Fakt

“Yaraları sarınıb qanaxma dayanan kimi əsgərlər yenidən döyüşə qayıtmağa can atırdı…”

Bakı Şəhər Təcili Yardım Stansiyasının Xətai rayonundakı 7 saylı bölməsinin həkimi Vaqif Məmmmədov Vətən müharibəsinin ilk günlərindən cəbhəyə ezam olunub, onlarla yaralı əsgərimizi ölümün caynağından xilas edib. Dəfələrlə növbəsini dəyişib geri qayıtmasını təklif etsələr də, öz istəyi ilə cəbhə bölgəsində qalıb. Həkim deyir ki, əlindən, ayağından güllə yarası alan əsgərlərin yarasını təmizləyib, qanaxmanı dayandıran kimi  onlar yenidən cəbhəyə qayıtmağa can atırdılar. Hətta xəstəxanada yatmamaq üçün ağrı-acısını, yaralarını gizlədənlər də olub. O da əsgərlərin cəsurluğu qarşısında növbəsini dəyişib Bakıya qayıtmaq istəməyib. 

“Mən xalqın bir yumruq kimi birləşdiyini ilk dəfə görürdüm…”

 53 yaşlı həkim sentyabrın 27-dən oktyabrın 31-dək Ağdam, Füzuli, Tərtər, Gəncə, Ağcabədi bölgəsində yaralılara kömək edib. 

V.Məmmədov deyir ki, 27 illik həkimlik fəaliyyətində ilk dəfədir həkimin, tibb bacısının, əsgərin, xalqın bir yumruq kimi birləşməsinə şahidlik edib. “Bunu söz xatirinə demirəm, doğrudan da, hər bir əsgər qəhrəman kimi döyüşürdü. Bir əsgər vardı, başından, bədənindən ciddi  yaralar almışdı. Təcili yardım maşını ilə Bakıya çatdırırdıq. Huşu özündə deyildi,  ancaq “irəli”, “vur” deyə sayıqlayırdı”,-həkim virtualaz.org-a cəbhədə baş verənlərdən danışıb. 

V.Məmmədov deyir ki, yaralıların çoxu Bakıdakı xəstəxanalara aparılmamaları üçün dil töküblər: “Deyirdilər ki, burada müalicə edin, birdən Bakıda geri qayıtmağımıza imkan verməzlər. Yarasını dəyişib, sarğı qoyduğumuz əsgərlər arasında durub getmək istəyənlər olurdu. Hamı döyüşü fikirləşirdi. Başımızdan güllə yağsa da, qorxmurduq. Heç qorxmağı fikirləşməyə vaxtımız da  qalmırdı”.

Ayağı kəsilən əsgər: “Torpaq uğrunda bir ayaq nədir ki…”

Həkim danışır ki, tibb bacıları yaralılara əsil ana-bacısı qayğısı göstərirdi. Əsgərlərin qanlı, tozlu-torpaqlı paltarlarını yuyub, təmizləyiblər: “Əsgərin başını yuyan da olurdu, qanlı paltarını təmizləyən də. Şəkidən olan bir əsgər vardı, ayağının birini dizdən aşağı kəsmişdilər. Əsgər döyüşlərdən danışırdı, tibb bacıları isə ağlayırdı. Yaxınaşdım. Yaralı ayağının üstünü örtdüm. Dedi ki, diktor,  fikir eləməyə dəyməz, əsas odur ki, torpaqlar işğaldan azad edilir. Torpaq uğrunda bir ayaq nədir ki.  Alnından öpdüm.  Həmin əsgərin xəstəxanada qaldığı müddətdə bir dəfə də olsa kədərləndiyini, ağrı-acısını büruzə verdiyini görmədim. Onlar hamısı Vətənin fəxridirlər, bu Vətən onlara borcludur”.

Həmsöhbətmiz  deyir ki,  düşmən təmas xəttinə yaxın yaşayış məntəqələrində yerləşən  xəstəxanaları da atəşə tuturdu. Məsələn, Ağcabədidə düşmənin atdığı mərmi onların işlədiyi xəstəxananın  lap yaxınlığında partlayıb. 

Ağdamlılar axırıncı tikələrini də əsgərə çatdırmağa can atırdı

  “Müharibə ola bilsin Bakıdan fərqli görünür. Amma Ağdam dayanmadan atış altında idi, kənd camaatı isə buna baxmayaraq gündə bir neçə dəfə xəstəxanaya yemək daşıyırdı,  yaralılara kömək etmək üçün xəstəxananın həyətinə gəlirdilər. İnsanlar evlərində olub-qalan ərzaqlarını da əsgərlərə, onları müalicə edən həkimlərə, tibb personalına vermək istəyirdi.  Onlara dəfələrlə yeməyə etiyacımızın olmadığını deyirdik, geri qaytarmağa çalışırdıq, amma fikir vermirdilər, hərə əlindən gələn köməyi əsirgəmidi”,-Vətən savaşının ağxalatlı döyüşçüsü gördüklərini nəql edir.

Həkim daha bir epizodu xatırlayır. Deyir ki, yaralı əsgəri xəstəxanaya qoyub geri dönəndə təcili yardım maşını atəşə tutulub: “İşıqları söndürüb yol kənarında gözlədik. Bir neçə dəqiqənin içərisində yolu dağıtdılar. Ölmədik, deməli vəzifəmizin başına dönməliydik. Axı əsgər vətənin, biz isə onların keşiyində dayanmışdıq”.

Həkim Vaqif Məmmədov ötən həftə  yenidən Ağdama dönüb, çünki orada hələ də müalicəsi davam edən yaralılar var…

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button