Fakt

Mingəçevir Bələdiyyəsinin sabiq sədri məhkəmə qarşısında

Coşqun Abdullayev “sudan quru çıxa” biləcəkmi?

Sabiq sədrə cəmi bir maddə üzrə ittiham elan edilməsi narazılığa səbəb olub

Ölkənin 4-cü ən böyük şəhəri olan Mingəçevir Bələdiyyəsinin sabiq sədri Coşqun Abdullayevə cinayət işi açılıb. Onun bələdiyyə sədri vəzifəsində işlədiyi 2013-cü ildən 2020-ci il tarixədək olan müddətdə yol vermiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciətlər əsasında şəhər prokurorluğunda cinayət işi başlanaraq, istintaq aparılıb. İş üzrə toplanmış sübutlar əsasında C.Abdullayevə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işinin materiallarında iddia olunur ki, C.Abdullayev bələdiyyə sədri işlədiyi dövrdə bələdiyyə adından şəhər sakinlərinin istifadələrinə torpaq sahələrinin ayrılmasına dair saxta bələdiyyə qərarları tərtib edib. Həmçinin rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığına yol verib.

“SAVAŞ” xəbər verir ki, avqustun 23-də Mingəçevir Şəhər Məhkəməsində hakim Məhburə Kərimovanın sədrliyi ilə hazırlıq iclası baş tutub. Növbəti proses avqustun 31-nə təyin olunub. Məhkəmə prosesində Mingəçevir Bələdiyyəsi zərərçəkmiş qismində çıxış edir.

Xatırladaq ki, sözügedən əməli törədən şəxslər iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məlumat üçün bildirək ki, Coşqun Abdullayev 1999-2019-cu illərdə Mingəçevir Bələdiyyəsinin üzvü, bələdiyyə yarandığı vaxtdan 2013-cü ilədək isə Torpaq komissiyasıın sədri olub. 2013-2019-cu illərdə – 6 il bələdiyyəyə rəhbərlik edib. C.Abdullayev hələ vəzifə başında olarkən onunla bağlı mətbuatda kifayət qədər yazılar gedib. Hətta bələdiyyə üzvləri bir neçə dəfə onun sədr postundan istefa verməsi üçün çalışsalar da, buna nail ola bilməyiblər. Görünür, hansısa maraqlı qüvvələr israrla C.Abdullayevin bələdiyyə sədri postunda qalmasında maraqlı olub. Amma himayədarları onu sonadək qoruya bilmədilər və o, 2019-cu ilin bələdiyyə seçkilərində namizədliyini irəli sürmədi.

Əldə etdiyimiz məlumatlara görə, Mingəçevir prokurorluğunda cinayət işinin istintaqı şəhər prokurorunun böyük köməkçisi Rəmzi Lalayev tərəfindən aparılıb. Mingəçevir Bələdiyyəsindən bildirilib ki, sabiq sədrin əməlləriylə bağlı prokurorluğa 88 fakt təqdim olunub. Lakin ibtidai istintaq zamanı nədənsə fərdi qaydada yanaşılmalı olan bu faktların çoxunun üzərindən keçilib. C.Abdullayev sələfi Cavanşir Yusubov (hazırda YAP şəhər təşkilatının sədridir – A.) tərəfindən imzalanmış onlarla qərarın məzmununa bilərəkdən yalan məlumatlar daxil edərək xeyli sayda bələdiyyə torpaqlarını saxta sənədlər əsasında vətəndaşların (şəhər sakinləri Əli Hüseynovun, İslam Bayramovun, Əlviz Cəfərəovun, Azər Nəsirovun, Türyan Həsənovun və başqalarının) icarəsinə verilməsinə dair təkbaşına qərarlar qəbul edib. Onsuz da acınacaqlı durumda olan bələdiyyəyə vurulan ziyan ölçüyəgəlməzdir.

Keçmiş bələdiyyə sədrinə Cinayət Məcəlləsinin 178 (dələduzluq), 179 (mənimsəmə), 313 (Vəzifə saxtakarlığı) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülməsi üçün yetərincə fakt və əsas olduğu halda ona cəmi bir maddə – CM-nin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham elan edilib.

Baş verən qanunsuzluqlarda, maliyyə pozuntularında əsas məsuliyyət C.Abdullayevin üzərinə düşsə də, görünən odur ki, sabiq sədr tək olmayıb, ona bu işlərdə kömək edən(lər) olub. Lakin nədənsə həmin şəxs(lər) istintaqdan kənarda qalıb(lar).

Mövzunu diqqətdə saxlayacağıq.

Azər

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button