Dünya

Rusiyada Belarus ssenarisi – Navalnıya cəza kəsilməsi kütləvi eitrazlara start verdi

Moskva məhkəməsinin müxalifətçi Aleksey Navalnıya həbs cəzası kəsməsi ölkədə etiraz dalğasına səbəb olub. Gün ərzində Rusiya boyunca aksiyalar keçirilib. Təhlilçilər bu hökmü ölkədə artan narazılığı boğmaq cəhdi hesab edirlər.

Xatırladaq ki, Navalnıya 2014-cü ildə kəsilmiş üç il yarımlıq şərti cəza fevralın 2-də real həbslə əvəzlənib. Məhkəmə artıq çəkilmiş cəza nəzərə alınmaqla 2 il 8 ay həbs cəzası kəsib. Navalnı məhkəməsində deyib ki, bütün bunlar insanları qorxutmaq üçün həyata keçirilir: “Onlar milyonları qorxutmaqdan ötrü bir nəfəri həbsə atırlar”. Müxalifətçinin vəkili Olqa Mixailova hökmdən apelyasiya şikayəti veriləcəyini deyib.

Hökmdən sonra Navalnının komandası dərhal nümayişlərə çağırıb. Ancaq hökumət paytaxta xeyli sayda polis yerləşdirib, əsas küçələri bağlayıb. Fevralın 3-də səhər saatlarınadək 10 şəhərdə azı 1400 nəfərin saxlandığı bildirilir. Təkcə Moskvada 1100 etirazçı həbs edilib.

Ekspertlərə görə, 44 yaşlı Navalnı ölkənin ən nüfuzlu müxalifətçisinə çevrildiyindən Kreml onu təhdid kimi görür və onu cəzalandırmaqla digərlərinə dərs vermək istəyir.

“Prezident Vladimir Putin belə sərt cəzaya ona görə əl atdı ki, Navalnı və digərləri həyatlarının qalan hissəsini həbsdə keçirə biləcəklərini anlasınlar”, – R.Politik beyin mərkəzinin qurucusu Tatyana Stanovaya deyib. Təhlilçi xəbərdarlıq edir ki, liberal media, qeyri-hökumət təşkilatları, müxalif fikirli fəallar daxil olmaqla digər qruplar getdikcə daha çox təzyiqlə üzləşəcəklər. Çünki Kreml son illər şişməkdə olan etirazları boğmağa çalışır.

Kremlin tənqidçisi və Dumanın keçmiş üzvü Vladimir Rıjkov bildirir ki, Navalnının həbsi siyasi baxımdan fəal vətəndaşların ölkədən mühacirətinin yeni dalğasıyla sonuclana bilər.

Yanvarın 23-də və 31-də Rusiya boyunca onminlərlə insan etirazlara çıxıb, 10 minədək etirazçı saxlanıb. Bütün bunlar Kremlin sentyabrda parlament seçkisinə hazırlığı fonunda baş verir. Putin Vahid Rusiya partiyası vasitəsilə parlamentə nəzarət edir və bütün qanun layihələri də yekdilliklə qəbul olunur. Amma iqtisadi problemlərdən dolayı hakim partiyanın reytinqi də zəifləyir. Bu arada Navalnının Antikorrupsiya Fondu seçiciləri Vahid Rusiyadan namizədlərə qarşı səs verməyə həvəsləndirir.

“Növbəti seçki raundunda Putinə lazımdır ki, Navalnı həbsdə qalsın. Bu aydındır. O, Navalnıdan qorxur”, – ABŞ-ın Rusiyada keçmiş səfiri Maykl Makfol tvitində yazıb.

Məhkəmənin qərarı Qərbin sərt tənqidinə səbəb olub. Birləşmiş Ştatlar, Britaniya, Kanada və Avropa Birliyi qərarı pisləyən bəyanatlar veriblər. Qərblə Rusiyanın əlaqələri onsuz da gərgindir. Buna Kremlin başqa ölkələrdə seçkilərə müdaxiləsi, dövlətin dəstəyilə haker hücumları, kimyəvi silahlardan istifadəsinə dair ittihamlar səbəb olub.

Navalnının həbsi isə Kremlə qarşı yeni sanksiyalara yol aça bilər. Bu arada Vaşinqtonda Co Bayden administrasiyası Rusiyada insan haqları pozuntularıyla bağlı daha qətiyyətli davranmağa çalışır.

Kreml fevralın 3-də bəyan edib ki, Rusiya çevik polisi etirazçılara qarşı əsaslı olaraq kəskin davranıb, qanunsuz etiraz hərəkətləri aradan qaldırılmalıdır. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, fevralın 2-də Navalnının həbsindən sonra müttəfiqlərinin rusiyalıları küçələrə çağırması provokasiya idi.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button