Aktual

Lüks məktəbin dərsdə paltoda oturan şagirdləri…

Lüks məktəbin dərsdə paltoda oturan şagirdləri...

Qazax rayonunun I Şıxlı kənd orta məktəbində şagirdlər sinifdə palto və gödəkcələrdə otururlar.

Musa Həsənovun adını daşıyan bu məktəb cəmi 4 il əvvəl istifadəyə verilib. Məsələ burasındadır ki, inşaat zamanı kənddə qaz olmadığından məktəbə qaz xətti çəkilməyib. Hazırda otaqlar duru yanacaqla isidilir. Ancaq heç də deyilənə görə, sinif otaqları lazımı səviyyədə qızdırılmır.

Qarşıdan soyuq aylar gəldiyindən məktəbin müəllim və şagird heyəti vəziyyətdən çıxış yolu tapmaq üçün yuxarı təşkilatlara məktub ünvanlayıblar. Ancaq cavab ala bilməyiblər.

Bu barədə “Azadlıq” radiosuna həmin məktəbin müəllim və şagirdləri məlumat veriblər. Onlar bildiriblər ki, I Şıxlı kənd tam orta məktəbinin önündən qaz xətti keçir. Amma layihə hazırlananda qaz-istilik sistemi plana salınmayıb. Ona görə də sinif otaqları soyuq olur, şagirdlərin dərsə davamiyyətində axsamalar baş verir.
Lüks məktəbin dərsdə paltoda oturan şagirdləri...
Direktor müavini Səməd Nəsibov

Bununla belə direktor müavini Səməd Nəsibov məktəbin müasir tələblərə uyğun tikildiyini bildirdi: “Bizim məktəb möhtərəm prezidentimizin sərəncamına əsəsən tikilib. Açılışında da özü şəxsən iştirak edib. Biz bu məktəbin tələblərə uyğun inşasından razıyıq. Dərslərimiz müasir elektron sistemdə keçilir. Bizim əsas bir çətinliyimiz var ki, hal-hazırda qızdırıcı sistemi quraşdırılmasına baxmayaraq maye yanacaqdan istifadə edirik. Yarım saata 50 litr duru yanacaq gedir. Əgər qaz-istilik sistemi quraşdırılsa, bizim də işimiz yüngülləşər, şagirdlərin də dərslərə davamiyyəti qaydasına düşər”.

Məktəbin X sinif şagirdi Kəmalə Məmmədova da bu vəziyyətlə bağlı fikirlərini bölüşüb: “Məktəbimiz maye yanacaqla təmin olunub. Bu da məktəbin tam isidilməsində müəyyən çətinliklər yaradır. Məktəbin qarşısından qaz xətti keçir. Düşünürük ki, bundan biz də yararlana bilərik. Xahiş edirik ki, bizim məktəbə də qaz çəkilsin”.

Məktəbin şagirdi Aysel Musayeva: “Hər halda soyuq olduğuna görə “kurtka”da oturmuşam. Soyuq olmasaydı, sinifdə belə oturmazdıq. Yəni məktəb tam istilik sistemi ilə təmin olunmayıb. Ona görə bu haldayıq”.

Məktəbin direktoru Məzahir Qocayev deyir ki, məktəbin qaz-istilik sistemi ilə bağlı şikayət ola bilər. Ancaq istilik şəraitindən şikayət ola bilməz: “Məktəbimiz digər yoldaşların da dediyi kimi, maye yanacaqla təmin olunur. Heç bir şagird deyə bilməz ki, sinif otaqlarımız soyuq olur. Çünki biz əlimizdən gələni edirik ki, heç bir problem olmasın. Məktəbin qaz yanacağı ilə təmin olunmadığını mən də bilirəm. Onu deyə bilərəm ki, məktəb tikiləndə onun qazlaşdırılması layihəyə salınmayıb. Ona görə də maye yanacaqdan istifadə edirik. Ümid edirik ki, yaxın zamanlarda bu da qaydasına düşəcək”.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev bildirib ki, o məktəb tikiləndə heç kəndin özündə də qaz yox idi. Hazırda kənddə qaz var və məktəbə də yaxın zamanlarda qaz çəkiləcək.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button