Dünya

MDB-də ara qarışdı: Lukaşenko Putinə qarşı “bunt” qaldırır

MDB-də ara qarışdı: Lukaşenko Putinə qarşı “bunt” qaldırırBelarus prezidenti Aleksandr Lukaşenko MDB ölkələrini Rusiya prezidenti Vladimir Putinə qarşı səfərbər etməyə başlayıb.

Virtualaz.org saytı ABC.az-a istinadən xəbər verir ki, Lukaşenko Rusiyaya qarşı ilk döyüşə dekabrın 12-də MDB İqtisadi Şurasının iclasında girəcək. Məlumatı agentliyə Azərbaycan mənbələri veriblər.

“Belarus hökuməti İqtisadi Şuranın iclasında iki əlavə məsələni müzakirəyə çıxarmağa hazırlaşır. Bunlardan birincisi MDB çərçivəsində Rusiya Federasiyası ərazisinə daşınması qadağan olunmuş malların bu ölkə üzərindən tranziti və çatdırılması məsələləri üzrə komissiyanın yaradılmasıdır.

İkinci məsələ Rusiya ilə Avropa İttifaqı və ABŞ arasında qarşılıqlı sanksiyalarla bağlı, habelə Ukrayna və onun ətrafındakı situasiya ilə bağlı meydana çıxan bütün məsələlərin nizamlanmasına dair komissiyanın yaradılmasını nəzərdə tutur” – deyə mənbə bildirib.

Məlumata görə, bu təşəbbüslər artıq nəzərdən keçirilmək üçün bütün MDB ölkələrinə,o cümlədən Azərbaycana göndərilib.

“Lakin Azərbaycan bu diskussiyalarda iştirak etmək istəmir. Çünki bunun üçün hüquqi əsası yoxdur. Ölkə nə Gömrük İttifaqına, nə də Avrasiya İttifaqına daxil deyil, həmçinin MDB-də azad ticarət zonasına dair yeni razılaşmada iştirak etmir” – deyə mənbə əlavə edib.

Qeyd edək ki, son vaxtlar Belarusla Rusiya arasında münasibətlər yenidən gərginləşib. Buna səbəb Rusiyanın Avropa İttifaqı (Aİ) ölkələrindən kənd təsərrüfatı və ərzaq mallarının idxalına qadağa qoymasından sonra Avropa istehsalçılarının Belarusa ərzaq məhsulları istehsalı üçün xammal satmasıdır. Belarus isə bu xammaldan istehsal edilən məhsulları Rusiyaya satmağa cəhd edib.

Həmçinin Belarus prezidenti Aleksandr Lukaşenko Putinin tələbinə baxmayaraq Aİ ölkələrindən idxala qadağa qoymayıb. Üstəlik Aİ-dən Belarusa idxal edilən ərzaq məhsullarının Rusiyaya təkrar ixracına cəhd edilib.

Rusiya isə Belarusun Aİ ölkələrindən idxala qadağa qoymasını tələb edərək bu ölkədən idxal edilən mallara məhdudiyyət qoymağa başlayıb. Məsələn, Rusiya Belarusdan ət idxalına qadağa qoyub

Belarusun 18 müəssisəsindən Rusiyaya idxal edilən təxminən 400 ton ət məhsullarına qoyulan qadağa noyabrın sonlarında qüvvəyə minib. Rusiyanın nəzarət orqanı olan “Rosselxoznadzor” qərarını idxalı yasaqlanan ərzaq məhsulunun Belarus ərazisindən təkrar keçirmək cəhdləri ilə əsaslandırır.

Prezident Aleksandr Lukaşenko Rusiya hakimiyyətinin addımından məyus olduğunu bildirib: “Bizə təzyiq etmək lazım deyil. Biz sizə sadiq dost olmuşuq və dost da qalacağıq. Lakin bizi sıxışdırmağa başlasanız, bilin ki, mən buna dözməyəcəm”.

Lukaşenko Rusiya haqda sərt ifadələr işlədərək Belarusun Moskvanın əlində heç vaxt “sadiq köpək” olmayacağını bildirib. O deyib ki, Rusiya Belarusdan göndərilən və Monqolustan üçün nəzərdə tutulan Avropa məhsullarını ölkənin o başından – Monqolustanla sərhəddən geri qaytarıb. Bu isə təzyiq və dostluğa zidd addımdır.

“Vedomosti” həftəliyi isə bu gün – dekabrın 9-da xəbər verib ki, Rusiya ilə Belarus sərhədində yenidən gömrük nəzarəti bərpa edilib. Rusiya Federal Gömrük Xidməti Belarusdan ölkəyə daxil olan avtomobilləri yoxlayır. Bu isə Gömrük İttifaqı razılaşmasının faktiki olaraq qüvvədən düşməsi deməkdir.

Belarusla Rusiya arasında gömrük postları 2010-cu ildə Gömrük İttifaqı razılaşmasına görə ləğv edilmişdi.

Xəbərə görə, Belarus tərəfi də Rusiya ilə sərhəddə bütün nəqliyyat vasitələrini yoxlayır. Belarus gömrüyünün sərhəddə işə başlamasını Rusiya tərəfi də təsdiqləyib. Məlumatlara görə, Belarusla Rusiya sərhədində gömrük yoxlamaları üzündən kilometrlərlə uzanan tıxaclar yaranıb. Üstəlik Kalininqrad vilayətindən Rusiyaya göndərilən ərzaq malları Belarus ərazisində günlərlə saxlanılır.

Qeyd edək ki, Belarusla yanaşı Avrasiya İttifaqının digər təsisçisi Qazaxıstan da Putinin Aİ ölkələrindən ərzaq mallarının idxalına qadağa qoymaq barədə göstərişinə əməl etməyib. Bu isə may ayında təsis edilən, “yeni SSRİ” adı alan Avrasiya İttifaqının hələ işə başlamamış ciddi çatlar verdiyini göstərməkdədir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button