Dünya

Türkiyə: proqnozu ən az mümkün olan seçki…

Türkiyə: proqnozu ən az mümkün olan seçki...İstanbul meydanlarının birində, əyinlərinə 7 iyun seçkisində qalib gəlməsini arzuladıqları partiyanın emblemi olan maykaları geyinmiş qadınlar ucadan səslənən musiqi sədaları altında rəqs edirlər. Başqa bir partiyanın tərəfdarları isə bir kənarda durub rəqs üçün öz növbələrini gözləyirlər…

Bu, demokratiyanın küçə festivalına bənzəyir, hərçənd bir az kasıbyana bəzədilib. Ətrafdakı ağac və lampa dirəklərində müxtəlif partiyaların bayraqları asılıb.

Lakin bütün bunların arxasında hiss ediləcək bir gərginlik var. Bu günlərdə partiyaların binalarına, təşviqat avtobuslarına və hətta namizədlərinə hücumlar edilib.

Bu seçkidə qazanılacaq və itiriləcək çox şeylər var. Hazırkı hökumətin tənqidçiləri deyirlər ki, bu, Türkiyənin avtokratiyaya keçiddən əvvəl baş verən son demokratik seçkisi ola bilər. Hakim partiyanın tərəfdarları isə bildirirlər ki, ölkə sabitliyi təhlükədədir.

Ötən 13 ildə islami köklərə malik Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyətdədir. Prezident Ərdoğan baş nazir Əhməd Davudoğlunun yenidən vəzifəsinə seçilə biləcəyinə ümid bağlayır. Hakim partiya indiyədək 7 seçkidə, 2 referendumda qalib gəlib və bu seçkidən də ən böyük parlament partiyası kimi çıxacağı gözlənilir.

***

Partiyaya 2003-cü ildən bəri rəhbərlik edən Rəcəb Tayyib Ərdoğan 52 faiz səslə ölkənin prezidenti seçilib.

Nəzəri baxımdan bu seçkinin cənab Ərdoğana elə bir dəxli olmamalıdır. Çünki konstitusiyaya görə, o, prezident kimi bu seçkilərdə neytral və siyasətdən ucada duran şəxs olmalıdır. Lakin reallıqda o, seçki kampaniyasının bütün mərhələlərində aparıcı rol oynayıb və müxalifət məhz bu məsələ ilə bağlı məhkəməyə müraciət edib. Şikayət nəticəsiz qalıb.

Cənab Ərdoğan Türkiyə konstitusiyasına dəyişiklik edilməsini və bununla da parlament sisteminin üstündən xətt çəkərək icraçı prezidentlik institutunun yaradılmasını istəyir. Tənqidçilər deyirlər ki, bu, cənab Ərdoğanın “avtoritarlıq meyllərini” gücləndirə bilər.

Rəcəb Tayyib Ərdoğan:

– 1954-cü ildə Türkiyənin Qara dəniz sahilindəki Rizə şəhərində sahil keşikçisinin ailəsində dünyaya gəlib

– 1994-cü ildə İstanbul meri olub

islampərəst rəğbətinə görə dini nifrəti qızışdırmaq ittihamı ilə 1998-ci ildə məhkum edilib

– İslama meylli Ədaləq və İnkişaf Partiyasının lideri kimi üç parlament seçkisində qələbə qazanıb

– 2014-cü ildə prezident seçkisində 52 faiz səslə qalib gəlib.

HDP necə nəticə göstərəcək?

Rəy sorğuları göstərir ki, HDP səslərin 10 faizini toplayıb 50 mandata sahib ola bilər

Ölkənin prezident respublikası sisteminə keçə bilməsi hakim AKP-nin bu seçkidə neçə mandat əldə edə bilməsindən asılı olacaq.

Əgər partiya parlamentdəki bütün yerlərin üçdə ikisindən çoxuna sahib olsa, konstitusiyanı yenidən yaza biləcək və sistemin dəyişdirilməsi hətta referendum keçirilmədən belə gerçəkləşdiriləcək. Lakin bu məsələnin referenduma salınması üçün hakim partiyanın mandatların azı 60 faizinə sahib olması lazım gələcək.

Əgər kürdpərəst, solçu Xalq Demokratik Partiyası (HDP) mandatlar qazansa, hakim partiyanın əsas arzusu ürəyində qala bilər.

Türkiyənin seçki sisteminə görə, ümumilikdə səslərin 10 faizindən çoxunu qazanan partiya parlamentə daxil olur.

Rəy sorğuları göstərir ki, HDP səslərin 10 faizini toplayıb 50 mandata sahib olmaq iqtidarındadır. Bu, baş versə, hakim AKP-nin 13 illik təkbaşına hakimiyyətinə son qoyulacaq və koalisiya hökuməti yaradlılacaq.

Bu seçkiləri 2002-ci ildən bəri keçirilən bütün səsvermələrdən daha əhəmiyyətli edən məhz bu məqamdır. Lakin əgər HDP müvəffəq olmazsa və ona çatacağı düşünülən səslər başqa partiyaların arasında bölüşdürülərsə, belə vəziyyətdən ilk növbədə faydalanan hakim AKP olacaq və istədiyi parlament çoxluğunu əldə edəcək.

İqtisadiyyat narahatlıqları

AKP-nin hakmiyyəti altındakı son onillikdə Türkiyə iqtisadiyyatı gəlhagəl yaşayıb:

– İqtisadi artım 10 faizə çatıb

– Ümumi daxili məhsul (ÜDM) yüksəlib

– Tikinti sektoru bum yaşayıb

– İnflyasiya cilovlanıb

– Və Türkiyə dünyanın 17-ci böyük iqtisadiyyatına çevrilib.

CHP lideri Kamal Kılıçdaroğlu partiyasının çox səs toplayacağına ümid edir

Lakin indi:

– İqtisadi artım 3-4 faizə enib

– İşsizlik səviyyəsi yüksək olaraq qalır

– Yüksəlməkdə olan büdcə kəsiri ciddi narahatlıq yaradır

– Son 12 ayda ölkənin valyutası lirə dollara nisbətdə qiymətinin beşdə birini itirib.

Təcridolunma qorxuları

Cənab Ərdoğan və onun hakim partiyasının Türkiyənin az qala 15 milyonluq kürd əhalisi ilə sülh danışqılarına başlaması böyük irəliləyiş hesab olunurdu. Bundan əvvəl 3 onillik ərzində kürdlərin PKK təşkilatı ilə Türkiyə təhlükəszilik qüvvələri arasında gedən döyüşlərdə 40 min insan həyatını itirib. Son iki ildə atəşkəs qüvvədədir.

Lakin belə görünür ki, Türkiyənin Təhlükəsizlik Təşkilatı MİT-lə PKK-nın həbsxanada olan lideri Abdullah Öcalan arasında aparılan danışıqlar dalana dirənib. Ərdoğan “Türkiyədə kürd problemi yoxdur” deməklə öz mövqeyini xeyli sərtləşdirib və ona loyal kürdləri küskün salıb. Bir çoxları narahatdırlar ki, Türkiyə beynəlxalq meydanda təklənə bilər.

Bu ölkənin indi Suriya, Misir, Liviya və İsrail kimi ölkələrdə səfirləri yoxdur. Avropa İttifaqı ilə üzvlük danışqıları da durğunluğa düşüb. “İslam Dövləti” adlanan təşkilatın Suriya və İraq sərhədləri boyunca irəliləyişi başqa bir təhlükə yaradır.

Türkiyənin cənub-şərqindəki Diyarbəkir şəhərinin küçələrində kürdlər indidən bayram edirlər. Sanki onların böyük əksəriyyətlə dəstəklədikləri HDP artıq qalib gəlib. Yenicə əldə olunmuş özünəinam və özünüifadə hissi göz qabağındadır. Lakin HDP 10 faizdən az səs yığsa, bu sevinc qəzəbə çevriləcək.

…Bu, Türkiyənin tarixində nəticəsi ən az proqnozlaşdırıla bilən seçkidir. İndi tərəfdarlar və opponentlər nəfəslərini dərib gözləyirlər (BBC).

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button