Aktual

İnsanları “it kimi hürdürən“ virus Azərbaycanda? – İnfeksionist əlamətlərdən danışdı

Böyük Britaniyada aşkar olunan koronavirusun yeni ştammı – “Orthro” sürətlə yayılmaqda davam edir. Yunan mifologiyasında “ikibaşlı it” anlamına gələn “Orthro”, mütəxəssislərin fikrincə, “Kraken” ştammından təhlükəli olmasa da, daha geniş yayılır.

Yeni ştammın Azərbaycanda mövcudluğu rəsmən təsdiqlənməsə də ölkəmizdə bu ştamma yoluxduğunu iddia edənlər az deyil. Onlar “Orthro”nun insanı “it kimi hürdürdüyü”nü də deyirlər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan infeksionist-hepatoloq Mərdan Əliyev “Orthro”nun Azərbaycanda qeydə alındığını təsdiqləməyib:

“Hazırda COVID-19-un yeni variantı ölkəmizdə yoxdur. “Orthro” ştammı hələ ki, Azərbaycanda qeydə alınmayıb. Bu gün ölkədə sürətlə yayılan, demək olar ki, hər kəsin yoluxduğu xəstəlik də koronovirus deyil. Çünki xəstələr analiz verəndə, onlardan respirator yaxma götürüləndə analiz nəticəsində koronovirus neqativ çıxır. Bu da o deməkdir ki, ölkədə ümumiyyətlə, koronovirus yoxdur. Yəni nə “Omicron”  variantı, nə də digər variantları.

Ölkədə qrip virusu geniş yayılıb. Əslində, o, ağır keçən bir xəstəlikdir. Qızdırma, baş ağrısı, sümük-əzələ ağrıları, boğaz ağrısı ilə müşahidə olunur və bəzən pnevmoniyaya qədər gedə bilir. Buna görə də qrip üçün peyvəndlər var və hər il əhalinin aktiv qrupuna bu peyvəndi vururlar”.

Ekspert “hürücü öskürək” anlayışının nə olduğunu, nə zaman meydana çıxdığını da açıqlayıb:

“Əgər xəstəlik qırtlağı tutursa, bu zaman tibbdə “hürücü öskürək” deyilən anlayış meydana çıxır. Yəni xəstəlik qırtlaqda səs tellərini tutur və insan danışarkən səs kobud səs çıxarır, öskürərkən bərk və kobud öskürür, çıxan səs it hürməsinə bənzədiyi üçün buna “hürücü öskürək” deyilir. Bu isə qrip virusuna deyil, para-qrip virusuna, RSV (respirator sinsitial virusu) infeksiyasına xasdır. Bunlar daha çox qırtlağı tutur və səs tellərində iltihab yaranır. Belə olan halda da “hürücü öskürək” meydana çıxır. Amma bu xəstəliklər – həm qrip, həm para-qrip, həm də RSV ağır keçən, ağırlaşmaya səbəb olan xəstəliklər deyil.

Əgər yoluxan adam risk qrupuna daxil olan şəxs deyilsə, immuniteti normal səviyyədədirsə, bu zaman səs tutulmasına baxmayaraq, xəstəlik yüngül keçir. Xəstəlik pnevmaniya ilə ağırlaşmış, başqa problemlər meydana çıxmır, bu halda xəstə bir müddət sonra tamamilə sağalır”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button