Dünya

Ermənistan “ürəyindən” vuruldu: İrəvanda qan və xaos…

Ermənistan “ürəyindən” vuruldu: İrəvanda qan və xaos...Qərb Sərkisyanı devirmək üçün düyməyə basdı; Elektrik enerjisinin tariflərinin artırılması ilə bağlı iyunun 19-da başlayan oturaq aksiya amansızlıqla dağıdıldı; erməni prezidentinin görüş təklifi rədd edildi; yüzlərlə adam həbs edildi, jurnalistlər döyüldü; Azərbaycanda sabitlik və Avropa Oyunları, Ermənistanda isə küçə döyüşləri…

Ermənistanda siyasi vəziyyət kəskin şəkildə gərginləşib, ölkədə xaosa sürüklənən vəziyyət yaranıb. Elektrik enerjisinin tariflərinin avqustun 1-də artırılması ilə bağlı qərar iyunun 17-də verilib. Qərar görə avqustun 1-də gündüzlər elektrik tarifinin kilovatı 48,78 dram (0,1 dolara yaxın), axşam isə 38,78 dram (0,08 dollara yaxın) olacaq. Qeyd edək ki, “Ermənistan elektrik şəbəkəsi” şirkəti Rusiyanın “İnter RAO” dövlət müəssisəsinə məxsusdur.

İyunun 19-da başlayan oturaq aksiya…

İyunun 19-da isə “Təsisçi parlamenti” və “Erməni qadınları Cəbhəsi” paytaxt İrəvandakı Azadlıq meydanında fasiləsiz etiraz aksiyası başlayıb. Eyni zamanda ölkənin ən böyük şəhərlərindən olan Gümrü və Vanadzor şəhərlərində çoxminlik tətil elan edilib.
İrəvandakı aksiya tezliklə böyüyərək sıralarında minlərlə adamı birləşdirib və oturaq aksiya başlayıb. Bu müddət ərzində gecəni də meydanda keçirən aksiyaçılar hakimiyyətə iyunun 22-si axşamadək vaxt qoymuşdular. Aksiyaçılar əks halda meydandan Prezident Sarayına yürüş edəcəklərini bəyan etmişdilər. Ermənistan prezidenti Serj Sərkisyan bu günlər ərzində aksiyaçıların tələbini qulaqardına vurmuş və qərarın dəyişməyəcəyini bildirmişdi. Aksiyaçılar da tələblərindən geri çəkilməyəcəklərini və Sərkisyanın iqamətgahı qarşısına doğru yürüş edəcəkləri bildirmişdilər.

Vaxt bitdi, Sərkisyanın təklifi rədd edildi

İyunun 22-də axşam aksiyaçıların qoyduğu vaxt bitdiyindən Sərkisyan İrəvan küçələrinə polis və zirehli texnika çıxarılması barədə göstəriş verib. Newsru.com saytının məlumatına görə, saat 22 radələrində polis jurnalistlərdən aksiyaçılarla asayiş qüvvələri arasındakı zonanı tərk etməyi tələb edib. Jurnalistlər çəkiləndən sonra polis nümayişçilərə tərəf hərəkətə başlayıb, ancaq bir neçə metrdən sonra dayanıb.

İrəvan Baş Polis İdarəsinin rəis müavini Valeri Osipyan nümayişçilərdən dağılışmağı tələb edib. İrəvanın polis rəisi Aşot Karapetyan nümayişçilərlə danışıqlara başlayıb və bildirib ki, prezident Sərkisyan indi aksiyaçıların nümayəndələri ilə görüşməyə hazırdır. O, nümayişçiləri üç-dörd nəfər heyət formalaşdırıb prezidentlə danışıqlara göndərməyə çağırıb. Amma aksiyaçılar Sərkisyanın “üç-dörd nəfəri qəbul edirəm, yürüşdən imtina edin” şərtini qəbul etməyiblər. Onlar yürüşün davam edəcəyini bildiriblər.

Minlərlə nümayişçi polisin dağılışmaq barədə tələblərinə məhəl qoymayıb. Hökumət İrəvan küçələrinə xüsusi vasitələrlə və avtomat silahlarla silahlanmış çoxlu sayda polis qüvvələri, o cümlədən zirehli texnika yeridib. Nümayişçilərin dağılışmayacağı halda polis atəş açmağa hazır olduğu bildirib. Xəbərdarlıqlara baxmayaraq, yalnız çox az sayda aksiyaçı polisin dağılışmaq barədə tələbinə qulaq asıb.

Aksiyaçılara divan tutuldu

İyunun 23-ü səhərə yaxın polis nümayişçilərə güc tətbiq edib, oturaq aksiyanı dağıdıb. Aksiyaçılara qarşı suvuran maşınlar işə salınıb, sonra isə döyülən yüzlərlərlə aksiyaçını polis həbs edib. Mitinqçilərə hücum edənlərin sırasında mülki geyimli şəxslər, polis əməkdaşları və xüsusi təyinatlılar olub. Onlar insanları yerə yıxaraq paltarını soyundurub, onlara zərbələr endirib, ağır söyüşlərlə təhqir ediblər. Ermənistanın 1in.am saytı hadisə yerindən canlı yayım verib.

Erməni KİV-ləri polisin apardığı əməliyyatın cəmi 15 dəqiqə davam etdiyini iddia edirlər. Amma müxalif mənbələr ətraf küçələrdə əsl döyüş getdiyini, aksiyaçıların vəhşicəsinə döyüldüyü barədə də məlumatlar yayıblar. İrəvan polisinin mətbuat katibi Aşot Aqoryan etiraz aksiyasının dağıdılması nəticəsində 237 nəfərin saxlanıldığını bildirib. ANS PRESS-in məlumatına görə, saxlanılanlar arasında yerli mətbuat nümayəndələri də olub. Onların arasında “Qala”, “News” internet nəşrləri, Azadlıq Radiosunun erməni bürosunun əməkdaşları var. Bəzi müxbirlərin isə avadanlığı zorla əllərindən alınıb. Polis kameraların yaddaşını silmək üçün onların çiplərini sındırıb. “Epress.am” saytının bir kamerası qırılıb, o birisini isə polislər aparıb. Portalın operatoru Tiqran Akopyan vəhşicəsinə döyülüb. Jurnalist Anna Camakoçyan və yazıçı Ovanes İşxanyana qarşı da vəhşilik edilib.

Hadisə zamanı incəsənət adamları da döyülüb. Sənətşünas Taqui Torosyan soyundurulub və döyülüb. Həmçinin tanınmış şəxslərdən Artak Gevorkyan və Anton İvçenko xüsusi amansızlıqla döyülüb.

Ermənistan mətbuatının verdiyi məlumata görə, paytaxtdakı polis idarələri dolduğu üçün saxlanılanların bir hissəsi Abovyan və Aştarak şəhərlərinin həbsxanalarına aparılıb. Mətbuat katibi deyib ki, aksiyaçılar müxtəlif bədən xəsarətləri alıb, 11 nəfər polis işçisi yaralanıb. İrəvanda keçirilən aksiyaya Gümrü şəhərinin sakinlərinin dəstək nümayiş də güc tətbiq edilərək dağıdılıb. İlkin məlumatlara görə, o aksiyada da xeyli həbs edilənlər var.

Parlamentdə vəhşiliyə etirazlar

İyunun 23-də Erməni Millli Konqresinin fraksiyası Ermənistan parlamentinin iclasını tərk edib. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bununla müxalifətçi deputatlar İrəvanda polisin dağıtdığı etiraz aksiyasının iştirakçıları ilə həmrəy olduqlarını nümayiş etdiriblər. Parlamentin iclas zalını ardıcıllıqla fraksiyanın katibi Aram Manukyan, deputatlar Stepan Dəmirçyan, Qaqik Cangiryan və Lyudmila Sərkisyan tərk ediblər.

Ermənistan iqtisadiyyatı batır

Ermənistan baş verənlərin ölkədəki ağır iqtisadi durum da şərtləndirir. Son dövrlərdə ölkədə xarici ticarət dövriyyəsi 222,5 milyon dollara bərabər olub. Bu isə 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 51 faiz azdır.

Ermənistan Milli Statistika Xidmətinin yaydığı hesabatda bildirilir ki, 2015-ci ilin ilk rübündə Ermənistandan xaricə cəmi 3,4 milyon dollarlıq mal və məhsul ixrac olunub. Halbuki 2014-cü ildə həmin rəqəm 90,8 milyon dollar olub. Ümumilikdə isə Ermənistanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsi 48,5, Avropa Birliyi ölkələri ilə 30, digər dövlətlərlə ticarəti isə 18 faiz geriləyib. İqtisadi ekspertlər Ermənistan iqtisadiyyatının belə geriləməsinin səbəblərini müxtəlif cür izah edirlər. Onların arasında ölkə rəhbərliyinin yarıtmaz siyasəti, qonşu dövlətlərlə münasibətlərin pisləşməsi, anarxiya, iqtisadi layihələrin istisnasız olaraq idefikslərə çevrilməsi faktları əsas göstərilir. Ermənistanın xarici borcu hazırda ümumi daxili məhsulun (ÜDM) 53%-inə bərabərdir. Bu, MDB ölkələri üçün mütləq rekorddur. Bundan əlavə, Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, 2020-ci ilə ölkənin borcu ÜDM-in 60%-inə qədər qalxacaq. Bundan o tərəfi ölkənin özünü müflis elan etməsidir.

Əyalətlərdə vəziyyət daha kritikdir

Ölkənin əyalətlərində vəziyyət daha kritikdir. Gümrüdə iyirmi yeddi il əvvəl baş verən zəlzələnin nəticələri hələ də aradan qaldırılmayıb. Evlərin əksəriyyəti hələ də xarabalıq içərisindədir. Erməni jurnalistlərin yazdığına görə, aradan uzun müddət keçməsinə baxmayaraq şəhərdə yarımçıq evlər və vaqonlarda yaşayanların sayı çoxdur.

Sərkisyanı Yanukoviçin taleyi gözləyir

Serj Sərkisyanın Avrasiya İttifaqına qoşulması Qərbi çox ciddi şəkildə narazı salıb. Qərb bilir ki, indi Ermənistanda “yeni Maydan” hərəkatının başladılması üçün çox münbit mühit var. Ona görə də mümkündür ki, əsas müxalifətin qatılmadığı bu etiraz aksiyası Qərbin Ermənistanda yeni bir hərəkatın başlatdığına işarədir. Bu proses Ermənistan xalqının maraqları ilə yanaşı, Qərbin də maraqlarına xidmət edir. Çünki Sərkisyan hakimiyyəti devrilərsə, Ermənistanın Rusiyanın orbitindən çıxma məsələsi ciddi şəkildə gündəmə gələcək.

Virtualaz.org saytı da yazır ki, bu, Ermənistan hakimiyyətinə qarşı facebook inqilabının ilk ciddi məşqi hesab edilə bilər. Lakin qəfildən minlərlə erməni gəncini Sərkisyanın iqamətgahı qarşısına cəmləyən təkcə bu ağır sosial-iqtisadi vəziyyət deyil. “Belə görünür ki, Qərb Sərkisyana Kiyev variantını xatırladır. Vətəndaş cəmiyyəti fəallarının sosial şəbəkələr üzərindən təşkilatlanması və qəfil küçələrə çıxaraq izdihamlı etiraz aksiyası keçirməsi tanış taktikadır. Ərəb ölkələrində təlatümlər və Ukraynada Yanukoviçi devirən avromaydan hərəkatı da belə başlamışdı. Sərkisyan Avropa İttifaqı və Rusiya arasında seçim şərtini ikincinin xeyrinə edəndə və ”Putin ittifaqına\” qoşulanda bu qruplar dərhal fəallaşdılar. Ermənistanda Ukrayna ssenarisi barədə müzakirələr getməyə başladı. Xirtdəyəcən korrupsiyalaşmış hakim elita, iqtisadi səfalət və total sosial narazılıq fonunda Sərkisyan hakimiyyətini təhdid edən proseslərin başlaması üçün kiçik qığılcım da kifayət edə bilər.

Bu ilin əvvəllərində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, Kiyev inqilabının “xaç anası” Viktoriya Nuland regiona səfər edəndə Ermənistana xüsusi diqqət ayırdı.

O vaxt Rusiya mənbələri xəbər vermişdi ki, Nuland ABŞ-ın İrəvandakı səfirliyində saatlarla gərgin müzakirələr aparıb və qərbmeylli qüvvələri hakimiyyətə qarşı güclü etirazlar təşkil etməməkdə günahlandırıb. Həmçinin Nuland ABŞ-ın İrəvandakı səfirin fəaliyyətindən də narazı qaldığını bildirib. Yeni səfir Riçard Millsə tapşırıq verilib ki, keçmiş səfirin qeyri-hökumət strukturları ilə iş praktikasındakı nöqsanları düzəltsin. Sərkisyanı iqamətgahında qəfil haqlayan yürüş göstərir ki, xanım Nulandın direktivlərini həyata keçirmək istiqamətində işlər gedir\” deyə sayt yazır.

Nəhayət…

Azərbaycanda Avropa Oyunların keçirildiyi bir vaxtda Ermənistan küçələrində baş verən qarşıdurma Qərbin də diqqətindən kənarda qalmamalıdır. Azərbaycanda sabitlik və Avropa Oyunları, Ermənistanda qan və xaos…

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button