Fakt

Rusiya sərhədində saxlanılan azərbaycanlılardan 7-si sərbəst buraxıldı

Rusiya-Azərbaycan sərhədində baş vermiş iğtişaşlar zamanı saxlanılan yeddi Azərbaycan vətəndaşı barəsində başlanan cinayət işlərinə xitam verilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin açıqlamasında bildirilir.

“2020-ci ilin 15 iyun tarixində Rusiya-Azərbaycan sərhədində baş verən iğtişaşlar zamanı Rusiya hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının 10 vətəndaşı – Ceyhun Namazov, Elbrus Əhmədov, Nahid Ağayev, Əziz Fərəczadə, Elmar Mehdiyev, Tural Qiyasov, Elmar Musayev, Ənvər Muradov, Rövşən Hüseynov, Emin İmaməliyev saxlanılmışdı. Üstündən keçən uzun müddət ərzində bu məsələni diqqət mərkəzində saxlayan səfirliyimizin əməkdaşları tərəfindən həm saxlanılanlarla, həm də Rusiyanın aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilib, səfirliyin səlahiyyətləri çərçivəsində vətəndaşlarımıza hərtərəfli yardım göstərilib. Bu barədə ictimaiyyətə məlumat verilib.

Bildiririk ki, saxlanılan vətəndaşlardan yeddi nəfər, yəni C.Namazov, E.Əhmədov, N.Ağayev, Ə.Fərəczadə, E.Mehdiyev, T.Qiyasov, E.Musayev barəsində cinayət işlərinə xitam verilib, onlar sərbəst buraxılıb”, – açıqlamada qeyd olunur.

Bununla yanaşı, saxlanılmış vətəndaşlarımızdan Ənvər Muradovun Dərbənd Rayon Məhkəməsinin qərarı ilə Rusiya Cinayət Məcəlləsinin (CM) 318.2-ci maddəsilə (hakimiyyət nümayəndəsinə və ya onun yaxınlarına qarşı vəzifə borcunun yerinə yetirilməsilə bağlı həyatı və ya səhhətinə təhlükəli olan zorakılıq) təqsirli bilinərək 1 il müddətinə həbs cəzasına məhkum edilib. Vəkilin verdiyi apellasiya şikayəti əsasında məsələ Dağıstan Ali Məhkəməsinə təqdim olunub.

Həmçinin Rövşən Hüseynov və Emin İmaməliyev adlı vətəndaşlar barəsində ittihamlar ilkin istintaq zamanı dəyişdirilərək Rusiya CM-in 318.2-ci maddəsinə tövsif olunub.

İttihamnamələr təqdim ediləndən sonra hər ikisinin cinayət işləri müvafiq olaraq 19 fevral və 5 mart tarixlərində mahiyyətə üzrə baxılmaq üçün Məhərrəmkənd Rayon Məhkəməsinə göndəriləcək. Hazırda həmin şəxslər ev dustaqlığındadır.

“Səfirlik bundan sonra da həmin məsələni diqqət mərkəzində saxlayaraq qarşıdakı məhkəmə iclaslarının təfsilatı barədə əlavə məlumat verəcək”, – açıqlamada qeyd olunur.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button