Polisə tabe olmayan rəsi müavininin cəzası nə olacaq?!
Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci polis bölməsinin (PB) rəis müavini, polis polkovnik-leytenantı Şərifov Rafiq Vaqif oğlu sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Bu məlumatı report.az yayıb.
Məlumata görə, bir neçə gün əvvəl rəis müavini idarə etdiyi 90 BZ 455 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobillə əvvəlcə polislərin “Saxla!” əmrinə tabe olmayıb. Sonra polislər R.Şərifovu məcburi qaydada saxlayaraq Abşeron RPİ-yə aparıb.
Xəbərə görə, R.Şərifov barəsində idarədə toplanan materiallar artıq Daxili İşlər Nazirliyinə (DİN) göndərilib. Hazırda rəis müavini barədə DİN-in Daxili Təhqiqat İdarəsində araşdırma aparılır. Bu araşdırmaların yekununa qədər isə R.Şərifova 38-ci PB-də işə çıxmaq qadağan edilib.
Virtualaz.org saytı xatırladır ki, son zamanlar ölkədə bir çox məmurlar öz status və vəzifələrindən sui-istifadə edərək yol verdikləri nöqsanlara görə postlarından uzaqlaşdırılıblar. Hətta bir neçə məmur öz nöqsanlarına görə də yox, övladlarının qudurğanlığına görə postlarını itirib.
DİN, Baş Prokurorluq, Təhsil, Səhiyyə və Ədliyyə nazirliklərinin rəhbərləri bu cür hallara qarşı xüsusilə sərt mövqe tutur. Onlar vəzifəsindən asılı olmayaraq öz işçilərini yol verdikləri nöqsanlara görə işdən azad edib. Burada mətbuatın da rolu var. Mətbuat yazır, rəhbər şəxslər də buna adekvat reaksiya verir.
Övladlarının dəbdəbəli həyatına, qudurğanlığına görə işdən qovulan məmurlara nümunə olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin keçmiş sədr müavini Mübariz Mədətov, Yevlax Gömrük İdarəsinin keçmiş rəisi Əliməmməd Həsənov, Tərtər Rayon İcra Hakimiyyəti başçısının keçmiş I müavini Vidadi Bəylərov, Bakı Şəhər Prokurorluğunun istintaqa nəzarət şöbəsinin keçmiş rəisi Ramiz Nəbiyev və digərlərini göstərmək olar.
Uzağa getməyək, elə dünən Zərdab Rayon İcra Hakimiyyəti başçısının I müavini Allahverdi Səfərov da vəzifəsindən azad olundu. Səbəb isə A.Səfərovun oğlunun sükan arxasında içkili vəziyyətdə olması və polisləri təhqir etməsidir.
Daxili işlər naziri Ramil Usubov da işçilərini yol verdikləri nöqsanlara görə sərt şəkildə cəzalandıran nazirlərdəndir. Daxili işlər orqanlarında çalışan şəxslər istənilən nöqsanına görə nazir tərəfindən cəzalandırılır. Hətta onların sadəcə adı hansısa bir neqativ olayda keçsə belə…
Məsələn, adı nurçuluq sektasına bağlılıqda hallanan deputat Ceyhun Osmanlının qardaşı polis sistemindən uzaqlaşdırılmışdı. Faiq Osmanlı yeni təyin olunduğu Ağdaş Mühafizə Bölməsinin rəisi vəzifəsindən ötən ilin iyununda çıxarıldı.
Siyəzən RPŞ-nin rəisi Nizami Əlirzayev DİN tərəfindən keçirilən kompleks yoxlamalar nəticəsində vəzifəsindən azad edilmişdi. O isə işdə yol verdiyi nöqsanlara görə öz postunu itirmişdi.
Daha bir hadisəni xatırladaq: Türkiyədə baş verən “Gəzi parkı” hadisələrinə dəstək məqsədilə Bakıda keçirilmiş aksiyanı işıqlandıran jurnalisti yumuruqlayan polislər də vəzifələrini itirmişdi. Belə nümunələrin sayını artırmaq da olar.
Bu dəfə baş verən hadisə də digərlərindən geri qalmır. Polis polkovnik-leytenantı sərxoş vəziyyətdə sükan arxasına keçir və avtomobil idarə edir. Özünün və digərlərinin həyatını təhlükəyə atır. Bu da az deyilmiş kimi o, polis əməkdaşlarına tabe olmaq istəmir. Hazırda polis rəisi işə çıxmır. Onun bir daha işə çıxıb-çıxmayacağı isə hələ ki, sual altındadır.
Qeyd etdiyimiz kimi, DİN rəhbərliyi belə məsələlərdə həmişə prinsipial mövqe tutur və qulluq mövqeyindən sui-istifadə edən, qanunları pozan polis əməkdaşlarını bağışlamır. Dəfələrlə daxili işlər orqanlarından nizam-intizamı pozan, vətəndaşlarla kobud davranan, polis adına ləkə gətirən çoxlu sayda polis əməkdaşları vəzifələrindən uzaqlaşdırılıb.
Polkovnik-leytenant R.Şərifov barədə hansı cəza növünün tətbiq ediləcəyini dəqiqləşdirmək üçün DİN-lə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə virtualaz.org saytına açıqlamasında bu məsələ haqda əlavə məlumat verə bilməyəcəyini dedi.