Dünya

ABŞ bombardmançıları fars körfəzi üzərində – İranda təlaş

ABŞ strateji bombardmançıları Fars körfəzi üzərindən uçur, İran ətrafına böyük qüvvə cəmləşib. Bu son aylarda üçüncü belə uçuşdur. Uçuşlardan məqsədin İranı ABŞ və müttəfiq qüvvələrin obyektlərinə mümkün hücumlardan çəkindirmək olduğu güman edilir.

Bombardmançı təyyarələr dekabrın 30-da Şimali Dakota ştatındakı Minot hərbi hava bazasından Yaxın Şərqə və geriyə 30 saatlıq uçuş yerinə yetiriblər. ABŞ Mərkəzi Komandanlığının rəisi general Kennet Makkenzi dekabrın 30-da verdiyi bəyanatda deyib:

“Birləşmiş Ştatlar döyüş qabiliyyətli qüvvələrini ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına çıxarmaqda davam edir. Bundan məqsəd hər hansı potensial düşməni çəkindirmıək və göstərməkdir ki, biz amerikalılara və ya maraqlarımıza qarşı təcavüzə cavab verməyə hazırıq”.

General əlavə edib:”Biz münaqişə axtarmırıq, lakin heç kəs bizim öz qüvvələrimizi qorumaq və istənilən hücuma qətiyyətli cavaba hazırlıq qabiliyyətimizi sınağa çəkməməlidir”.

Xəbər verilir ABŞ Hərbi Hava Donanması son 45 gündə buna bənzər iki missiya həyata keçirib. Bu uçuşlar Vaşinqtonun İranın general Qasem Süleymaninin bu ilin yanvarında İraqda öldürülməsinə hər hansı şəkildə cavab verə biləcəyindən narahatlığını əks etdirir.

Xatırladaq ki, 2020-ci ilin yanvarında Süleymaninin dron zərbəsi ilə öldürülməsindən bir neçə gün sonra İran İraqda ABŞ əsgərlərinin yerləşdirildiyi hərbi bazaya ballistik raket zərbələri endirmişdi.Həmin vaxt ABŞ hərbçiləri arasında itki olmasa da, 100-dək Amerika əsgəri beyin silkələnməsi keçirmişdi.

ABŞ habelə ötən həftə İrana bağlı şiə yaraqlıların ABŞ-ın Bağdaddakı səfirlik şəhərciyinə raket hücumundan narahat olub. Bu hücum nəticəsində də ölən olmayıb, amma prezident Donald Tramp deyib ki, ABŞ İranı nəzarətdə saxlayır.O dekabrın 3-də Twitter-də yazmışdı:“İrana bir dost məsləhəti: Əgər bircə amerikalı öldürülsə, mən İrandan haqq-hesab soracağam. Bu barədə düşünün”.

Birləşmiş Ştatlar ABŞ-ın Bağdaddakı səfirliyinin heyətini son aylarda ixtisar edib. Analitiklər yanvarın ilk günlərini ABŞ-la İran arasında hərbi toqquşma baxımından olduqca riskli hesab edirlər. Xüsusən də ona görə ki, Birləşmiş Ştatlar son bir-iki ayda Fars körfəzinə böyük hərbi qüvvə, o cümlədən təyyarədaşıyan gəmilər göndərib. /Virtualaz.org

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button