Fakt

Böyüklər uşaqların 2 milyonunu necə yeyib? – “Bağçalar BŞİH-nin tabeçiliyindən çıxarılmalıdır”

Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair auditin nəticəsini açıqlayıb. Məlum olub ki, Bakı bağçalarında 2 milyon manata qədər vəsait qanunsuz xərclənib.

Bununla bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki,  2011-ci ildə bağçalar Təhsil nazirliyindən alınıb icra hakimiyyətlərinə veriləndə mobilliyin, çevikliyin, maddi-texniki bazanın daha da yaxşılaşdırılması ən vacib məqam idi:

“Görünən odur ki, 10 il ərzində bu istiqamətdə heç bir iş görülməyib. Əksinə, bilirik ki, icra hakimiyyəti orqanlarında maliyyə yeyintiləri böyük həcmdədir və idarəetmə, maddi-texniki təminatla bağlı uşaq bağçalarında çox ciddi pozuntular var. Xüsusilə də uşaq bağçaları ictimaiyyətə açıq qurum deyil, burada ciddi şəkildə yeyintilərin olması normaldır. Təkcə yeyintilər maddi-texniki baza, lazım olan təchizatla əlaqəli deyil. Digər tərəfdən qeydiyyat elektron aparılmır, bağça rəhbərləri uşaq qəbul edəndə əsassız tələblər irəli sürürlər, müəyyən vəsait alandan sonra isə yer açırlar.

Bundan başqa dövlət büdcəsindən bağçada tərbiyə alan, iştirak edən hər bir uşaq üçün qida rasionu hazırlanır, amma təəssüf ki, bağçalarda monitorinq aparanda nizamnamədə və qanunvericilikdə nəzərdə tutulmuş həcmdə qidaların uşaqlara verilmədiyini görürük. Az qida verilir və ya ümumiyyətlə verilmir. Halbuki uşaqlar üçün müəyyənləşmiş menyuda kifayət qədər faydalı qidalar var – meyvəsindən tutmuş ətinə, südünə qədər. Buna baxmayaraq müvafiq qurumlar maliyyəni mənimsəyirlər və yekunda uşaqlar bütün günü bağçada ancaq şorba və ya evdən gətirdikləri yeməkləri yeyirlər. Bu da düzgün deyil. Bağçalara evdən, kənardan qida gətirilməməlidir”.

Müsahibimiz qeyd edib ki, hazırda bağçalarda şəffaflıq yoxdur: “Hesab edirəm ki, bağçalar ayrıca bir qurum yaradılaraq onun tabeliyinə verilməlidir. Həmin qurum da Təhsil nazirliyinə tabe olmalıdır. Necə ki,  diplomların tanınması ilə bağlı Keyfiyyət Təminatı Agentliyi, peşə təhsili ilə bağlı Peşə Təhsili Agentliyi var, eyni zamanda nazirliyə tabe Məktəbəqədər Uşaq Bağçaları İdarəsi yaradılmalıdır. Bütün bağçalar icra hakimiyyətlərindən alınaraq bu idarəyə tapşırılmalıdır. Çünki uşaq bağçaları əslində məktəbəqədər təhsil hesab olunur və təhsilin bir pilləsidir. Amma burda balans pozulub. Açıqlanan rəqəmlər ciddidir və bu hallar aradan qaldırılmalıdır”.

Qeyd edək ki, audit  01.01.2019-cu il tarixindən 01.01.2020-ci il tarixinədək dövrü əhatə etməklə, 2020-ci il 31 avqust tarixindən 30 sentyabr tarixinədək keçirilib.

Günay Rəsulqızı

Sfera.az

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button