Aktual

“Onların təhdidlərini, söyüşlərini efirə verdilər…” – Sərdar Cəlaloğlu

“Abutalıb Səmədovun ən böyük cinayəti o oldu ki, o, “Yalta müqaviləsinə əsasən, bütün Azərbaycan torpaqları Rusiyanın ərazisidir, bu ərazinin bir qarışını da Rusiyanın icazəsi olmadan kimsə ala bilməz”,-dedi. BMT-dən rəsmi qeydiyyatdan keçmiş müstəqil bir dövlət haqqında bir partiya sədrinin bu cür fikir səsləndirməsi absurddur. Abutalıb deyir ki, guya Rusiya icazə versə biz yaşaya bilərik, verməsə, yox”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Azərbaycan Naminə Alyans Partiyası sədri Abutalıb Səmədovla arasında baş verən mübahisədən danışan S. Cəlaloğlu qeyd edib ki, Səmədovdan əlavə Tofiq Zülfüqarov da qəbul edilməsi mümkün olmayan təkliflə çıxış edib. 

“O dedi ki, Qarabağda ruslardan, azərbaycanlılardan və ermənilərin xüsusi şirkətlərinin qüvvələrindən ibarət bir ordu yaradılsın. Bu xüsusi şirkət də o deməkdir ki, Ermənistan yox, Dağlıq Qarabağ ordusu olsun. Bu isə Dağlıq Qarabağın müstəqilliyini tanımaq mənasına gəlib çıxır. 

Belə bir şey mümkündürmü?! Dünyanın harasında xüsusi şirkətlərin ordusu olub? Açıq şəkildə Dağlıq Qarabağ deməyə çəkinir ki, insanlar ayağa qalxar. Mən də buna etiraz elədim. Dedim ki,niyə  orada hansısa erməni şirkətinin və Rusiyanın ordusu olmalıdır?”.

Siyasətçi vurğulayıb ki, müharibə bitdikdən sonra Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edən şəxslər daha çox görünməyə başlayıb:

“Rusiyanın Azərbaycanı işğal edən siyasətinə haqq qazandırmaq üçün əməlli-başlı təbliğat aparılır. Mənim orada verdiyim cavabların hamısını kəsib efirə veriblər. Hər sualla bağlı mən də digərləri qədər danışmışam, amma cəmi 6 cümləmi saxlayıblar. 

Mən orada Tofiq Zülfüqarova da, Abutalıba da cavab vermişəm. Millətimizi, müstəqilliyimizi qorumuşam. Rusiyanın işğalçı siyasətini tənqid etmişəm. Ermənilərin hansısa şirkətinin ordusunun Qarabağda saxlamasını hüquqa zidd bir hərəkət kimi qiymətləndirmişəm. Bunları kəsiblər, amma onların təhdidlərini, söyüşlərini efirdə veriblər, ona görə də ortada elə bir mənzərə alınıb. Özlərinə görə təhlükəsiz olan hissələr efirdə gedib. Mən bu yayımdan sonra Space TV-nin rəhbərliyinə bildirdim ki, bir də onların ekranında olmayacam. Ondan sonra zəng vurub təklif elədilər, bəhanələrlə müraciət etdilər, mən də qətiyyətlə əməkdaşlıq etməyəcəyimi qeyd etdim. Xalqıma, millətimə xəyanət edən adamlarla bir yerdə olmaram. Mənim mövqeyimi vermirlərsə, deməli, o televiziya özü Azərbaycan xalqına xidmət etmir. Bu, çox ciddi məsələdir”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Azərbaycan televiziyalarının bəzilərində açıq şəkildə müstəqilliyimizin əleyhinə fikirlər səslənir:

“Eləcə də sayt və qəzetlərdə bəzi Rusiyanın mövqeyini müdafiə edən millət vəkillərinin fikirlərinə yer verilir. Bizim kimi Türkiyə ilə əlaqələrin genişlənməsini istəyən, müstəqilliyi müdafiə edən şəxsləri də hər addımda fürsət tapıb təhqir etməyə çalışırlar. Əgər Space TV doğrudan obyektivdirsə, verilişi tam mətnlə versin”.

Xatırladaq ki, ötən həftə Space TV-də yeni yayımlanan “Qırmızı Xətt” verilişində gərgin anlar yaşanıb. Abutalıb Səmədovun Rusiyanı müdafiə etməsinə Sərdar Cəlaloğlu sərt reaksiya verib. Bu zaman Abutalıb Səmədovun təhqiramiz üslubu da diqqətdən yayınmayıb.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button