Dünya

Putinin aşpaz babası ilə bağlı maraqlı faktlar

Putinin aşpaz babası ilə bağlı maraqlı faktlarO, Leninin ailəsinə, Xruşovun anasına və Stalinə xidmət göstərib

Yəqin ki, Rusiya prezidenti Vladimir Putinin ata babası Spiridon Putin nəvəsinin dövlət başçısı olduğunu görsəydi, sevincinin həddi-hüdudu olmazdı. Təkcə prezident babası olduğuna görə yox, həm də ona görə ki, o, öz dövründə siyasi liderlərin ətrafında olarkən ölkənin birinci şəxs statusunun nə olduğunu müşahidə edib. Düzdür, Spiridon İvanoviç Putin vəzifə kürsülərini zaman-zaman dəyişərək, liderliyə doğru gedən siyasətçi olmayıb. O, sadəcə siyasi liderlərin mətbəxlərində liderlik edib.

Modern.az-ın məlumatına görə, babasının aşpaz olmasını Vladimir Putin “Vladimir Putinlə söhbət-birinci şəxsdən” kitabında da qeyd edib. Bildirib ki, babası Ulyanovlar ailəsinin aşpazı olub. Bir sıra kütləvi informasiya vasitələrində Spiridon Putinin Vladimir İliç Leninin aşpazı olduğu göstərilir. Ancaq burda bir anlaşılmazlıq var. Leninlə bağlı bütün arxiv sənədlərində qeyd olunur ki, proletariatın rəhbərinin mətbəxində yalnız qadınlar çalışıb. O cümlədən Leninin əsas aşpazı və həm də xidmətçisi Şura Vorobyova adlı qadın olub. Bu məsələ ilə bağlı tədqiqatçıların araşdırmasından məlum olub ki, Spiridon Putin Leninin ölümündən sonra Qorkidə onun ailəsində aşpaz kimi fəaliyyət göstərib. O, Leninin ailə üzvlərinin və o cümlədən Nadejda Krupskayanın yeməklərini hazırlayıb.

Putinin qan qohumu olan Yevgeni Putinin sözlərinə görə, baba Putin 15 yaşında olarkən aşpaz sənətini öyrənmək üçün Sankt-Peterburqa gəlib. Bu işdə ona qohumları yardımçı olub.

30-cu illərin sonundan Spiridon Putin İlyinski istirahət evində fəaliyyətini davam etdirib. O, burda əsasən mədəniyyət naziri Furtsevaya, Moskva şəhər partiya komitəsinin birinci katibləri olmuş Qrişinə, Kapitonova, Xruşova və onun anasına aşpaz kimi xidmət göstərib.

Böyük Vətən müharibəsi illərində Spiridon Putin Sovet İnformasiya Bürosunun rəhbəri Şerbakovun bağ evində çalışıb.

Spiridon Putinin Stalinin bağ evində aşpaz olması fikri də yanlışdır. Vladimir Putinin əmisi Aleksandr Putinin söylədiklərinə görə, atası heç vaxt Stalinin aşpazı olmayıb: “Atam Stalinin aşpazı işləməyib. Ancaq buna baxmayaraq, o, bir neçə dəfə Stalin üçün müxtəlif xörəklər hazırlayıb. Stalin gizli şəkildə arabir Qorkiyə – Ulyanovlar ailəsinə baş çəkəndə atam onun üçün xörəklər hazırlayıb. Atamın dediklərinə görə, Stalinin ən çox sevdiyi xörək qoyun ətindən hazırlanmış “Araqvi” idi. Bu xörəyin adını Stalin özü qoymuşdu. Atam söyləyirdi ki, Stalin çox tələbkar və ədalətli insan idi. Buna baxmayaraq atam xidmət etdiyi yüksək çinli insanların arasında daha çox Ulyanovlar ailəsini hörmətlə xatırlayırdı”.

Aşpaz Putin öz dövründə işini mükəmməl bilən peşə sahibi kimi tanınsa da, öz sənətindən razı olmayıb. O, mühəndis və ya arxitektor olmaq arzusunda olub. Buna görə də özündən sonra övladlarına və nəvələrinə aşpaz olmağı tövsiyyə etməyib. Və təbii ki, ən ağıllı nəvəsi olan Vladimir Putin də aşpazlığı yox, siyasəti seçib. Elə bir siyasəti ki, onu prezident kürsüsünə yüksəldib və bu kürsüdə ona aşpazlar briqadası xidmət edir.

Spiridon Putin 1965-ci ildə 86 yaşında vəfat edib. 72 yaşına qədər onu peşəkar aşpaz kimi mötəbər ziyafətlərin təşkilinə dəvət ediblər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button