Dünya

Ermənilər Sərkisyan rejiminə 3 gün vaxt verdi

Ermənilər Sərkisyan rejiminə 3 gün vaxt verdi Bu ölkədə qiymətlər durmadan artır

Qazaxıstanın ardınca Belarus parlamentinin aşağı palatası – Nümayəndələr Palatası dekabrın 19-da Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı müqaviləni təsdiqləyib. (“Media forum”) Avrasiya İqtisadi İttifaqını bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar. Ermənistanın bu ittifaqa qoşulması haqqında müqavilə Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində imzalanıb. Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkənin parlamentində təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir. Ermənistan parlamentində bu proses yekunlaşıb, Rusiyada müqaviləni Dövlət Duması ratifikasiya edib, Qazaxıstan parlamentinin isə hər iki palatası təsdiqləyib.

“Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulduqdan sonra Dağlıq Qarabağ (Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi – red.) bu ittifaqa qoşulmayacaq”. “Trend”in BELTA-ya istinadən verdiyi məlumata görə, bunu Belarus xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviç dünən Ermənistanın Aİİ-yə qoşulması haqqında müqavilənin paraflanmasına dair qanun layihəsini təqdim edərkən bildirib. Nazir müavini izah edib ki, Ermənistan tərəfi bu məqama şərt qoyan nota hazırlayıb: “Bizim Ermənistanın tərkibinə daxil olmayan ərazilərin Gömrük İttifaqının tərkibində ola biləcəyi ilə bağlı narahatlığımız var idi. Ermənistan tərəfi bu tələbi anlayışla qəbul etdi. Dağlıq Qarabağın Ermənistan ərazisi olmaması ilə bağlı nota müqaviləyə əlavə edildi. Ermənistan tərəfinin rəsmi şifahi bəyanatı verildi”.

O, qeyd edib ki, Ermənistanı Gömrük İttifaqının de-fakto iştirakçısı və Aİİ-nin gələcək üzvü etmək üçün hər hansı maneə yoxdur.

Ancaq Rusiyanın sanksiyalar içərisində boğulduğu şəraitdə onun üçün əslində yükə çevrilən Ermənistanın Gömrük İttifaqına qoşulması İrəvanda gərginliklərlə müşahidə olunur. Belə ki, rublla parallel şəkildə Ermənistanda milli pul vahidi dramın dəyərsizləşməsi və bahalaşmaya qarşı İrəvanda etiraz aksiyaları başlayıb. APA-nın news.am saytına istinadən verdiyi xəbərə görə, dünən xeyli insan paytaxtda hökumət binasının qarşısına toplaşıb. Narazı insanlar 6 tələb irəli sürərək hökumətin ayın 23-nə qədər bu tələbləri yerinə yetirməsini istəyiblər və əks halda, oliqarxların super marketlərindən alış-veriş etməyəcəklərini bildiriblər. Aksiya iştirakçıları zəruri istehlak mallarının və xidmətlərin qiymətlərinin böhrandan əvvəlki həddə endirilməsini, qazdoldurma stansiyalarında qazın qiymətinin aşağı salınmasını, vətəndaşların dollarla olan kredit borclarının yenidən hesablanmasını, bütün inhisarların aradan qaldırılaraq bazarın liberallaşdırılmasını tələb ediblər. Aksiyanın təşəbbüskarları bəyan ediblər ki, bu tələblər yerinə yetirilməsə, ölkədə sosial partlayış baş verəcək.

Ermənistanda qazın qiymətinin artmasına etiraz edən taksi sürücüləri isə planlaşdırılmış aksiayalarını yanvarın 15-dək təxirə salıblar. Bu barədə AzVision.az erməni mətbuatına istinadən məlumat verib. Hökümətə 27 gün möhlət verən taksi sürücüləri tələbləri yerinə yetirilməyəcəyi təqdirdə bütün yolları bağlayacaqlarını bəyan ediblər.

Qeyd edək ki, qaz taariflərinin artması ilə əlaqədar olaraq, Ermənistanda ictimai nəqliyyat vasitələrində gediş haqqının da artacağı gözlənilir. Odur ki, digər sürücülər də etiraz aksiyası keçirəcəklərini bildiriblər: “Tariflərin artması heç kimə sərf etmir. Bizim də ailə üzvlərimiz nəqliyyatdan istifadə edirlər. Buna görə də qazın qiymətinin düşnəsini istəyirik. Əks halda, gediş haqqı da artacaq”.

Xatırladaq ki, Ermənistan hökuməti mitinqlərin qarşısını almaq məqsədilə qaz taariflərinin artırılmayacağına söz versə də, bu elə söz olaraq qalır.

Ermənistanda ərzaq məhsulları sürətlə bahalaşmağa başlayıb. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Ovik Abramyan Nazirlər Kabinetinin dünənki iclasında bildirib.

O, iqtisadi rəqabətin qorunması üzrə komissiyasının sədri Artak Şabonyana tapşırıb ki, onu kütləvi istehlak mallarının qiymətlərinə dair gündəlik məlumatlarla təmin etsin.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button