaq üzrədir. Daxil olan informasiyaya əsasən rayonda Mənzil Təsərrüfatları Birliyinə ayrılan vəsaitlər, həmçinin də yol infrastrukturunun qurulması, abadlıq işləri üçün ayrılan büdcə pullarının istifadəsində nöqsanlar ortaya çıxıb.
İnformasiyalara əsasən rayonda aparılan yoxlamalar zamanı bir sıra büdcə təşkilatları üçün ayrılan dəftərxana, ezamiyyət, məzuniyyət xərclərində şişirtmələr baş verib. Həmçinin də podratçı şirkətlərin seçilməsi zamanı «Tender haqqında» Azərbaycan Respublikasının müvafiq qanunlarının pozulmasına dair faktlar ortaya çıxıb.
Daxil olan informasiyalara görə, hazırda rayonun icra başçısı Müstəqim Məmmədov ciddi cəhdlə palatanın audit yoxlamalarının nəticələrinin ictimailəşməməsinə çalışır. İcra başçısının ötən cümə günü rayonda büdcə təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirdiyi iclas kifayət qədər gərgin keçib. Rayondan daxil olan informasiyalarda həmçinin bildirilir ki, idarə rəhbərlərinə ən qısa zamanda aşkarlanmış pozuntularla bağlı yekun rəyin hazırlanması əmr edilib.
İcra başçısının bu göstərişi isə idarə rəhbərləri arasında ciddi narazılıq yaradıb. Bu narazılıqların nədən ibarət olmasına dair ətraflı bilgiləri verəcəyik. Bizi izləyin.
gundeminfo.az