Aktual

Polad Həşimovun adından pul yığanlar ifşa olundu

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Savash.org xəbər verir ki, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. O, eyni zamanda bildirib ki, ölkədə karantin rejiminin şərtlərini və pandemiya ilə bağlı durumu nəzərə alaraq, şikayətçilərin və şikayət olunanların mobil telefon və onlayn qaydada dinlənilməsinə  qərar verilib, artıq bir neçə dəfədir bu prosedur uğurla tətbiq edilir.

Komissiya Şirinova Rüzgar Rasim qızının (Dəniz Rüzgar) “Ölkə.az” xəbər portalına qarşı şikayətini araşdırıb. Şikayətçi öz ərizəsində iddia edib ki, xəbər portalında onun barəsində əsaslandırılmamış məlumatlar yayılıb; adı vətəndaşlara qanunsuz yolla jurnalist vəsiqələri və avtomobillərə yapışdırmaq üçün press lövhəciklər satmaqda hallandırılıb. Bu materiallar sonradan üzü köçürülərək digər xəbər saytlarına da yol tapıb.

Komissiya materialları araşdıraraq  müəyyən edib ki, Dəniz  Rüzgarın şikayət ərizəsində yazdığı iddialar özünü doğrultmur. Əksinə, onun rəhbər kimi təqdim edildiyi təşkilat şəhid general-mayor, Milli Qəhrəman Polad Həşimovun adından sui-istifadə hallarında da ittiham olunur. Belə ki, sosial şəbəkə hesablarındakı paylaşmalarda Dəniz Rüzgar “Polad Həşimov adına Gənc Yazarlar Cəmiyyəti”nin rəhbəri kimi təqdim edilib.

“Ölkə.az” xəbər portalından Mətbuat Şurasına təqdim edilən materiallardan bəlli olur ki, Dəniz Rüzgarın rəhbər kimi təqdim olunduğu “Polad Həşimovun adına Gənc Yazarlar Cəmiyyəti” adından sosial şəbəkələrdə vətəndaşlara müraciət edilir, “müəyyənləşdirilmiş məbləğdə aylıq abunə haqqı və birdəfəlik ödənişlər edilməklə, jurnalist vəsiqəsi və press lövhələr” təklif edilir. Komissiya üzvləri Dəniz Rüzgardan sosial şəbəkələrdən götürülmüş, “Ölkə.az”da dərc edilmiş bu şəkillərlə bağlı aydınlıq gətiriməsini istəyiblər. Təəssüf ki, şikayətçi qismində çıxış edən Dəniz Rüzgar tərəfindən qeyd edilənlərlə bağlı hər hansı bir aydınlaşdırıcı rəy verilməyib, həmçinin, sonradan telefonla çağırışlar da cavabsız buraxılıb.

Komissiya üzvləri qeyd edilənlərdən dərin təssüf hissi keçirdikərini bildirərək, Milli Qəhrəmanın adından sui-istifadə hallarına yol verilməsini pisləyiblər. Bu halı həm milli dəyərlərimizə, həm də qanunlarımıza qarşı zidd yanaşma kimi qiymətləndiriblər.  Jurnalist vəsiqəsinin, press lövhələrin hər hansı bir haqq, “birdəfəlik ödəniş və aylıq abunə haqqı” kimi qondarma ifadələr altında faktiki olaraq satılması isə media adından sui-istifadə halı kimi dəyərləndirilib.

Azərbaycan Mətbuat Şurası Milli Qəhrəmanlarımızın, Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş şəxslərin, şəhidlərimizin adından sui-istifadə hallarının yolverilməzliyini bildirir. Şura bu sayaq xoşagəlməz halların hansısa formada media prizmasında həyata keçirilməsi cəhdlərinin ikrah doğurdurğunu vurğulayır, ayrı-ayrı şəxsləri belə hərəkətlərdən uzaq durmağa, ölkəmizin tanınmış, ictimai rəyə təsir göstərən media birliklərini, kütləvi informasiya vasitələrini və həqiqi jurnalistləri mənəvi prinsiplərə, qanunlarımıza zidd belə mənfi təmayüllərə qarşı mübarizə aparmağa, ictimai qınaq tədbirlərini gücləndirməyə çağırır.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button