Dünya

“İkinci Qarabağ savaşı dünya hərb tarixinə “dronlar müharibəsi” kimi daxil olacaq” – Ekspert

“Müharibədə uğuru hər şeydən öncə hazırlıqlı, effektli təchiz edilmiş və yüksək mənəvi ruh yüksəkliyi ilə döyüşmək qabiliyyətində olan ordu həll edir. Bütün bu sadaladığım faktorlar Azərbaycan Silahlı Qüvvələrində mövcud idi”.

Savash.org xəbər verir ki, bu barədə Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusu hərbi yolla işğal altındakı torpaqlarını azad edib, ölkənin ərazi bütövlüyü təmin olunub:

“Çox az adam Azərbaycan Ordusunun yüksək effektli döyüş qabiliyyətinə malik olması haqqında düşünürdü. Biz, prinsipcə, Azərbaycan Ordusunun potensialını adekvat qiymətləndirirdik. Bununla yanaşı “Azərbaycan Ordusu döyüşə bilməz, o, effektli hərbi qələbə qazana bilməz. Ermənistan isə istisnasız olaraq peşəkar, ixtisaslı döyüşür” kimi bəyanatları da yaxşı xatırlayırıq. Lakin həyat hər kəsi özü yerinə oturtdu. Biz XXI əsrin ordusunu gördük. Azərbaycan Ordusu 1980-ci illər dövrünün ordusu ilə vuruşurdu. Burada Azərbaycan Ordusunun hərbi qələbəsi sadəcə qanunauyğunluq deyildi, həm də qaçılmaz idi”.

Hərbi ekspertin qənaətincə, bu cür qələbə Azərbaycan dövlətinin son illər silahlı qüvvələrin modernləşməsinə və təliminə əhəmiyyətli vəsaitlər xərcləməsi sayəsində mümkün olub:

“Burada dövlətin birinci şəxsinin rolu böyükdür. Xüsusi ilə də postsovet məkanında birinci şəxslər çox şeyləri müəyyən edirlər. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl siyasətini xüsusi qeyd etmək istəyirəm. Hansı ki, Azərbaycan Prezidenti şəxsən, dəfələrlə, yorulmadan hərbi hissələri ziyarət edib, ordunun qayğısına qalıb, Azərbaycanın neftdən gələn gəlirlərinin bir hissəsinin ölkənin hərbi gücünə çevrilməsi üçün hər şeyi edib. Nəzərə alsaq ki, ölkə ərazisinin 20 faizi Ermənistanın işğal altında idi, bunu etmək lazım idi. Bütün bunlar əla nəticələr verdi”.

İ.Korotçenko deyib ki, ikinci Qarabağ savaşı dünya müharibə sənəti tarixinə “dronlar müharibəsi” kimi daxil olacaq:

“Dünya tarixində ilk dəfə müharibə tərəflərindən biri olan Azərbaycan bu qədər zərbə və kəşfiyyat pilotsuz uçuş aparatlarından istifadə edib. Məhz bunların sayəsində böyük uğur əldə etmək mümkün oldu. Lakin düşünürəm ki, başlıca faktor Azərbaycan əsgəri və zabitinin igidliyi, hərbi komandanlığın savadlılığı, həmçinin Ali Baş Komandan İlham Əliyevin istisnasız böyük rolu oldu. Azərbaycan Prezidenti İlham Əliyev dövlət rəhbəri kimi, Ali Baş Komandan kimi effektli olduğunu, Azərbaycanda mövcud olan hakimiyyət modelinin effektli olduğunu, ümumilikdə qeyri-effektiv, bacarıqsız və korrupsiyaya bulaşmış Ermənistan rejiminin fonunda Azərbaycan dövlətinin nə qədər effektli olduğunu göstərdi”. 

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button