“Gəlinin qorxusundan qardaşlarım məni küçəyə atıb…”
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilən Şəmkir rayonu, Pittili kənd sakini, 1975-ci il təvəllüdlü qadın qardaşının həyat yoldaşı tərəfindən dəfələrlə fiziki və mənəvi təzyiqlərə məruz qalıb.
Bu barədə virtualaz.org saytına mərkəzin rəhbəri Mehriban Zeynalova məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, qadına dəli damğası vurmaqla onu evdən didərgin salıblar: “Qadının qardaşı və bacısı gələrək onu evə aparmaq istədiklərini dedilər. Bacısının təkidi ilə onlarla getsə də səhəri gün təkrarən sığınacağa qayıtdı. Qadını apararaq yolda düşürüblər”.
Hazırda sığınacaqda yaşayan qadın da virtualaz.org saytına başına gələnlərdən danışdı: “Qardaşım 2001-ci ildə dünyasını dəyişib. Bundan sonra gəlin oğlu və qızları ilə birgə dəfələrlə məni döyərək evdən qovub. Çünki ata yurdumu satmaq istəyirlər. Mən isə evimizin satılmasına qarşıyam”.
Şikayətçi dedi ki, qardaşının biri polis əməkdaşı, digəri isə YAP-ın rayon təşkilatında işləyir: “Məsələ burasındadır ki, gəlinin qardaşları da imkanlı şəxslərdir. Buna görə də heç kim onun sözündən çıxmaq istəmir. Bacım ailə həyatı qurub. Gəlinimiz onu da ata evinə buraxmır. Məni sığınacaqdan digər qardaşımın evinə aparacaqlarını dedilər. Amma bağlı qapı arxasında qoyub getdilər. Anam isə gəlinin qorxusundan məni müdafiə edə bilmir. Gəlin onu da evdən qovmaqla hədələyir”.
Qadın ona göstərilən fiziki və psixoloji təzyiqlərə görə daxili işlər naziri Ramil Usubova müraciət edib: “Ümidim yalnız Ramil Usubovadır. Evi satmaq üçün məni dəlixanaya salmaq istəyirlər. Məsələnin araşdırılmasını və hüquqlarımın bərpa olunmasını istəyirəm”.