NATO-nun Baş katibi Türkiyəyə gəlir – Ərdoğandan tələb: Ya biz, ya Rusiya…

Xəbər verdiyimiz kimi NATO Baş katibi Yens Stoltenberq yaxın zamanlarda Türkiyəyə səfər edəcək. O, prezident Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə edəcək. Səfərin dəqiq tarixi açıqlanmayıb.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Türkiyənin İsveçin üzvlüyünü ratifikasiya etməməsinin yeganə səbəbi terrorçularla bağlı deyil:
“Rusiya NATO-nun genişlənməsindən narahatdır. Ankara başa düşür ki, Stokholmun üzvlüyünü ratifikasiya etməsi Moskva ilə münasibətlərə mənfi təsir edə bilər. Ona görə də Türkiyə bu məsələyə həssas və ehtiyatla yanaşır. Ərdoğan dəfələrlə bildirib ki, Rusiya Türkiyə üçün heç də NATO dövlətlərindən az əhəmiyyətli müttəfiq deyil. Bu mənada Ankaranın Moskva ilə münasibətlərini NATO-nun genişlənməsinə qurban verəcəyi ağlabatan görünmür”.
Müsahibimiz bildirib ki, Stoltenberqin Türkiyəyə səfəri çərçivəsində İsveçin Alyansa üzvlüyü məsələsi ciddi müzakirə olunacaq: “Ankara qərar vermək üçün tələsməyəcək. Çünki bu qərar həm də NATO ilə Rusiya arasında seçim etmək deməkdir”.
Xatırladaq ki, Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Lakin İsveç Türkiyənin şərtlərinə əməl etmədiyinə görə Ankara Stokholmun quruma qoşulmasının əleyhinə səs verib. Nəticədə İsveç hələlik NATO-ya qəbul edilməyib.
Günay Rəsulqızı