Fakt

\”Kristal-AA\” MTK-nın arxasında kim dayanır – Vətəndaş haqqını tələb edir, amma…

"Kristal-AA" MTK-nın arxasında kim dayanır - Vətəndaş haqqını tələb edir, amma...Bu gün paytaxtımızda gedən yenidənqurma işləri getdikcə daha da vüsətlənir. Şəhərimiz gündən-günə böyüyür, müasirləşir və gözəlləşir. Digər tərəfdən isə yenidənqurma işlərini sadəcə “qurma” işlərlə əvəz etməyə meyilli olan, ümumi proseslərin kölgəsinə sığınaraq öz ambisiyalarını təmin etməyə çalışan bəzi işbazlar inşaat sahəsində vətəndaşları bir çox problemlərlə üz-üzə qoymağa hələ də müyəssər ola bilirlər.

Bu mövzu artıq uzun müddətdir ki, ölkə mətbuatının gündəmindən düşmək bilmir. Səbəb isə bu sahədə mövcud problemlərin hələ də öz həllini tapa bilməməsidir. Xüsusilə son vaxtlar kütləvi informasiya vasitələrində bu və ya digər tikinti şirkəti tərəfindən müştərilərin aldadılması, alınmış pulların müqabilində mənzilin təqdim olunmaması, eyni bir mənzilin alqı-satqısı üzrə müqavilənin bir neçə vətəndaşla bağlanması faktlarınin müzakirəsinin intensivləşməsi də bu kimi halların artdığını göstərir. Qəzetimizin ötən saylarında biz də dəfələrlə bu mövzuya toxunaraq, redaksiyamıza daxil olan məlumatlar əsasında bir neçə tənqidi material dərc etmişik. Bu xüsusda aldığımız ən son məlumatlarda isə müxtəlif maxinasiyalarla bağlı yaranan qalmaqallarda adı hallanan şirkətlərdən birinin də Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Real” MTK olduğu göstərilir.

Bu xüsusda bir müddət əvvəl redaksiyamıza müraciət etmiş Bakı şəhər sakini, vətəndaş Mürsəl Nəsirov da “Kristal – AA” MTK-nın rəhbərliyi tərəfindən onun pulunun mənimsənildiyi barədə açıqlamalar təqdim etmişdi. Şikayətçinin təqdim etdiyi sənədlərə əsasən 26 avqust 2010-cu il tarixində “Kristal – AA” MTK ilə vətəndaş arasında payçılıq hüququnun verilməsinə dair müqavilə bağlanmışdır. Müqavilədə nəzərdə tutulub ki, Bakı şəhəri İcra Hakimiyyətinin 579 saylı, 22.11.2007-ci il tarixli sərəncamı ilə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsində xüsusi olaraq bu məqsədlə ayrılmış torpaq sahəsində inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisi payçıların vəsaitləri hesabına həyata keçirilir və bina tam hazır olduqdan sonra hər bir payçı bu binada, MTK-ya ödədiyi məbləğin həcminə uyğun mənzillə təmin olunacaq.

Daha sonra müqavilənin müvafiq bəndlərində belə bir məqam da qeyd olunur ki, əgər payçı hər hansı bir səbəbdən həyata keçirməli olduğu ödənişləri gecikdirərsə (dayandırarsa), yaxud da payçılıqdan imtina edərsə, bu zaman MTK mənzilin tam dəyərinin payçı tərəfindən ödənilmiş hissəsini mənzil satıldıqdan sonra ona qaytarır. Əlbətə ki, müqavilənin şərtlərinin ədalətli və mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını danmaq düz olmazdı. Lakin müqaviləni imzalamaq, hələ onun şərtlərinə əməl etmək demək deyil. Deyirlər ki, bir vaxtlar köhnə kişilər imzanı öz əllərinin davamı, yəni bədənlərinin bir parçası hesab edərdilər. Buna görə də imzalanmış sənəd özü-özlüyündə, heç bir əlavə təminat olmadan danışılmış şərtlərin əməl olunacağına ən yetərli zəmanət idi. Təəssüflər olsun ki, bu gün bir çox hallarda biz insanların notarial qaydada təsdiq olunmamış imzalarından belə imtina etdiklərinin şahidi oluruq. Mürsəl Nəsirovun təqdim etdiyi sənədlərdən də məlum olur ki, “Kristal – AA” MTK tərəfindən müqaviləni imzalayan səlahiyyətli şəxs MTK-nın sədri Ramiz Süleymanov olub. Müqavilə bağlandıqdan sonra vətəndaş MTK-nın hesabına ümumilikdə 24670 manat məbləğində pul ödəyib.

Bundan sonra müəyyən səbəblərdən Mürsəl Nəsirov nəzərdə tutulan mənzili almaqdan imtina etmək qərarına gəlib və bu barədə şirkət rəhbərliyinə məlumat verib. Qarşılıqlı razılaşma əsasında qərara alınıb ki, müqavilədə qeyd olunduğu kimi, şirkətə ödənilmiş məbləğ mənzil satıldıqdan sonra vətəndaşa qaytarılacaq. Lakin aradan bir müddət keçdikdən sonra, Mürsəl Nəsirov mənzilin artıq satıldığı barədə kənar mənbələrdən məlumat alıb. Şirkət rəhbərliyi isə vətəndaş özü onlara müraciət edənə qədər bu barədə ona xəbər verməyi lazım bilməyib. Amma son nəticədə müəyyən danışıqlardan sonra, şirkət rəhbərliyi 24670 manat məbləğin 20170 manatını keçmiş payçıya qaytarıb. Razılığa gəlinib ki, qalan 4500 manatı da Mürsəl Nəsirov bir müddət sonra geri alacaq. Lakin bu baş verənlərdən az sonra Ramiz Süleymanov MTK-nın sədrliyindən çıxıb. Buna görə də Mürsəl Nəsirov növbəti dəfə artıq birbaşa şirkətin sahibi olan Aydın Cəfərovla görüşüb. Hər dəfə müxtəlif bəhanələr gətirən şirkət sahibi isə hələ də keçmiş payçıya olan borcunu qaytarmaqdan yayınır…

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button