Fakt

Misir Mərdanovun qardaşının adı sabiq hakimin məhkəməsində

Misir Mərdanovun qardaşının adı sabiq hakimin məhkəməsindəDələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, habelə Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilib.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən əməkdaşı xəbər verir ki, hakim Mübariz Məmmədovun sədrlik etdiyi prosesdə bu gün iş üzrə zərərçəkənlərdən biri Əmiraslan Mustafayev ifadə verdi. Qeyd edək ki, Ə.Mustafayev bu iş üzrə məhkəmə prosesində ilk dəfə idi ifadə verirdi.

Ə.Mustafayevin sözlərinə görə, oğlu Qurban Mustafayev Xəzər Universitetində təhsil alıb və o, oğlunu dövlət ali məktəblərinin birinə köçürmək istəyib: “Oğlum Qurban Mustafayev isə Elman Məmmədovla tanış idi. Elman Məmmədov Qurbanı dövlət ali məktəblərinin birinə köçürə biləcəyini deyib. Bunun üçün Elmana 6 min manat verdik. Elman Məmmədov Qurbanı hətta keçmiş təhsil naziri Misir Mərdanovun qardaşı İlham Mərdanovla da tanış etmişdi. Rabitə Nazirliyində çalışan İlham Mərdanov da köçürülməyə köməklik edəcəyinə söz veribmiş”.

Elman Məmmədov isə zərərçəkənin bu ifadəsi ilə razılaşmadı. O, Qurban Məmmədovdan pul almadığını da dedi.

Bundan sonra sabiq hakim Həsən Əliyev ifadə verdi. Həsən Əliyev dedi ki, o, məhkəmədə zərərçəkən qismində iştirak edən Ramazan Səlimovdan pul almayıb.

Bununla da prosesdə fasilə elan olundu.

Xatırladaq ki, istintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Bu işin müqabilində Ramazan Səlimovdan 1 milyon dollar (800 min manat) istənilib.

İş materiallarından belə aydın olur ki, pulun böyük hissəsi əvvəlcədən verilib.

Belə ki, Həsən Əliyev R.Səlimovdan 2011 və 2012-ci illərdə hər dəfə 300 min olmaqla iki dəfəyə ümumilikdə 600 min manat pul alıb. Bildirilib ki, qalan 200 min manat da sərəncam imzalanandan sonra verilməlidir. R.Səlimov xeyli müddət gözləyib və nəhayət, ötən ilin martında Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinə şikayət edib.

Həmin şikayətdən sonra Həsən Əliyev 600 min manatın 250 min manatını ona qaytarıb.

Qeyd edək ki, iş materialları arasında Həsən Əliyevə hər dəfə 300 min manat olmaqla iki dəfə pul verildiyini sübut edən faktlar var. Bunların birində hakim özü Ramazan Səlimovdan 300 min manat aldığını yazıb. Digər sənəd isə notarial qaydada təsdiqlənmiş borc müqaviləsidir. Orada Ramazan Səlimovun Həsən Əliyevə 300 min manat borc verdiyi göstərilib.

2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bu ilin fevral ayında xitam verilib.

Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button