Fakt

“İntihar körpüsü”nə polis naryadı qoyuldu

“İntihar körpüsü”nə polis naryadı qoyulduBaş verən son intihara cəhd hadisələrindən sonra şərti olaraq daha çox “İntihar körpüsü” adlandırılan “Koroğlu” körpüsünə mühafizə polisləri yerləşdirilib.

Virtualaz.org saytı xəbər verir ki, son zamanlar intihara cəhd hadisələrinin çox baş verdiyi “Koroğlu” metrosunun yaxınlığındakı asma körpü Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Hazırda asma körpüdə mühafizə polisləri xidməti maşında növbə çəkir.

Xatırladaq ki, son zamanlar bu körpüyə çıxıb dərdlərini deməyə başlayanların, intihar etməyə çalışanların sayı artıb. Artıq bu körpünün adı “intihar körpüsü” kimi çəkilir.

Bu körpüdə intihara cəhd halları bu ilin yanvarından başladı. Burada intihara ilk cəhdi yanvarın 4-də 27 yaşlı Rəfael Hümbətov etmişdi. Özünü körpüdən atan gənc xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmamışdı.

Körpüdəki intiharlar da elə bu hadisədən sonra başladı. Elə Qarabağ qazisi Zaur Hüseynovun özünü yandıraraq intihar etməsindən sonra ölkədə başlayan alovlu intiharlar kimi. Bu hadisədən sonra da ölkədə özünü yandıraraq intihara cəhd edənlərin sayı artmışdı.

İndi isə intihara cəhdin “körpüyə çıxmaq” üsulu dəbə düşüb.

“İntihar körpüsü”ndəki intihar cəhdləri:

31 iyul – Yusif Əmirov

21 avqust – Fəqan Nəsibov

4 oktyabr – İlkin Abbasov

26 noyabr – Şəhriyar Şahmarov

28 noyabr – Nizami Musayev

2 dekabr – Zamiq İbrahimov.

Adlarını qeyd etdiyimiz şəxslərin hər biri intihar məqsədi ilə körpüyə çıxsa da sonradan bu niyyətlərindən çəkiniblər. Onlar FHN psixoloqları tərəfindən fikrindən daşındırılıb.

Qeyd edək ki, bu şəxslərin intihara cəhdlərinin səbəbi kredit borcları, işlə bağlı problemləri, ailə münaqişələri və digər sosial məsələlər idi.

İntihara cəhd edən şəxslərin niyə məhz bu yeri seçməsinin əsas səbəbi körpünün paytaxtın ən işlək və önəmli magistral yolunun üstündə olmasıdır. Bu yol bir neçə dəqiqəliyə bağlananda və ya orada hərəkət məhdudlaşdırılanda minlərlə maşın tıxacda qalır. Yolun bağlanması bütün ölkə gündəmini bir anda zəbt edir. Bir sözlə, özünə, öz probleminə ictimai diqqət çəkmək istəyən şəxslər məhz bu körpünü seçir. Probelmini dilə gətirir, sonra isə psixoloqlar tərəfindən fikrindən daşındırılır…

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button