Bəzi market və bazarlarda süni qiymət artımı başlayıb (FOTOLAR)
Əhali səksəkədə ikən işbazlar hərəkətə keçib; yaxın bir necə gündə hər şeyin əsl qiyməti bilinəcək; endirim edən marketlər də var…
Dolların məzənnəsinin dəyişməsindən sonra Bakının bəzi mağazalarında, eləcə də rayonlarda qiymət artımı müşahidə edilməkdədir. Artım isə özünü əsasən tütün məmulatlarının qiymətində daha çox göstərməkdədir. Hansı ərzaq məhsullarının bahalaşdığını öyrənmək üçün paytaxtda fəaliyyət göstərən bir neçə marketə və bazarlara baş çəkdik.
İlk ünvan “Bazarstore” oldu. Maraqlıdır ki, burada ərzağın qiymətlərində artım yox, endirim var idi. Ancaq ətin qiyməti bahalaşmışdı. Satıcı qiymət artımını dolların bahalaşması ilə əlaqələndirdi: “Biz hələ qiymətləri artırmamışıq. Üç gündən sonra bizim marketdə də qiymətlər artacaq. Bu manat dəyərdən düşməzdən əvvəl aldığımız məhsullardır. Yeni məhsulları yeni qiymətlə alanda məcburən biz də artırmalı olacağıq. Məsələn, ətin qiyməti nisbətən artıb. Çünki əvvəl əti yerindən ucuz alırdıq və üstünə bir az qoyurduq. Tutaq ki, 6 manata alıb 7 manata satırdıqsa, indi necə 7 manata alıb 7 manata da sataq?! Hökumət deyir ki, mağazalar öz başına qiymət artırıb. Biz məcburuq ki, artıraq. Bahalaşma istəmirlərsə, bizə də yerindən ucuz satılmasını təmin etsinlər”.
“Bazarstore”nin şirniyyat bölməsinin satıcısı isə bildirdi ki, onlar qiymətləri artırmayıblar, əksinə endirim ediblər ki, müştəri cəlb etsinlər: “Eşitmişik ki, əksəriyyət mağazalarda ərzağın qiymətlərində 30-35 faiz artım müşahidə edilir. Bundan panikaya düşən alıcılar da bizim mağazaya üz tutur. Biz də müştəri cəlb etmək üçün qiymətlərdə müəyyən endirimlər etmişik”.
Təbriz küçəsindəki bir marketdə isə satıcılar heç bir qiymət artımının olmadığını desələr də, müşahidələrimiz bunun əksini göstərdi. Belə ki, əvvəl 3 manata satılan konfetlər 4 manata, 7 manat 80 qəpiyə satılan konfetlər isə 8 manat 30 qəpiyə satılırdı. “Biskonti” tortları əvvəl 2 manat 70 qəpiyə satılırdısa, indi 3 manata, “Napaleon” tortlarının bir dilimi 1 manat 50 qəpiyə satıldığı halda, 2 manata satılırdı. 30 qəpiklik nəm salfetlər isə 50 qəpiyə satılırdı. Qiymət artımı əsasən tütün məhsullarında və spirtli içkilərin qiymətlərində özünü daha çox göstərirdi. Ümumilikdə müxtəlif markalı tütün məhsullarının qiymətində 20-40 qəpik artım vardı. Məsələn əvvəl 1 manata satılan siqaret indi 1 manat 30 qəpiyə, 1 manat 80 qəpiyə satılan siqaret isə 2 manat 30 qəpiyə satılırdı.
Sərinləşdirici içkilərin qiymətində 5-10 qəpik artım var. Satıcı Elnur Şirinov qiymət artımına səbəb məhsulları dollarla almalarının olduğunu dedi: “Azərbaycan bazarlarında satılan ərzaq məhsullarının 50 faizi, hətta bəzi ərzaq məhsullarının 80-85 faizi xaricdən gətirilir. Xaricdə bu məhsullar dollar və avro ilə alındığı üçün yerli bazarda qiymətlər qalxır. Yəni baha qiymətə alıb ucuz sata bilmərik. O zaman biz iflasa uğrayarıq”.
“Nərimanov” metro stansiyası yaxınlığındakı “Səbət” marketdə isə qiymət artımı müşahidə edilmirdi. Hətta ətlərin qiymətində 50 qəpik endirim olduğunu deyən mağazanın müdir müavini Səbuhi Köçəriyev onların marketində heç bir artım olmayacağını bildirdi: “Bizim marketimizdə heç bir artım yoxdur, olmayacaq da. Bunu özünüz də müşahidə edə bilərsiniz”.
Mağazanın satıcısı isə bildirdi ki, alıcılar əvvəlki günlərə nisbətən artıb. Əhali artımla bağlı söhbətlərdən panikaya düşərək, makaron, çay, yağ kimi xarab olmayan məhsulları qutu-qutu alıb aparır.
***
Mağazada alıcıların da fikrini öyrənməyə çalışdıq. Sənubər adlı alıcı bahalaşmadan narahat olduğunu, buna görə də tədarük gördüyünü bildirdi: “Artıq heç nəyə inam yoxdur. Bir də səhər oyanıb görəcəyik ki, ərzaqlar bahalaşıb. Necə ki, deyirdilər narahat olmayın manat ölməyəcək. Amma bir gecədə manatı öldürdülər”.
Digər alıcı Səxavət Nuriyev isə düyü və makaron kimi ərzaqların hər birindən bir neçə paket aldığını bildirdi: “Bəzi mağazalarda nə qədər ki, bahalaşmayıb alırıq. Siqaretin qiymətinin artması heç yaxşı olmadı. Belə insafsızlıq olar?!”
Əvvəllər böyük marketlərdə kassaların qarşısında uzun növbələr olsa da, indi seyrəklik var idi. Bahalaşma isə iri marketlərdən daha çox nisbətən kiçik marketlərdə müşahidə edilirdi.
***
Kənd təsərrüfatı məhsullarının qiymətində artım olub-olmadığını öyrənmək üçün “Yaşıl bazar”a üz tutduq. Bazarda da bəzi məhsulların qiymətində ciddi artım sezilirdi. Əvvəllər 70-80 qəpiyə satılan kartof 1 manat və 1 manat 30 qəpik arasında, 2 manata satılan pomidor 2 manat 50 qəpik, xiyar 2 manat 50 qəpik, 2 manat 50 qəpiklik banan 2 manat 80 qəpiyə, almaların qiyməti 2 manatdan 5 manatadək dəyişirdi.
Ət satıcısı Firdovsi Məmmədov qiymətin qalxdığını və 9 manat olduğunu dedi: “Hamı bahalaşdırıb, biz də bahalaşdırırıq. Əvvəllər ət daha çox Rusiyadan gəlirdi. Ona görə ucuz verə bilirdik. Daha gəlmir. Yerli ətləri də bizə baha satırlar”.
Qeyd edək ki, Türkiyədə də demək olar ki, hər gün lirənin qiyməti düşür və sabit qalmır. Ancaq Azərbaycandan fərqli olaraq Türkiyədə lirə ilə bərabər ərzaqların qiyməti də düşür. Görünür, Azərbaycandakı bəzi işbazlar manatın dəyərdən düşməsindən sırf öz xeyirləri üçün, sui istifadə edirlər. Hətta bəzi marketlərdə firmalar öz mallarını geri götürür və ya mağaza sahibləri malları anbara boşaldırdı. Bunu baş çəkdiyimiz bir neçə mağazada da vitrinin boş qalmasından müşahidə etdik.
Xatırladaq ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirib və yoxlamalar davam etdirilir. (musavat.com)