Mərkəzi Bankdan banklara cəza xəbərdarlığı
Azərbaycanda fəaliyyət göstərən bir sıra kommersiya banklarının valyuta mübadiləsi məntəqələri ABŞ dollarının alış-satış məzənnəsinin müəyyənləşdirilməsi prosesində Mərkəzi Bankın (AMB) marja ilə bağlı tələbnaməsini pozub.
\”Report.az\” xəbər verir ki, Bakı şəhərinin bir çox yerində mübadilə məntəqələri əhalidən dolları 0,85-0,90 AZN/USD məzənnəsi ilə alır. Halbuki AMB-nin tələbnaməsinə əsasən, icazə verilən marja +/-2% təşkil edir. Yəni, valyutanın alış-satış məzənnəsi rəsmi məzənnədən maksimum 2% ucuz və 2% baha (alış minimum 1,029 AZN/USD, satış isə maksimum 1,071 AZN/USD) ola bilər. Faktiki olaraq, paytaxtdakı valyuta mübadiləsi məntəqələri icazə verilən marjanı 7-10 dəfə aşıb və alışı rəsmi məzənnədən 14-19% aşağı qiymətlə həyata keçirir.
AMB-dənsayta bildirilib ki, tələbləri pozan banklara qarşı tədbir görüləcək.
Qeyd edək ki, bu gün səhər saatlarında \”Muğan Bank\” ASC-nin bir neçə filial və mübadilə məntəqəsi dolların alışını 0,85 AZN/USD məzənnəsi ilə həyata keçirib və bunu baş ofisdən aldığı rəsmi göstərişlə əsaslandırıblar.
Bununla yanaşı, \”Unibank\” ASC rəsmi veb-saytında dolların alış məzənnəsini 0,9474 manat (rəsmi məzənnədən 9,77% aşağı) göstərib.
Maraqlıdır ki, paytaxtın mərkəzində yerləşən bir sıra mübadilə məntəqələri ümumiyyətlə dolların alışını, bəzən isə satışını da dayandırıblar.