Nazirlik 20 Yanvara görə pul verdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 20 Yanvar şəhidləri və əlillərinə müavinət verib.
Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, 112 şəhid ailəsinin və 316 nəfər 20 Yanvar əlilinin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.
Qeyd edək ki, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə ayda 300 manat Prezident təqaüdü təyin olunub. Bundan əlavə, 20 Yanvar əlillərinə – I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə 100 manat olmaqla aylıq Prezident təqaüdü ödənilir. 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə, 20 Yanvar əlillərinin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə aylıq sosial müavinətlər verilir.
Bununla yanaşı, əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvlərinin hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində, yəni 85 manat əlavə hesablanır. Azərbaycan prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamı ilə digər müvafiq kateqoriyalardan olanlar kimi, 20 Yanvar əlilləri və şəhidlərinin də respublikanın ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan uşaqları təhsil haqqından azad olunublar.
İndiyədək nazirlik tərəfindən 53 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 78 nəfər 20 Yanvar əlili isə minik avtomobili ilə təmin edilib.