Nemtsovun qətlini Dadayevin boynuna elektroşokla qoyublar
Boris Nemtsovun qətli üzrə saxlanılan Zaur Dadayevə hansı işgəncələrin verildiyi məlum olub.
Azadliq.info-nun məlumatına görə, bu barədə həbsxanada Z.Dadayevə baş çəkən hüquq müdafiəçisi Andrey Babuşkin BBC-nin rus xidmətinə danışıb.
Onun sözlərinə görə, saxlanıldıqdan sonra Dadayevi 2 sutka ac saxlayıblar. Ona ayaqyoluna getməyə belə, icazə verməyiblər: «Ayrı-ayrı vaxtlarda təxminən 5 dəfə bir neçə damcı su içirdiblər. Ayaqyolu əvəzinə də beş litrlik kanistr verilib. Çox pis vəziyyətdə olub. Deyiblər ki, harada olduğunu heç kim bilmir, səndən nə tələb ediriksə, onu etiraf et. Qohumları ilə bağlı hədə-qorxu gəliblər. Sonra da döyüblər, ayaqlarına tok veriblər. Elə vəziyyətə gətiriblər ki, öz iradəsi ilə hərəkət edə bilməyib. Ona tokla işgəncə verildiyi ayaq barmaqlarındakı yanıq izlərindən də görünürdü».
Babuşkin xatırladıb ki, onu və həmkarı Yeva Merkaçevanı cinayət işinə şahid qismində cəlb ediblər. Bu da avtomatik olaraq onların həbsxanada Z.Dadayev və iş üzrə digər saxlanılanlara baş çəkmək imkanını məhdudlaşdırır: «Bu, prosessual qanunvericiliyin pozulması, ictimai nəzarət imkanlarının qəsdən məhdudlaşdırılmasıdır. Biz tez-tez təqsirləndirilən şəxsləri ziyarət edirik, qanunsuzluqları üzə çıxarıb hökuməti və ictimaiyyəti məlumatlandırırıq. Belə halla hələ rastlaşmamışıq. Nemtsovun işini araşdıran İstintaq Komitəsinin bu cür əsəbi reaksiyası məni heyrətə gətirib». Qeyd edək ki, Çeçenistandakı «Şimal» batalyonunun komandir köməkçisi Zaur Dadayev iş üzrə təqsirləndirilən əsas şəxslərdən biridir və istintaq qətli məhz onun həyata keçirdiyini iddia edir. Dadayev isə günahsız olduğunu, ilkin etirafedici ifadəni təzyiq altında verdiyini bildirib.