Fakt

Lombardlara üz tutanlar artıb

Lombardlara üz tutanlar artıb
Bir müddət lombardların fəaliyyəti ikinci plana keçmişdisə, son vaxtlar bu məntəqələr yenə dəbə minib.

ANS TV-nin məlumatına görə, son vaxtlar paytaxda lombarda müraciət edənlərin sayında artım müşahidə olumaqdadır. Təcili pula ehtiyacı olan və ya istədiyi işə sərmayə yatıranlar, bu borc məntəqələrinə müraciət edir. Məsələnin maraqlı tərəfi ondadır ki, banklardan alınan kreditlərin faiz dərəcələrinin lombardlara nisbətdə az olmasına baxmayaraq, əhali məhz bu mərkəzlərə üz tutmaqda davam edir.

Statistik məlumatlara görə, 2011-ci ildə Azərbaycanda təxminən 600 lombard fəaliyyət göstərirdisə, ötən ildən onların sayı iki dəfə artaraq 1200-ə çatıb. Lombardların təklif etdiyi xidmətlərdən istifadə edən insanların sayı da 2,5 dəfə artıb.

Onların kredit üzrə faiz dərəcəsi 36%-i üstələyib. Bu isə lombardların əhaliyə bahalı kreditlər təqdim etdiyinin əsas göstəricisidir.

Paytaxda fəaliyyət göstərən bir neçə lombarddan müraciətlərin sayında həqiqətən də artım müşahidə olunduğunu təsdiqləyiblər.

Mütəxəssislər yaranan bu vəziyyətin başlıca səbəbini bankların ötən ildən istehlak kreditlərinin verilmə prossesini ağırlaşdırmasında görürlər. Çünki artıq banklar problemli müştərilərlə və gecikən borclarla rastlaşmaq istəmirlər. O üzdən bazasında olan pulları qorumağı problemli müştəridən gələn gəlirindən üstün tuturlar.

Belə olan halda borc almaq istəyən insanlar da üz tutur lombardlara.

İkinci bir səbəb isə lombardlardan borc alan şəxslərdən iş yerindən arayışın tələb olunmamasıdır.

“Lombardların cəlbediciliyinin əsası şərtlərin yüngül olmasıdır. Məsələn, bir kimsə lombarddan ona lazım olan məbləğdə kredit götürmək istəyirsə, o şəxsin hardasa işləyib-işlməməsi vacib deyil. Sadəcə həmin şəxs girovu lombarda təqdim edir və qısa bir zamanda krediti əldə edir. Lombarddan fərqli olaraq bankdan kredit götürmək bir az zaman alır”, – deyə ekspert Samir Əliyev bildirib.

Onu da nəzərə almaq lazımdır ki, lombardlar Mərkəzi Bank və ya Maliyyə Nazirliyi qarşısında heç bir məsuliyyət daşımırlar. Bəzən elə hallar olur ki, onlar fəaliyyətini dayandırır və bu barədə müştərilərini məlumatlandırmırlar. Məhz bu səbəbdən bəzi lombard sahibləri özlərinə lazım olan zinət əşyalarını topladıqdan sonra ofisi bağlayır və başqa bir ərazidə məskunlaşırlar.

Bütün bunlardan isə müştərilərin xəbəri olmur və təbii olaraq, müştərilər onları artıq tapa bilmirlər. O üzdən mütəxəssislər bütün bu faktları nəzərə alaraq, ölkədə lombardların fəaliyyətinə nəzarət edən sistemin yaradılması üçün ciddi mexanizmin hazırlanmasını vacib sayırlar.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, lombardlar onlara verilən lisenziya əsasında fəaliyyət göstərir.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button