Bakıda çürük taxta komalarda ömür çürüdənlər – (Video)
Bakının Nərimanov rayonundakı Əhməd Rəcəbli küçəsi, 5b ünvanında taxta daxmalarda məskunlaşan məcburi köçkünlər hər an evlərinin od tutub yanacağı qorxusu ilə yaşayırlar.
1993-cü ildən burada məskən salan Laçın, Xocalı, Füzuli qaçqınları deyirlər ki, artıq evlərin taxtası çürüyüb. Ona görə də sadəcə bircə kibrit yetər ki, bir-birinə bitişik olan bu evlər sakinlərlə birgə yanıb kül olsun.
Evlər taxtadan olduğundan bura qaz çəkməyiblər. Bu ailələr sadəcə elektrik enerjisinin hesabına yaşayır.
Sakinlərdən Natiq Paşayev deyir ki, hamı qızdırıcı kimi elektrik plitələrindən istifadə etdiyi üçün elektrik xətlərində gərginlik yaranır və tez-tez işıqlar sönür: “Kommunal şəraitdən danışmağa dəyməz. 100 nəfərdən çox insan ortaq hamam və ayaqyolundan istifadə edir. Burada xəstələr, uşaqlar, Qarabağ əlilləri yaşayır. Ən azından dövlət onlar üçün nəsə etməlidir”.
Ə.Rəcəbli küçəsi sakinlərinin yaşadığı acınacaqlı vəziyyəti musavat.com-un hazırladığı videoreportajdan daha ətraflı izləyin: