Amerika Bəşər Əsədlə anlaşma ərəfəsində
Son açıqlamalar Suriya böhranı ilə bağlı yeni planın olmasına işarədir
Rəsmi Vaşinqton növbəti dəfə Suriyanın hazırkı hakimiyyəti ilə danışıqlara başlaya biləcəyinə işarə edib. APA-nın xəbərinə görə, bunu CBS televiziyasına müsahibəsində ABŞ-ın dövlət katibi Con Kerri deyib: “Böhranı həll etmək üçün əvvəl-axır Bəşər Əsədlə müzakirə masasına oturmaq məcburiyyətindəyik”.
Kerri bildirib ki, Bəşər Əsədin müzakirə masasına oturması üçün daha çox təzyiq etməyə ehtiyac var. O, deyib ki, rəsmi Vaşinqton Suriyadakı müharibənin bitməsi və siyasi barışıq yolu tapmaq üçün “bu istiqamətdə gərgin çalışır”.
Qeyd edək ki, oxşar fikirləri ötən həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sədri Con Oven Brennan da səsləndirmişdi. MKİ rəhbəri bildirmişdi ki, ABŞ, o cümlədən region ölkələri Dəməşqdəki hökumətin dağılmasını istəmir. Sitat: “ABŞ, İŞİD-ə qarşı mübarizə aparan müttəfiqlər və regiondakı dövlətlər – bizdən heç birimiz Suriyada hökumətin və Dəməşqdəki siyasi idarələrin dağılmağını istəmirik, çünki bu, meydanın radikal qruplar üçün boş qalmağına gətirib çıxarar”.
Onun sözlərinə görə, hazırkı hökumət getsə onun yerini İŞİD, əl-Qaidə kimi təşkilatlar tuta bilər ki, bu da arzu olunan deyil. Ancaq eyni zamanda ABŞ rəsmisi Suriyada mötədil müxalifətin dəstəkləməyin tərəfdarı olduğunu qeyd edib.
Ancaq maraqlıdır ki, ABŞ hökumətinin bu mövqeyinə ənənəvi müttəfiqlərdən dəstək gəlməyib. Böyük Britaniya XİN-in mətbuat katibi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd ölkənin gələcəyində olmayacaq. Britaniya hökumətinin bəyanatında qeyd olunur ki, Böyük Britaniya Suriya rejiminə sanksiya təzyiqlərini davam etdirəcək. O vaxta qədər ki, Bəşər Əsəd hakimiyyəti öz mövqeyinə yenidən baxacaq, zorakılığa son qoyacaq və mötədil müxalifətlə danışıqlara başlayacaq.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə Con Kerrinin açıqlamasına sərt reaksiya verib. Asiya-Sakit Okean ölkələrinə səfəri çərçivəsində Kamboccaya səfər edən Türkiyə XİN rəhbəri yerli jurnalistlərlə söhbətində Suriyada bütün problemlərin Əsəd hakimiyyətinə dayandığını deyib. Suriyada vəziyyətin dəyişməsi üçün hazırkı rejimin getməsi və bütün tərəfləri əhatə edən bir hökumətin qurulmasının gərəkli olduğunu qeyd edən Çavuşoğlu Əsədlə müzakirəyə heç bir əsas olmadığını bildirib.
Suriya prezidenti Bəşər Əsəd isə Con Kerrinin danışıqlar prosesinə çağırışına cavab verib. İslamazeri.az saytının məlumatına görə, Bəşər Əsəd bildirib ki, xaricdən gələn bəyanatlar onları maraqlandırmır: “Suriya prezidentinin gələcəyinə dair keçiriləcək hər hansı mübahisələri Suriya xalqı edər. Xaricdən gələn bəyanatlar bizi maraqlandırmır. Əvvəl atılacaq addımlara baxarıq, sonra qərar verərik”.
Aida Bağırova: “Moskva Suriya məsələsində Qərbə güzəştə gedəcək ki, Ukrayna və digər bölgələrlə bağlı güzəştlər ala bilsin”
Mövzunu “Yeni Müsavat”a şərh edən şərqşünas, BDU-nun dosenti Aida Bağırova deyib ki, hər iki ABŞ rəsmisinin açıqlamaları Vaşinqtonun Suriya mövzusunda yeni bir plan irəli sürdüyünü göstərir: “Amerika rəsmilərinin açıqlamalarını dinlədim. Brennan 13 martda belə bir açıqlama verdi ki, Vaşinqton Dəməşq hökumətinin sıradan çıxarılmasında maraqlı deyil. Eyni zamanda bildirdi ki, Vaşinqtonla yanaşı region ölkələri Suriyada hökumətin və siyasi institutların dağılmasında maraqlı deyil. Onu da bildirdi ki, Suriyada elə bir hökumət qurulmalıdır ki, mövcud problemlərin və qarşıdurmanın qarşısını ala bilsin.
Bundan sonra dövlət katibi Con Kerrinin bəyanatı yayıldı. Bu bəyanatda iki cümlə diqqətimi cəlb etdi. Bəyanatda qeyd olunurdu ki, hökumətlə danışıqlar aparıla, hakimiyyətin digər qüvvələrə ötürülməsi üçün danışıqlara gedilə bilər. Hesab edirəm ki, bu, ciddi bəyanatlardır. Həm Brennanın dedikləri, yəni ABŞ-la yanaşı Rusiya və Avropa ölkələrinin, regionun aparıcı dövlətlərinin də adını çəkməsi onu göstərir ki, Suriya probleminə baxışda müəyyən bir uzlaşma var”.
A.Bağırovın fikrincə, ABŞ-la yanaşı region dövlətlərinin, o cümlədən Rusiyanın ortaq məxrəcə gəldiyi yeni Suriya planı gündəmə gələ bilər: “Daha əvvəlki yazılarda bir məqam vardı ki, tərəflər ortaq məxrəcə gələ bilmir. Amma indi görünən odur ki, tərəflər hansısa məsələdə ortaq məxrəcə gəliblər. Burda bilavasitə Rusiyanın adının hallanması mühümdür. Mümkündür ki, Moskva Suriya məsələsində Qərbə güzəştə gedəcək ki, Ukrayna və digər bölgələrlə bağlı güzəştlər ala bilsin. Düşünürəm ki, bu cür kompromis nöqtəyə gəlinib”.
Ekspert deyir ki, istənilən halda Suriya böhranının həlli zaman alacaq, ancaq proseslərin gedişi aparıcı dövlətlərin böhranın həlli ilə bağlı prosesə qədəm qoymaq üzrədir: “Təbii ki, Suriya məsələsi tez bir zamanda həllini tapa bilməyəcək. Çünki 4 ildə ciddi proseslər baş verib və bunlar bir günə həllini tapa bilməz. Ancaq eyni zamanda ABŞ Suriya müxalifətini də hazır vəziyyətə gətirmək yolunu tutub. Əsasən Qərbmeylli müxalifətin hazırlanması ilə bağlı işlər görülür. Əsas qayə də ondan ibarətdir ki, onlar Suriya müxalifətini hazırlıqlı formaya gətirsinlər ki, gələcəkdə radikallara qarşı gücünü göstərə bilsinlər.
Burda kürd məsələsini də yaddan çıxarmaq lazım deyil. Çünki kürdlərin özünümüdafiə dəstələri ilə İŞİD yaraqlıları arasında mübarizə davam edir. Eyni zamanda son olaraq Türkiyə ilə ABŞ-ın İncirlik hərbi bazasından istifadə etməsi haqda razılığa gəlinməsi bu mövzuda ortaq rəyə işarədir. Pilotsuz təyyarələrdən İŞİD-ə qarşı istifadə olunacaq. Yəni müəyyən bir anlaşma fazasına daxil olunub”.(musavat.com)